Vətəndaşlarla nəzakətli davranın – Vilayət Eyvazovdan tələb

10 Baxış

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Turanmedia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən TNS-ə verilən xəbərə görə, tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən müsbət nəticələrdə Alayın şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb. Bununla belə nazir xidmətdə müəyyən nöqsan və çatışmazlıqların da mövcudluğunu qeyd edərək, onların tezliklə aradan qaldırılmasını tələb edib.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə çıxış edərək görülən işlərin nəticələri ilə bağlı məruzə edib.

Müşavirəyə yekun vuran daxili işlər naziri xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyinin tapşırığına əsasən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb.

Polisin insanların güvən yeri olduğunu vurğulayan nazir V.Eyvazov hər bir əməkdaşın qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasını, onların həyati problemlərinin həllinə yardımçı olmasnı, müraciətlərinə həssaslıqla yanaşmasını, habelə, vətəndaşlarla ünsiyyətdə nəzakətli davranmalarını tələb edib. O, əmin olduğunu bildirib ki, Alayın şəxsi heyəti qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.