Emin Əmrullayevin demədiyi problemlər necə həll olunacaq? – Bu, sadəcə bir nümunədir

Elm və təhsil naziri Emin Əmrullayevin hər açıqlaması gündəm olur. Bu müzakirələr mətbuatda və sosial şəbəkələrdə günlərlə davam edir. Əslində nazir təhsil sahəsində olmayan problemi qabartmır, əksinə hamımızın bildiyi, illərdir, həllini tapmayan çatışmazlıqlara toxunur. Amma cənab nazir dilə gətirdiyi və çox zaman gətirmədiyi problemlərin əsasını təşkil edən səbəblərdən danışmır. Bu çatışmazlıqların, köklü problemlərin olduğunu sıravi azərbaycanlıdan tutmuş, yüksək vəzifə sahiblərinə qədər hər kəs bilir.
Əslində bir nazir kimi, Emin Əmrullayev təhsilin problemlərini gündəmə gətirməkdənsə, həllinə çalışmalıdır. Təhsil elə bir sahədir ki, təsiri heç bir vətəndaşdan yan keçmir.
Ümumiyyətlə, təhsil bir dövlətin ən strateji sahəsidir. Yəni hər şey təhsildən başlayır. Təəssüf ki, Azərbaycan müstəqilliyini qazandığı 32 ildə təhsil sistemini istənilən səviyyədə qura bilməyib. Bu illər ərzində sistemin başına gətirilən şəxslər problemlərin həlli üçün radikal addım atmayıb, gözlə görüləcək islahat aparmayıb.
Ona görə də təhsil ən ağrılı yerlərimizdən biri kimi qalır.
Emin Əmrullayev də sələflərindən fərqli nəsə etmir, onun tək fərqi sosial şəbəkələrdə və tədbirlərdə bu sahənin bəzi problemlərini dilə gətirməsidir. Bu isə yaralara dərman olmur!
Bu günlərdə UNEC-in tələbəsi olan bir gənclə söhbət edirdim. İki il əvvəl böyük sevinc və istəklə qəbul olunduğu ali məktəbə fasilə vermək qərarına gəlib, təhsilini “dondurub”, yəni uzunmüddətli akademik məzuniyyət götürüb.
Səbəbinə gəlincə, qrafik-dizayn sahəsinə böyük marağı, həm də bacarığı olan gənc iki il əvvəl UNEC-in müvafiq fakültəsinə daxil olub.
“Mən orada xəyallarımı gerçəkləşdirəcəyimi düşünürdüm. Amma bu iki ildə saysız-hesabsız kitab, dərs vəsaitindəki nəzəriyyədən başqa, bizə heç nə öyrətmədilər. Müəllimlərimiz kifayət qədər yaşlıdır, kompüter bilikləri nəinki az, demək olar, yoxdur. Kompüterdə hazırladığımız ev tapşırıqlarını qəbul etmirlər ki, hər şey əllə kağıza çəkilməlidir. Halbuki kifayət qədər ağır proqramları yükləyə bilmək üçün o kompüterimə nə qədər pul vermişəm. İki ildən sonra qərara gəldim ki, təhsilimi “dondurum”, kurslara gedim. Bu kurslar da kifayət qədər bahadır. Amma öyrənmək üçün başqa yolum yoxdur. Kursları başa vurub, xaricə gedəcəyəm. Araşdırmışam, ixtisasımla bağlı xarici universitetlərdə özümü yetişdirə biləcəyəm”.
Belə, cənab nazir!
Bu, sadəcə bir nümunədir. Onlarla, yüzlərlə belə tələbə tanıyıram ki, ixtisasları üzrə özlərini yetişdirib, mütəxəssis olmaq üçün universitetlərimizdə heç bir imkanın olmamasından şikayətlənir.
Sizcə, bu, kifayət qədər ciddi problem deyilmi? / Tns.az /