Allahı bizə şüur verdiyinə görə peşman etmişik – Samir Mirzə

Əgər Tanrı, kainat insanların bütün emosional ehtiyaclarına “hə” desə, dünya sözün əsl mənasında dağılar. Cim Keyrinin baş rol aldığı “Qüdrətli Brüs” filminə yəqin ki, çoxlarınız baxmısınız. Tanrı olmağı arzulayan və bu qüdrəti əldə edən şəxs insanların bütün dualarına “hə” deyir. Özü də kompüter vasitəsilə istisnasız avtomatik şəkildə diləklərini qəbul edir.
Kainatı xaos bürüyür… Loru dildə desək, əsəbindən və ya kefindən birinə “başına daş düşsün” kimi arzunu dilə gətirən zaman dərhal həyata keçir. İndi emosional istəklərin cilovlanmasının, yoxsa icra olunmasının daha doğru olduğunu anlaya bilirsinizmi?
İnsan istədiyi şeyi əldə edən kimi zatən ona olan bütün eşqi ölür və ya ölür. İstəklər tükənmir, onu yemlədikcə daha da böyüyür, amma yenə doymur. Bu haqda düşünməmisinizsə, təcrübə aparmamısınızsa, çox şey itirmisiniz.
Sadaladıqlarım insanların sağalması missiyasını üzərinə götürən psixoloqların bu gün pasiyentlərinə qarşı amansız davranmasının müqəddiməsidir. Əslində, tələb və təklif zərurətindən bazarı genişlənən bir çox psixoloqlar sağlamlıqdan çox, çayxana məsləhəti formasında fəaliyyət göstərir. Çayxanalardakı “dərin söhbətlər” artıq onlarla müqayisədə daha adekvat görünməyə başlayıb.
İnanın, bir deyil, iki deyil, ona görə ən əsasları, gündəm olanları, praktikada icrası təkidlə tələb olunanlarını seçib qeyd etmək istəyirəm.
Bayaq daha bir qadın psixoloqun kobud bir çıxışı qarşıma çıxdı. Pasiyentinin yalnız onunla danışdığı xəstəliyi haqqında lağlağı tonda, detallı danışaraq aparıcılar ilə gülüş məclisi qurur, ona anormal deyir, xəstəsinin fikirlərini aşağılayır. Adam zatən sağlam olsaydı, niyə sənin qəbuluna gəlirdi? Səninlə danışdığı otağın stol, stulu belə, sirri özündə saxlayır, sən isə taxta qədər qabiliyyətli ola bilmirsən. Özü də daha maraqlı olsun deyə, cinsi mövzunu seçib və onu eşidəcək pasinyentinə sağalmaz yara vurur. Bu çıxışı dinləyən həmin şəxs adı çəkilməsə belə, növbəti dərin və sağalmaz yara almayacaqmı? Axı o insan sizə güvənib, sizə pənah gətirib. Bir daha psixoloq yanına getməz! Bir daha yarasını sağaltmağa cəhd etməz! Pis vərdişləri seçə bilər! Cəmiyyətdən təcrid oluna bilər! Bunun məsuliyyətini kim daşıyacaq?! Pasiyent bilir ki, normal vəziyyətdə deyil və təkbətək, gizlin danışacağı, həll yolu tapacağı həkim yanına gəlib. Həkim e, həkim! Kim ixtiyar verib ki, kiminsə sirrini – fərqi yoxdur, adını açıqlamasan belə – efirdə dilə gətirməyə?!
Belə rəzalətmi olar?!
Keçən dəfə bir kişi psixoloq açıqlayır ki, qadın pasiyenti qəbul edib və ona həyat yoldaşı ilə aralarındakı probleminin həlli ilə bağlı tövsiyələr verib. Qadın isə cavabında “elə bu qədərmi?” deyərək təəccüblənib.
Daha sonra dialoq belə olub:
– Bəli, başqa nə gözləyirdiniz?
– Sizdən öncəki psixoloq qadınlar başqa məsləhət verdilər.
– Nə dedilər?
– Alınmırsa, “başqa kişilərlə münasibət qurun” dedilər…
Burada hər hansı bir şərh vermək doğru da sayılmaz. Çünki “münasibət” yazmaqla yumşaq variantı seçmişəm.
Belə psixoloqlar get-gedə insanlarda inamsızlıq formalaşdırır, təcrübəlilərin də adını bədnam edir.
