Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ(S.A.S) ZÜLM ETMİŞ, SONRA QORXULARINDAN İSLAM DİNİNİ QƏBUL ETMİŞ, AMMA PEYĞƏMBƏRƏ(S.A.S) OLAN KİNLƏRİNDƏN ƏL ÇƏKMƏMİŞ BƏNİ-ÜMƏYYA VƏ YAXUD ƏMƏVİLƏR SÜLALƏSİNİ TANIYAQ

116 Baxış

HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ(S.A.S) ZÜLM ETMİŞ, SONRA QORXULARINDAN İSLAM DİNİNİ QƏBUL ETMİŞ, AMMA PEYĞƏMBƏRƏ(S.A.S) OLAN KİNLƏRİNDƏN ƏL ÇƏKMƏMİŞ BƏNİ-ÜMƏYYA VƏ YAXUD ƏMƏVİLƏR SÜLALƏSİNİ TANIYAQ

 

Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) Uca Allah-Təala(c.c) tərəfindən bütün aləmlərə haqq olaraq göndərilən və sonuncu bir peyğəmbər idi. Onun ilk illərdə necə çətinliklər, zülmlər ilə üzləşdiyini hər bir müsəlman, hətta qeyri-müsəlmanlar da çox gözəl bilir. Peyğəmbərimizin(s.a.s) düşmənləri təkcə özgələr olmayıb, onun ilk düşmənləri məhz öz qohum-əqrəbası olmuşdur. Allahın elçisi Bəni-Üməyya və yaxud Əməvilər sülaləsi kimi tanınan soy ilə qohum idi, daha doğrusu, əmioğlu idilər.

 

Bəni-Üməyya sülaləsi kimdir?! Bu sülalə İslamiyyətin bağlanğıcından öz nəvələri olan Yezid ibni Müaviyənin ölümünə qədər həm Həzrəti Məhəmməd Mustafaya(s.a.s), həm onun ailəsinə, həm onun səhabələrinə və həm də ki, Peyğəmbərin(s.a.s) ailəsinə dərin sevgisi, böyük hörməti olan insanlara qarşı düşmən oldular. Bunu bir tarixçi, gənc yazar, araşdırmaçı və müsəlman kimi ayrı-ayrılıqda sadalayacağam. Peyğəmbərimiz(s.a.s) ilk dəfə ilk gün Allahın sözünü insanlara çatdırarkən, ona qarşı çıxan ilk insan və ilk düşmən məhz sırf onun öz əmisioğlu, daha doğrusu, adını qeyd etdiyim Əməvilər tayfasının başçısı hesab olunan Əbu Süfyan idi.

 

Əbu Süfyan Həzrəti Məhəmməd peyğəmbərin(s.a.s) əmisioğlu idi. Əbu Süfyan dəfələrlə Allahın elçisinə qarşı sui-qəsdlər təşkil etmiş, muzdurlar tutmuş, lakin İlahi iradənin mane olması nəticəsində Peyğəmbər(s.a.s) bunlardan xilas olmuşdu. Əbu Süfyan müsəlmanlar ilə olan bir neçə döyüşdə kafir ordusuna başçılıq etmişdir. Hətta o dövrün kafirlərini və yəhudilərini Peyğəmbərin(s.a.s) və müsəlmanların üzərinə qaldırmışdır. Əbu Süfyanın həyat yoldaşı olan Hind bintə Ütbə bir zənci muzdurun vasitəsilə “Uhud döyüşü”-ndə Peyğəmbərimizin(s.a.s) sevimli əmisi və müsəlman qoşununa rəhbərlik edən Həzrəti Həmzə ibni Əbdülmütəllibi(r.a) xüsusilə öldürtdürür. Onu öldürtməsi ilə ürəyi soyumur. Zənciyə əmr verir ki, Həzrəti Həmzənin(r.a) sinəsini yararaq ciyərini çıxartsın. Hind bintə Ütbə onun ciyərini yeyir, yenə də ürəyi soyumur. Muzdura göstəriş verir ki, Həzrəti Həmzənin(r.a) hər iki gözünü çıxartsın, hər iki qulağını və burnunu kəssin. Bu vəhşiləşmiş və insanlıqdan uzaq olan qadın Həzrəti Həmzənin(r.a) ciyərlərini yedikdən sonra onun çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını və burnunu bir ipə düzərək Məkkənin kafir qadınlarına hədiyyə olaraq göndərir. O, bunu qisas üçün edirdi. Çünki, “Bədr döyüşü”-ndə onun atasını, əmisini və qardaşını Həzrəti Həmzə(r.a) ilə Peyğəmbərimizin(s.a.s) əmisioğlu, kürəkəni sayılan Həzrəti Əli ibni Əbu Talib(r.a) öldürmüşdü.

