Hədələmişdi ki, harda əlinə keçsəm “dərsimi verəcək” – Sabiq nazirlərin konflikti

9 Baxış

“Dünən haradasa oxudum ki, 26 fevral həm də AXC hakimiyyətinin daxili işlər naziri İsgəndər Həmidovun vəfat günü imiş. Allah rəhmət eləsin. İsgəndər Həmidovla heç zaman üzbəsurət görüşmədik. Amma illər öncə aramızda bir konflikt yaşanmışdı”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev deyib. O, sabiq daxili işlər naziri İsgəndər Həmidovla aralarında yaranmış konflikt barədə geniş açıqlama da verib:

“1992-ci ildə AMİP-in yayın orqanı olan “Millət” qəzetinin baş redaktoru idim. Təbii ki, AXC hakimiyyətinə müxalif mövqedə dayanırdıq. Yadımdadır, Xanım Əhmədova adlı kapitan rütbəli bir zabit qadın redaksiyaya daxili işlər naziri əleyhinə açıq imza ilə ittiham dolu məqalələr gətirirdi. Hər sözünün arxasında dayandığını, onu TV-də debata çağırdığını deyirdi. Bu amili nəzərə alıb yazılarını çap edirdik. Təbii ki, belə “özbaşınalıq” İsgəndər Həmidovun xoşuna gələ bilməzdi. Sonda mərhum “Müxalifət” qəzeti vasitəsi ilə məni hədələdi, haqqımda xoşagəlməz ifadələr işlətdi. Mən də “Millət” qəzetində ona çox sərt cavab verdim.

Yazı çıxandan bir neçə gün sonra redaksiyaya gələndə hamını qorxmuş və pəjmürdə vəziyyətdə gördüm. Əməkdaşımız Azər Hüseynov (“Bakı-Baku” qəzetinin keçmiş müxbiri) İsgəndər Həmidovun iki nəfər polislə gəlib məni axtardığını, harada əlinə keçsəm “dərsimi verəcəyini” dediyini xəbər verdi. Təbii ki, narahat oldum. Ayrı nə edə bilərdim? Belə hallarda polisə şikayət edirlər. Məni təqib edən isə polis şefinin özü idi. Hadisələrin gedişini gözləməkdən başqa çıxış yolum yox idi. Amma aradan günlər keçsə də, heç kimin mənimlə işi olmadı. Başa düşdüm ki, impulsiv xarakterə malik İsgəndər Həmidov anidən hirslənmiş, məni tapmaq üçün durub redaksiyaya gəlmiş, sonra isə çox da dərinə getməmişdi.

Bu “düşmənçilik” xoş sonluqla qurtardı. AMİP funksioneri Nadir Bədəlovla Aran rayonlarının birində partiyanın yerli təşkilatının təsis konfransını keçirirdik. Zal dolu idi. İclasın ortasında polkovnik-leytenant rütbəli bir polis zabiti heç kimə məhəl qoymadan səhnəyə qalxdı, oturduğumuz masaya yaxınlaşıb qulağıma “İclas qurtaranda gözləyin. Bir yerdə gedəcəyik”, – dedi və eyni saymazyana əda ilə qayıdıb yerində oturdu. “Bu da son!” – deyə düşündün. Əmrin “yuxarıdan” gəldiyinə və həbs ediləcəyimə şübhəm qalmamışdı. Nadir nə olduğunu soruşdu. “Deyəsən, İsgəndərin yadına düşmüşəm”, – dedim:

“Bəlkə bəyə (yəni Etibar Məmmədova) zəng eləyək?”. Razı olmadım: “Hələ gözləyək, görək axırı necə qurtarır”.

Onu da deyim ki, görmə yaddaşım çox zəifdir. Adları, rəqəmləri asanlıqla yadda saxlasam da, adamların üzünü tez unuduram. Bu da ara-sıra xoşagəlməz vəziyyətə düşməyimə səbəb olur. Eyni ssenari təkrarlanmışdı.

İclas qurtaran kimi polis zabiti başının dəstəsi ilə yaxınlaşdı. Üzünü mənə tutub “Əə, qardaş, deyəsən məni tanımadın?”, – deyə soruşdu. Müraciət forması xoşuma gəlmədiyindən bir az da əsəbi halda “Tanımadım”- dedim. Özünü nişan verdi. Sən demə aspirantlıq dövründə mərhum aspirant həmkarım, həmyerlisi Zaman Əsgərlinin yanına gəlib-gedirmiş. Bir neçə dəfə bizə qonaqlıq da veribmiş.

Amma məni də qınamalı deyildi. Aradan 12-13 il keçmişdi. Qardaş bu illər ərzində kökəlmişdi, bığ saxlayırdı. Üstəlik polis forması onu tamam dəyişmişdi.

Beləcə, İsgəndər Həmidovdan gözlədiyim zərbə əməkdaşının şərəfimə verdiyi qonaqlıqla başa çatdı. Süleyman Dəmirəl demiş, demokrasidə çarə tükənməz…”.(modern.az)