Qadınlar Günü münasibətilə Mingəçevirdə şəhid ailələri ilə görüş keçirilib

54 Baxış

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və həyat yoldaşları ilə görüşüb.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözləri ilə açan Təhsil İdarəsinin müdiri Elçin Kərimov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını və həyat yoldaşlarını təbrik edib və ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək onların hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.
Həmçinin tədbirdə çıxış edənlər Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda minlərlə vətənpərvər gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyiblər. Eyni zamanda tarixi Qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, iradəsi, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edildiyi vurğulanaraq belə vətənpərvər, mərd və şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə öz təşəkkürünü bildiriblər.
Sonda şəhid ailələri onlara belə əziz gündə diqqət və qayğı göstərildiyinə görə öz minnətdarlıqlarını qeyd ediblər.

Esmira Hidayətova,Mingəçevir