Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi: “Belə bir tapşırıq verilməyib”

21 Baxış

Ötən gün Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının əməkdaşlarının qarşıdan gələn bayram günlərində işə çıxmalarına dair tapşırıq verildiyi barədə xəbər yaymışdıq.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət idarə və müəssisələrinin rəhbərlərinə qeyri-rəsmi şəkildə tapşırıq verilib ki, bayram günlərində bütün işçilər işə çıxmalıdır.

Müxtəlif təşkilatların əməkdaşlarının redaksiyamıza göndərdiyi şikayət məktublarından aydın olur ki, bayram günlərində qurumların işçiləri nahara qədər, rəhbər vəzifəli şəxslər isə saat 18:00-dək iş yerində olmalıdırlar.

Müraciətlərdə qeyd olunur ki, bu barədə təlimat Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən verilib.

Səlahiyyətli nümayəndəlikdən TNS-ə bildirilib ki, onlar dövlət orqanlarının əməkdaşlarının bayram günlərində işə çıxması barədə heç bir tapşırıq verməyib, bundan xəbərsizdirlər.

Qeyd edək ki, TNS-ə daxil olan məlumatın səhihliyinə heç bir şübhə yoxdur. O zaman muxtar respublikada belə bir absurd qərarı kim verib?

Xatırladaq ki, noyabrın 8-i Zəfər bayramı, 9-u isə Dövlət Bayrağı Günüdür.

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü – şənbə günü isə rəsmi iş günüdür.