Bir qrup Naxçıvan sakini Fövqəladə Halla Nazirliyinin qarşısında aksiya keçirib – FOTO
Bir qrup Naxçıvan sakini muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin qarşısında aksiya keçirib.
Turanmedia.az xəbər verir ki, bu barədə TNS-ə aksiya iştirakçıları məlumat verib.
Onlar qanunsuz şəkildə işdən azad olunmaqlarına etiraz edirlər.
Aksiya iştirakçısı Xəyal Hüseyov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbərliyi onları qanunsuz şəkildə tutduqları vəzifədən azad edib. Xidməti uyğunsuzluqla işdən azad edildiklərindən indi heç yerdə iş tapa bilmirlər.
Onun sözlərinə görə, müvafiq dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin əməkdaşı Elşən Bayraməliyev TNS-ə bildirib ki, aksiya keçirənlərin qanunsuz şəkildə işdən azad edilməsi həqiqətə uyğun deyil. Nazirlik rəsmisi deyib ki, onlar 2012-ci ildə 3 il müddətinə xidmətə qəbul olunublar. Üç ildən sonra müqavilə yenilənib. Həmin şəxslər yeni müqavilənin müddəti başa çatmamış işdən çıxmaq qərarı veriblər. Ona görə də onlar “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin e bəndi ilə işdən çıxarılıblar.
Elşən Bayraməliyev muxtar respublikanın yeni fövqəladə hallar nazirinin həmin şəxsləri qəbul etdiyini, qanunun tələblərinin onlara izah olunduğunu bildirib.
Qeyd edək ki, Naxçıvanın əvvəlki fövqəladə hallar naziri Şamı Abdullayev idi. Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra Şamı Abdullayev vəzifəsindən azad edilib, onun yerinə Şahin Mirzəyev təyin olunub.