Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident və xanımı Neftçalada…

51 Baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ərazisi 4 hektar olan Kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və kiqboksinq, rəqs, şahmat və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.

Ərazidə 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək. Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulub. Mehmanxana korpusunun foyesində restoran və kafe də fəaliyyət göstərəcək. Eyni zamanda, kompleksdə əlavə olaraq 68 nəfərlik restoran rayon sakinlərinin və qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılıb.

Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.

Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yolların layihəsi də təqdim olunub.

Qeyd edilib ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir.

Yolun 8,5 kilometr uzunluğunda Həsənabad–Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihənin icrası 38 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.

Bildirilib ki, S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib və özəlləşdirilənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub və yeni hovuzlar quraşdırılıb. Həmçinin yeni idarə binası, yeməkxana və “Qonaq evi” binası müasir səviyyədə inşa olunub, su təchizatı sistemi yenilənib, ərazi abadlaşdırılıb.

Diqqətə çatdırılıb ki, investisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatının yaradılmasına nail olunub.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, işçilərin ümumi sayı 115 nəfərə çatdırılıb. Onların orta aylıq əməkhaqqı 600 manat təşkil edir.

Vurğulanıb ki, hazırda müəssisə tam özəl sahibkarlıq subyekti olduğundan “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı adlanır. Müəssisə 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir.

Əsas təsərrüfat Neftçala rayonunun Yenikənd kəndində yerləşir və ümumi sahəsi 58,6 hektar təşkil edir. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, o cümlədən sudurulducu sistemlərdən ibarətdir.

Hollandiyanın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün 34 nohurun ümumi sahəsi 34 hektardır.

Təsərrüfatın “Dəniz sahili bölməsi”nin ümumi sahəsi 8 hektardır və Xəzər dənizinin sahilində, Nord-Ost qoltuq istiqamətində yerləşir. Təbii mühit şəraitinə uyğunluğu təmin etmək məqsədilə bu bölmə dəniz suyu ilə təchiz olunan və diametri 6 metr olan 12, diametri 9 metr olan 16 və diametri 20 metr olan 32 hovuzdan ibarətdir. Hazırda bu hovuzlarda müxtəlif yaş qruplarına aid ümumi kütləsi 61,7 ton olan nərə cinsli 18 min 400 balıq yetişdirilir.

Qeyd edilib ki, təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq əti, 100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.

Bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə 1 milyon ədəd nərəcinsli balıq körpəsinin artırılaraq, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer alıb.

“Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosial yönümlü tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub və bu tədbirlərin bir hissəsi artıq yerinə yetirilib. Belə ki, Yenikənd kəndi və Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq və qaz təminatı bərpa edilib.

Təsərrüfatın yenidən qurulması zamanı bütün texniki-bioloji normativlərə və qaydalara riayət olunub. Mövcud yerli və beynəlxalq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi üçün Ətraf mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi və Texniki-Bioloji Əsaslandırılma hazırlanıb, istehsal və satış üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İSO- 22000” və “Halallıq” beynəlxalq sertifikatları alınıb.

Eyni zamanda, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (CİTES) katibliyinin icazə kodu alınıb.

Qeyd edək ki, 2022-ci ildə təsərrüfatda ümumilikdə 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib.

Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678