 

Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) və müsəlmanlar tərəfindən Məkkə şəhəri fəth olunandan sonra Əbu Süfyan, həyat yoldaşı Hind bintə Ütbə, oğlanları olan Müaviyə ibni Əbu Süfyan öz canlarının, mallarının qorxusundan Peyğəmbərin(s.a.s) yanına gələrək üzrxahlıq etmiş və yalandan İslam dinini qəbul edərək zahirdə müsəlman olmuşdurlar. Lakin Peyğəmbərimiz(s.a.s) onlara buyurmuşdur: “Gedin, siz azad olmuşlarsınız!” Peyğəmbərimiz(s.a.s) bununla bildirmək istəmişdir ki, onlar yalançıdır və əhdlərini danandırlar. Onlar Rəsulullahın(s.a.s) sağlığında zahirdə özlərini müsəlman, ona dost və sakit aparırdılar. Çünki, bunu etməyə məcbur idilər. Amma ürəklərində ona qarşı böyük bir düşmənçilik, əbədi kin-küdurət saxlayırdılar. Səbəbləri var idi. “Bədr döyüşü”-ndə Hind bintə Ütbənin atasını, əmisini, qardaşını öldürmüşdülər. Digər bir döyüşdə Müaviyə ibni Əbu Süfyanın qardaşını Hənzələ ibni Əbu Süfyanı öldürmüşdülər. Onlar bunları əsla unutmamışdılar. Əlbəttə ki, qisas almaq üçün əlverişli bir fürsət axtarırdılar. Həzrəti Əli(r.a) xəlifə olan dönəmdə Müaviyə ibni Əbu Süfyan Şam şəhərinin, yəni indiki Suriyanın valisi idi. O, vali olmasına baxmayaraq, dövrün xəlifəsi hesab olunan Həzrəti Əlinin(r.a) hakimiyyətinə qarşı çıxırdı, onu xəlifə kimi görmürdü, onun əmrlərinə tabe olmurdu və açıq-aşkar xəlifəlik iddiası irəli sürürdü. Üstəlik ona qarşı fitnəkarlıq edirdi. Halbuki, İslam dinində həqiqi mömin əmirə qarşı çıxmaq böyük günahlardan sayılır. Həzrəti Əli(r.a) isə, sözün həqiqi mənasında, Peyğəmbər(s.a.s) tərəfindən Cənnət ilə müjdələnmiş səhabə və çox xeyirli, böyük bir şəxsiyyət idi. Həzrəti Əli(r.a) Küfə məscidində namaz üstündə ikən, xəvaric(dindən çıxan) tərəfindən öldürüldükdən sonra böyük oğlu Həzrəti Həsən ibni Əli(r.a) xəlifə seçildi, onun xəlifəliyi yalnız 6 ay oldu. Bu 6 ay ərzində də Müaviyə ona rahatçılıq vermədi, bir xəlifə kimi ona tabe olmadı. Çünki, onun məqsədi yalnız xilafəti ələ keçirmək idi. Hətta Peyğəmbər övladının qanı bahasına olsa belə. Həzrəti Əlinin(r.a) və oğlu Həzrəti Həsənin(r.a) əmirlikləri dövründə İslam xilafətinin paytaxtı İraqın Küfə şəhəri idi. Həzrəti Həsən(r.a) gördü ki, ətrafındakı adamlar bivəfa çıxdı: onu tək qoyaraq ya qaçdılar və ya da ki, Müaviyəyə qoşularaq ona qarşı çıxdılar. Həm Şam şəhərindən və həm də ki, Küfə şəhərindən ona qarşı təzyiqlər var idi. Müsəlmanlar üz-üzə dayanmışdılar. Peyğəmbərin(s.a.s) nəvəsi nahaq müsəlman qanı tökülməsin deyənə, məcburiyyət üzündən Müaviyə ilə sülh bağlayıb hakimiyyəti müvəqqəti olaraq ona təhvil verdi. Burada Peyğəmbərimizin(s.a.s) iki hədisi-şərifi də öz təsdiqini tapmış olur. O, bir hədisində belə buyurur: “Məndən sonra xilafət 30 ildir, daha sonra isə xilafət şahlığa çevriləcək”. Həqiqətən də, belə oldu. İlk beş xəlifədən(Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən) sonra İslam dövləti şəriətdən uzaqlaşdırılaraq sülalə şahlığına çevrildi, yəni Əməvilər sülaləsi hakimiyyətə gəldi. Digər bir hədisi-şərifində isə nəvəsi Həzrəti Həsənə(r.a) baxaraq belə buyurur: “Mənim bu oğlum çox hörmətli bir şəxsiyyətdir. O, gələcəkdə iki dəstənin arasını düzəldəcəkdir”. Elə belə də oldu. Həzrəti Həsən(r.a) müsəlmanlar üz-üzə qalaraq bir-birlərinin qanını tökməsin deyənə, sülh bağlayır. Amma 10 il keçdikdən sonra isə məqalənin əvvəlində dediyim kimi, qisas hissi özünü bir daha göstərdi. Müaviyə özündən sonra xeyirsiz oğlu Yezidi xəlifə təyin etmək istəyirdi. Buna görə də o, Həzrəti Həsəni(r.a) öz yolunun üzərində çox böyük bir maneə hesab etdiyindən onu aradan götürmək qərarına gəldi. Həzrəti Həsənin(r.a) həyat yoldaşı olan həmin o bədbəxt qadın – Cədə bintə Əşəs bu cür bir lənətlik, murdar əməli həyata keçirməyə razılıq verdi. Əlbəttə ki, Müaviyə bunu açıq-aşkar edə bilməzdi, o, istəyirdi ki, bunu başqasının əli ilə, amma sakitcə etsin ki, daha heç kimin adı hallanmasın. Təbii ki, Həzrəti Həsənin(r.a) zəhərləndirilərək şəhid edilməsində Müaviyənin iki məqsədi var idi: həm 50 il əvvəl öldürülmüş kafir qohum-əqrəbasının qisasını almaq və həm də ki, oğlu Yezidi rahatca canişin təyin etmək. Buna da nail oldu. Ələ alınan həyat yoldaşı Peyğəmbərin(s.a.s) övladını amansızcasına zəhərlədi.

