Azərbaycanın 100 könüllü gənci Naxçıvandan Türkiyəyə yardıma yollandı
Qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələdən zərər çəkən Türkiyə xalqına yardım məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək aksiyasına Azərbaycanın könüllü gəncləri də qoşulublar. Azərbayan Könüllü Təşkilatları İttıfaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyuk Qayıdış Könüllüləri”, “Ekokönüllüləri”ndən ibarət heyət Türkiyəyə getmək üçün bu gecə təyyarə ilə Naxçıvana gəlib.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, muxtar respublikada onlara Naxçıvan könüllüləri də qoşulub.
Azərbayan Könüllü Təşkilatları İttıfaqının Baş katibi Vüqar Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, dəstəyə təcrübəli və çətin şəraitdə fəaliyyət göstərmək üçün xüsusi hazırlıq keçən və təlimatlandırılan gənclər daxildir.
“Könüllülərimizin bu sahə üzrə təcrübələri var, ixtisasları da nəzərə alınıb. Könüllülərimizin təbii fəlakət bölgəsində əsas işi zərər çəkmiş insanlara humanitar yardımın paylanılması, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək etmək, eləcə də heyətdə təmsil olunan mütəxəssislər tərəfindən ehtiyacı olanlara mənəvi-psixoloji dəstəyin göstərilməsi olacaq”,- Vüqar Əliyev bildirib.
“Aydın məsələdir ki, orada hazırda qalınacaq yerlər hələ yoxdur və könüllülərin orada qalması üçün və digər şəraitlərinin təmin olunması ilə bağlı hansı işlər görülüb?” sualına Vüqar Əliyev cavab verib: “Təbii ki, bununla bağlı da proses getməkdədir, biz orada yaranacaq hər bir vəziyyətə hazırıq. Əsas məqsədimiz türkiyəli həmkarlarımızla birgə zəlzələnin baş verdiyi bölgələrdə təbii fəlakətdən zərər çəkən qardaşlarımıza dəstək olmaqdır”.
100 nəfər gənc könüllüdən ibarət heyət Naxçıvandan qardaş Türkiyə Respublikasına yola salınıb. Azərbayan Könüllü Təşkilatları İttıfaqı tərəfindən toplanan humanitar yardım da zəlzələ bölgəsinə göndərilib.