Araik İrəvandan Xankəndiyə necə gedib? – Deputatdan cavab

7 Baxış

“O ərazilərdən rus sülhməramlılarının icazəsi, razılığı və köməyi olmadan heç kəs, heç yana çıxa bilməz. Bu qeyri-mümkündür. Xankəndidən birbaşa Şuşaya gəlib, bu yola çıxmaq əvəzinə Qarqar çayının kənarı ilə gəlib keçmək və yaxud da Kərkicahan istiqamətindən çıxıb dağdan aşıb digər yola çıxmaq ehtimalları var. Amma ən sonda gəlib Şuşadan sərhəddə yeni çəkilmiş yola çıxılmalıdırlar. Həmin ərazilər də bu gün rus hərbi kontingentinin nəzarətindədir”.

Turanmedia.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib

O qeyd edib ki, özünü qondarma rejimin rəhbəri hesab edən cinayətkar Araik Arutunyan Fransaya getmişdi: “Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyası başlandı, sülhməramlılar yolu bağladı. İndi açıq bir sual qalır ki, həmin o terrorçu Xankəndiyə necə, hansı yollarla keçib? Əgər rus hərbi kontingenti orada xəyanətlə satqınlıqla məşğul deyilsə, Ruben Vardanyan kimi caninin pulu ilə hərəkət etmirlərsə, Arutunyanın Xankəndiyə necə keçməsi aydınlaşmalıdır. Hava yolu ilə bu mümkün deyil. Xankəndiyə gələsi helikopter də yoxdur. Deməli, Arutunyanı rus hərbi kontingentinin yük maşınları hümanitar yardım adı altında Xankəndiyə keçirib. Çünki humanitar yüklərin keçidi orada maneəsizdir, maşınların üzəri çadırlarla bağlı olduğu üçün kim bilir ki, onlar nə daşıyırlar? Onların kimi apardığı, hansı yükləri daşıdığı aydınlaşmalıdır”.

Deputat hesab edir ki, Azərbaycan ictimaiyyəti haqlı olaraq hələ ki burada ekoloji terror, təbii sərvətlərimizin talanması məsələsini qoyub:

“Amma zaman etibarı ilə bu tələblər sərtləşməlidir. Bu da ilk növbədə Azərbaycan-Ermənistan sərhədində dövlətimizin sərhəd buraxılış məntəqəsi, gömrük postu qoyulmalıdır. Dövlət Yol Polisi həmin yolda monitorinq aparmalıdır. Çünki bura bizim ərazimizdir. Azərbaycanın bütün ərazilərində bütün dövlət xidmətləri olduğu kimi burada da inzibatı strukturlar formalaşmalıdır”.

Elman Məmmədov 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda Laçın yolunda rus hərbi kontingentinin hərəkətin təhlükəsizliyini təmin etmək üçün gəldiyini qeyd edib: “Amma rus hərbiçilərinin Azərbaycan-Ermənistan sərhəd xəttində sərhədçi, gömrükçü gəldiyi yazılmayıb. Onlar hətta Qarabağda öz postlarını qurub mümkün nəzarəti həyata keçirirlər. Bu məsələlər üçtərəfli bəyanatda yer almayıb. Ancaq rus hərbçiləri gəldikləri gündən separatçılarla əməkdaşlıq edib onları himayə ediblər. Onlar elə Arutunyanı da həmin hümanitar maşın kolonlarında Xankəndiyə keçiriblər. Yoxsa indi o İrəvan küçələrində gəzirdi”.