 

Müaviyə Cəhənnəmə vasil olduqdan sonra oğlu Yezid ibni Müaviyə xəlifə oldu. Yezid şərab içən, sarayında rəqqasələr oynadaraq ona baxıb həzz alan bir bəxtsiz idi. Yezidin xilafəti dövründə Peyğəmbərin(s.a.s) ikinci nəvəsi olan Həzrəti Hüseyn ibni Əli(r.a) öz ailəsi və dostları ilə birlikdə İraqın Kərbəla səhrasında faciəvi şəkildə şəhid edildi. Orada şəhid edilənlərin çoxu Həzrəti Əlinin(r.a) nəslindən olanlar idi. Yəni onun oğlanları, nəvələri, qardaşıoğulları və s. Onları şəhid edəndən sonra Həzrəti Hüseyn(r.a) də başda olmaqla, hamısının başını bədənindən ayıraraq nizələrə sancıb və ailələrini də əsir edib Şam şəhərinə – xəlifə Yezid ibni Müaviyənin sarayına apardılar. Həzrəti Hüseynin(r.a) mübarək başı Yezidin qarşısındakı masanın üstünə qoyuldu. Həyasız, lənətlik Yezid əlindəki dəmir çubuq ilə istehza edə-edə Həzrəti Hüseynin(r.a) dodaqlarına vururdu. O, Peyğəmbərin(s.a.s) əsir edilmiş ailəsinin qarşısında utanmaz-utanmaz belə deyirdi: “Kaş ki, mənim Bədrdə öldürümüş dədə-babalarım indi burada olsaydılar, deyərdilər:” Var ol, Yezid! Sən bizim intiqamımızı aldın!” Görürsünüzmü? Yenə də köhnə düşmənçilik, köhnə ədavət və qanlı qisas.

