Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

15 erməni əsgər azərbaycanlının tövləsində külə döndü

60 Baxış

15 erməni əsgər Dədə Ələsgərin kəndində, Göyçə mahalının məşhur Ağkilsə köyündə yerləşən hərbi hissədə yanaraq ölüb.

“Hərbi hissə” deyəndə çox dəbdəbəli səslənir. Video və fotolarına baxın: ora hərbi hissə deyil, şəxsi evin ətraf tikililəridir, ola bilsin ki, tövləsidir! Yəqin zabitlər evin özündə qalır, tövlələrdə də əsgərləri yerləşdiriblər.

Aşıq Ələsgərin viran qoyulan yurdunda ermənilər demək olar ki, yaşamır – əks halda hərbi hissə kəndin içində yerləşməzdi. Bu isə o deməkdir ki, ermənilərin “hərbi hissəyə” çevirdikləri və bu gecə yanıb öldükləri ev və həyət-baca, tövlə, dam hansısa azərbaycanlının mülküdür – evindən, yurdundan, ocağından qovulan azərbaycanlının.

Görəsən, o azərbaycanlı sağ-salamat Azərbaycana gəlib çıxa bilənlərdəndirmi? Yoxsa qətlə yetirilib?

Görəsən, bu gün 15 erməni əsgərin diri-diri yanıb kül olduğu, 7 erməninin isə ağır vəziyyətdə yaralandığı ev-eşik, tövlə nələrə şahidlik edib? Bu ev, bu ocaqda ermənilər azərbaycanlılara – bu evin sahibinə nələr yaşadıblar? Hansı işgəncələr veriblər?

Ya bəlkə də işgəncə olmayıb – hər halda, yurdundan qovulan azərbaycanlının ölüncə gözü tikib-qurduğu ev-eşiyinin dalıyca olub.

Bu halallığı verilməyən ev özü öz qisasınımı aldı, yoxsa azərbaycanlının gecə-gündüz demədən yurd həsrəti ilə tökdüyü göz yaşı, ah-naləsinin nəticəsidir – bunu Haqq bilər.

Amma cəmi 2 il öncənin Böyük Döyüşü var, onunla bağlı xatirələr var: 44 günlük savaşın şahidləri elə sirli hadisələr danışırdılar ki!

Məsələn:

– öndə gedən əsgərlər deyirlər, sanki bizdən öncə gözəgörünməz qüvvə gedirdi, “təmizlik” aparırdı;

– erməni gülləbaranı altında bir addım da ata bilməyəndə qəfil qatı duman gəlirdi, rahatca mövqe seçirdik;

– yuxu tuturdu, yuxuda hansısa tanımadığımız adam bizi silkələyib ayıldırdı, baxırdıq ki, düşmən yaxınlaşır…

Qəribə bir mistikadır: sanki 44 gündə bizimlə birgə o torpaqlar üçün ölənlərimizin ruhları, elə o torpaqların özü, havası, dumanı-çəni, qarı-soyuğu, yağışı-şaxtası – bütün təbiəti vuruşurdu.

Sanki bizimlə birgə dağıdılan yurd yerlərimizin “əyələri” addımlayırdı…

…Xatırlayıram, Spitak zəlzələsində dağıntılar altında qalan insanları tapmaq üçün Fransadan itlər gətirilmişdi, həmin itlər magistral boruların içindən insan cəsədləri tapmışdılar. Rəqəmi də xatırlayıram: 28 nəfər qoca, qadın, uşaq…

Bu azərbaycanlıları borunun içinə doldurub, hər iki tərəfdən qaynaqlamışdılar, insanlar diri-diri, ah-nalələri ərşə bülənd ola-ola ölmüşdülər.

Bu fakt aşkarlananda böyük qalmaqal yaşandı və ermənilər tez-tələsik Fransa xilasedicilərini Ermənistandan çıxartdılar. Niyə görəsən? O itlərin daha nələri tapacaqlarından qorxurdular?

Karmadır – nə göndərirsənsə, kosmosdan onu da qəbul edirsən. Ermənilər qətliamlar, vəhşiliklər göndərib – illər sonra qəbul edirlər.

İllər sonra əlimiz-ünümüz çatmayan yurd yerlərimiz – viran qoyulan, dağıdılan, mənimsənilən ocaqlarımız qisas alırmı?

Bilmirəm!

Ona əminəm ki, yurdundan qovulanlar ocağını, ev-eşiyini “Allaha əmanət” qoyub çıxıblar.

Allah ona əmanət ediləni mütləq amanında saxlar, bir gün isə mütləq sahibinə qaytarar…

O günün nə vaxt gələcəyini də Allah bilər!

Yetər ki, biz Ona, Onun bizə nəsib etdiyi yurdun, ocağın müqəddəsliyinə və dönəcəyimizə inanaq.

Vallah, o kəndlər bizimdir – gedə bilməsək də!

Bir gün gedəcəyik… /axar.az/


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678