Deputat: “Qəbiristanlıqlarda monitorinq də aparmışam, pensiya yaşı azaldılmalıdır”

6 Baxış

“Qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olsun. Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük”.

Turanmedia.az “ölkə.az”-a istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı deyib.

“Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir”, – o qeyd edib.

O əlavə edib ki, ayda onlarla yas məclislərində olur: “Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq.

Bu səbəbdən, Ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq.

İkinci bir təklifim də var. Bütün dünyada sahibkarların hüquqlarını müdafiə edən biznes ombudsmanı da var. İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Sahibkarlıq fəaliyəti və problemləri üzrə Parlamentdə ictimai dinləmənin keçirilməsini təklif edirəm”.