Viran qoyulmuş “Qəhrəmanlı-S” – Talıbovun tələbləri ilə razılaşmayan sahibkar görün nə günə salınıb

14 Baxış

Vasif Talıbovun Naxçıvana rəhbətlik etdiyi dövrdə sahibkarlara divan tutulduğu, onların əmlaklarının əllərindən alınıb müflisləşdirildiyi ilə bağlı yüzlərlə fakt var. Bu gün yaradılmış şəraitədən istifadə edən sahibkarlar başlarına açılan oyunlar barədə mediaya açıqlamalar verir, tapdalanmış hüquqlarının bərpası ilə bağlı ölkə başçısından kömək istəyirlər.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Naxçıvanda əmlakı əlindən alınaraq müflisləşdirilmiş sahiblklarlardan biri də “Qəhrəmanlı-S” şirkətinin rəhbəri Sədrəddin Qəhrəmanlıdır.

13 il öncə fəaliyyətini dayandırmağa məcbur edilən sahibkar Sədrəddin Qəhrəmanlı hüquqlarının tapdalandığını iddia edir.

Babək rayonunun Şəkərabad kəndi ərazisində yerləşən “Qəhrəmanlı S” müəssisəsi 2010-cu ildə məhkəmə qərarı ilə möhürlənərək fəaliyyəti dayandırılıb. Müəssisənin sahibkarı Sədrəddin Qəhrəmanlı 13 il sonra möhürü qopararaq yenidən öz mülkiyyətində olan əraziyə daxil olub. Lakin ərazidə müəssisədən əsər-əlamət qalmayıb.

Sahibkar iddia edir ki, onun mülkiyyətində olan 1700 kvadratmetrə yaxın bu obyekt əvvəlki iqtisadiyyat naziri Famil Seyidovun (F.Seyidovun məsələ ilə bağlı mövqeyini təqdim etməyə hazırıq) göstərişi ilə əlindən alınaraq fəaliyyətinə icazə verilməyib. Buna səbəb gəlirin 20 faizinin ondan tələb etmələri ilə razılaşmamasıdır.

Müəssisədə yüz minlərlə qiyməti olan Türkiyə istehsalı avadanlıqlar quraşdırılıb. Lakin 13 il müddət ərzində baxımsız və nəzarətsiz qalan müəssisədə avadanlıqların bir çox hissəsi oğurlanaraq yararsız hala düşüb.

Gündəlik 7 tona yaxın tomat pastası istehsal edən müəssisədə bir neçə adda müxtəlif meyvə şirələri istehsal edilirdi.

Onun kimi yüzlərlə sahibkarın bu cür təzyiqlərə məruz qaldığını iddia edən Sədrəddin Qəhrəmanlı onu da bildirib ki, Culfa rayonunun Gülüstan kəndində fəaliyyət göstərən digər müəssisə də ona məxsus olub. “Gülüstan” əmtəə nişanı ilə meyvə şirələri istehsal edən həmin müəssisə də heç bir əsas olmadan onun əlindən alınıb. Nədi ki, bu cür məhsulların istehsalını öz əlində cəmləyən “Badamlı” bazarda tək olsun, heç kəs onu sıxışdıra bilməsin.

Ötən illərdə hüququnun tapdanması ucbatından çətin vəziyyətə düşən və sağlamlığını itirən Sədrəddin Qəhrəmanlının tək gözləntisi isə odur ki, onun kimi təzyiqlərə məruz qalan sahibkarların hüququ bərpa olunsun. O, Naxçıvanda Prezidentimizin yaratdığı səlahiyyətli nümayəndəlik institutunun muxtar respublilkada azad sahibkarlıq mühitinin yaradılması istiqamətində ilkin fəaliyyətini də təqdir edib. Gömrük və təhlükəsizlik orqanlarındakı dəyişikliklər və işlərin yeni tələblər səviyyəsində qurulması da sahibkarların incidilməsinin qarşısını xeyli alıb. Bildirib ki, sahibkar və vətəndaşlarla görüşlər, onların illərdir yığılıb qalmış problemlərinin həlli istiqamətindəki işlər bütün sahibkarlarda gələcəyə inam yaradır.

TNS Naxçıvan televiziyasının Sədrəddin Qəhrəmanlının müəssisəsinin necə bağlatdırılması, sahibkarın müflisləşdirilməsi ilə bağlı hazırladığı videomaterialı təqdim edir.