 

Xəlifə Yezid Peyğəmbərin(s.a.s) nəvəsini öldürmək ilə kifayətlənmədi. Ümumiyyətlə, onun üç böyük günahı və üç böyük cinayəti vardır: “Kərbəla faciəsi”, “Hərra faciəsi” və Məkkə şəhərinin odlu daşa basılması. Həzrəti Hüseynin(r.a) qanlı şəhadətindən sonra müqəddəs Mədinə şəhərində yaşayan bir çox yaşlı səhabələr buna etiraz olaraq Yezidin hakimiyyətinə qarşı üsyan etdilər. Çünki, Peyğəmbərin(s.a.s) əziz övladı öldürülmüşdü, buna göz yuma bilməzdilər. Yezidin əmri ilə Müslüm adlı sərkərdə öz qoşunu ilə Mədinə şəhərinə hücum etdi. Orada düz 3 gün qalıb səhabələri öldürdülər, onların əhli-əyalına qarşı təcavüz etdilər. Çünki, Yezid əmr vermişdi ki, 3 gün nə istəsələr, edə bilərlər. Onlar – üzüqara Şam qoşunu ən çirkin hərəkətləri etdilər.

 

Üçüncü lənətlik hücum isə Məkkə şəhərinə oldu. Yenə də Həzrəti Hüseynin(r.a) qətlindən təsirlənən Abdullah ibni Zübeyr adlı səhabə Məkkə şəhərinə gedərək Əməvilər xilafətinə qarşı üsyana qalxdı. Yezid İslam dininin beşiyi olan bir müqəddəs yerə qoşun göndərdi. Yezidin əmri ilə müqəddəs Məkkə şəhəri, xüsusilə mübarək Kəbə evi mancanaqlardan atılan odlu-alovlu iri daşlara məruz qaldı. Məkkəni yerlə-yeksan etdilər. Amma Abdullah ibni Zübeyri yaxalaya bilmədilər.

 

Yəni Əməvilər sülaləsi və bu sülalənin adları qeyd olunan cəhənnəmlik nümayəndələrinin bu cür murdar əməlləri olub. Hələ onları tərifləyən bir çox başıpozuq dindarlar var. Ömürləri boyu Həzrəti Məhəmməd peyğəmbərə(s.a.s), onun dininə, onun kitabına qarşı açıq-aşkar müharibələr aparan, onlara qarşı ittifaq quran; Peyğəmbərimizin(s.a.s) kürəkəni olan Həzrəti Əliyə(r.a), iki gül nəvəsi olan Həzrəti Həsən və Hüseynə(r.a) qarşı mübarizə aparan, onların qətlinə ya açıq və ya da ki, gizli fətva verən bir alçaq insanlara necə “Həzrət” demək olar?! Əstəğfürullah! Axı onlara necə rəhmət oxumaq olar?! Məgər, məntiq deyilən anlayış yoxdurmu? Məgər, gözlər kor, qulaqlar kar və dil laldırmı?

 

Əməvilər soyu lənətlənmiş bir soydur. Müqəddəs “İsra” surəsinin 60-cı ayəsində “Lənətlənmiş soy” adı keçir. Hətta bir çox İslam tarixçilərinin, alimlərinin etiraf etdiyinə görə ayədə “Lənətlənmiş soy” kimi keçən isim məhz sırf Əməvilər sülaləsidir. Sadəcə olaraq, üstü örtülür və deyilmir.

 

Deyirlər ki, Peyğəmbəri(s.a.s) görmüş hər bir kəs “Səhabə” sayılır. Güya ki, Müaviyə ibni Əbu Süfyan da onu gördüyü üçün səhabədir. Xeyr, əsla belə deyil! Peyğəmbərimizi(s.a.s) kafirlər, müşriklər də görmüşdür. Deməli, onlar da səhabədir?! Əlbəttə ki, yox. Səhabə o kəsdir ki, hər zaman canı, malı, imanı, sözü ilə Həzrəti Məhəmməd Mustafanı(s.a.s) yanında olmuş, ona sadiq qalmışdır. Əsil səhabə Əbu Bəkr idi, Ömər idi, Osman idi, Əli idi. Allah hamısına rəhmət etsin! Amin!

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678