Bütün bunların nəticəsidir ki, artıq müasir falçılıq kimi fırıldaçı enerji mütəxəssisləri də bazardan kifayət qədər faydalanır. Reallıqlar nəzərə alınmadan emosional ehtiyacları rasional və praqmatik şəkildə həll etməyə çalışarsansa, daha çox problemlər, daha çox və fərqli “həkimlər” orataya çıxacaq. Yeni təqdim olunan həyata uyğun olmayan insan təbiətini batırdıqca, batırmağa davam edirlər.
Yeri gəlmişkən, keçən dəfə qadın vəkil efirdə açıqlayır ki, boşanmaların əksəriyyətinin səbəbkarı qadınlardır. Dilindən sitat gətirmək istəyirəm ki, qərəzli görünməyim.
Belə deyir: “Bu günün qadını seriallarda, sosial şəbəkələrdə olan ailə modelini öz ailəsinə gətirmək istəyir. Hansı ki, bu, pərdənin görünən tərəfidir. Amma o, görünməyən tərəfini görmür. Nəticədə ailə faciəyə uğrayır. Bu gün qadınlar ailədə mənəm-mənəmlik prinsipi ilə yaşayır, ailəni idarə etmək ruhunu özündə görür və kişiyə tabe olmur.
Kişi əvvəlcə 400 manatlıq işdə çalışır, qadın evdə deyinməyə başlayır. Ər işdən çıxır 600 manatlıq yerdə işləyir, yenə də alınmır. Artıq vəziyyət o həddə çatır ki, kişi ovuc-ovuc ağlamağa başlayır. Deyir ki, mən indi nə edim, digərləri qarşısında hər gün sıxılıram, əzilirəm alçalıram. Qadın deyir ki, filankəsin ailəsində belədir, bizdə niyə elə deyil. Onlar filan xarici ölkəyə getdi, biz getmədik. Yəni digərlərinin ailələrində olan yüksək həyat tərzini bizim qadınlar öz ailələrində tətbiq etməkdən ötrü çıxış yolunu nikahın pozulmasında görürlər.
Sual verirəm ki, yoldaşınızın pis vərdişləri varmı? “Yox” deyirlər. “Yaşamağa eviniz varmı”, “işləyirmi” sualına “hə” cavabını verirlər. Deyirlər ki, karyera qurmaq istəyirəm. Dərhal beynimə gəlir ki, bəlkə hansısa ali təhsil müəssisəsini bitirib, işləmək arzusu var. Fikirləşirəm ki, bəlkə yoldaşı ilə danışım, onu yola gətirsəm, ailə dağılmaz. “Hansı karyera” soruşanda deyirlər ki, ya dırnaq ustası olacağam, ya da lazer ustası. Fikirləşir ki, aliment alaram, kirayədə yaşayaram və hər hansı bir kursa getməklə sərbəst həyat sürərəm”.
Mən bunu ürək ağrısı ilə yazıram, hazırda qadın-kişi söhbətləri ən iyrənc formada müzakirələrə çıxarılır. Bir dəyəri digəri ilə üz-üzə qoymaqla faciələrə yol açılır. Heç ortaq fikir haqqında danışılmır, əksinə, birini ucaltmaqla digəri alçaldılır. Yara yar olub tamamlanma barəsində deyil, natamam məsələlər dərinləşdirilir.
“Filankəs pis vərdişi edirsə, mən də etməliyəm” prinsipi aşılanır, o filankəsi pis vərdişdən çəkindirmək əvəzinə. Görünür, “pazı pazla çıxarmaq” metodunu seçib adını fəlsəfə, pedaqogiya, psixologiya, əndirapadologiya qoyublar.
Sadə məsələləri qəlizləşdirməklə ipdəki düyünlər açılmır, o qədər sərtləşir ki, yalnız kəsib atmaqla həll olur. Cəmiyyətdə isə sökülmüş, əzilmiş travmalıların sayı çoxalır.
Bu gün bir çoxu üçün vəfalı dost olan heyvanların erkək və dişisi təbiətinə, missiyasına görə bölünür, bununla tamamlanırlar. Heyvanlar qədər ola bilmədikmi? İndi biz şüurluyuq deyə, dağıdaqmı dünyanı? Allahı peşman edəkmi bizə şüur verdiyinə görə?