Külək Cəfər Cabbarlının ev-muzeyinin damını uçurdu

10 Baxış

Güclü külək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyünü uçurub.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü günün ikinci yarısında baş verib.

Dam örtüyü ilə yanaşı muzeyə gələn elektrik xətləri də qırılıb.

Muzeyin direktoru Həcər Rəsulova bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Muzeyə elektrik enerjisinin verilişi bərpa olunsa da, dam örtüyünün bərpası işlərinə hələ başlanılmayıb. Yağıntılı hava olarsa, muzey binasına və burada qorunan eksponatlara ciddi ziyan dəyə bilər.

Qeyd edək ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub. Bu muzey Cəfər Cabbarlının 2 yaşına kimi yaşadığı evin əsasında yaradılıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri təşkil edir. Muzeydə ümumilikdə 520 eksponat saxlanılır. Diqqətçəkən eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.