Kollecdə maarifləndirici tədbir.
Turanmedia.az xəbər verir ki, Mingəçevir Turizm Kollecində (MTK) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər polis şöbəsinin əməkdaşları, kollecin inzibati heyət üzvləri və tələbələr iştirak ediblər. Əvvəlcə Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların ruhu bir dəqiqləlik sükutla yad olunub.Xəsarət alanlara şəfalar arzulayıblar.
Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyıb.Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir.
Öncə kollecin direktoru Kamal Əhmədov məktəb haqqında ümumi məlumat verib.
Görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu və respublikamızda, o cümlədən Mingəçevir şəhərində də narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Polis rəisi həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Emir Cavadov “Narkomaniya”, Qoşqar Əhmədli “Dini ekstremizm və radikalizm”, Ruzi Həsənov “Erkən nikah və onun fəsadları”, Azər Həsənov “Yol hərəkətinin təhlükəsizliyi”, Rəşad Əhmədov “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularında çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Esmira Hidayətova,Mingəçevir.