Rumıniyadan qoparılan Avropa ölkəsi – Xristian türklərin qədim yurdu

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünyanın müxtəlif ölkələri ilə diplomatik əlaqələr qurmağa başladı. Bu gün artıq 200-də artıq ölkə ilə diplomatik münasibətlər mövcuddur. Bu dövlətlərin arasında inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr var. Ölkəmizin diplomatik əlaqələri olan ölkələrin bəzilərinə sadə vətəndaşların gediş-gəlişində viza rejimi tətbiq olunur. Ancaq Azərbaycan vətəndaşlarına qarşılıqlı və təktərəfli qaydada vizasız səyahət imkanları yaradan ölkələr də az deyil.
TNS-in “Vizasız turist” rubrikasında bu ölkələr haqqında geniş məlumatlar yer alır.
Növbəti dayanacağımız Moldovadır.
Azərbaycan vətəndaşları bu ölkədə 90 gün ərzində viza almadan qala bilərlər.
Moldova və Azərbaycan SSRİ-nin tərkibində müttəfiq respublika olub, həmin dövrdə ölkələr arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf edib. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 18-də qurulub. Hazırda Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Moldova Şərqi Avropada yerləşir və dənizə çıxışı yoxdur. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişineudur.
Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılaraq, SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilib. Ölkənin Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən separatçı “Dnestryanı Moldov Respublikası”nın nəzarətindədir.
Adı Moldova çayından götürülən Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.
Ölkədə 32 rayon, 3 bələdiyyə, 2 muxtar respublika mövcuddur. Ərazisi 33,846 kvadrat kilometrdir.
Ölkə əhalisinin sayı 4,4 milyon nəfər civarındadır, onların 65 faizini moldovanlar, 14 faizini ukrainlər, 13 faizini ruslar, 4 faizini türk əsilli xristian qaqauzlar təşkil edir.
Moldovanın pul vahidi leydir.
Ölkədə rəsmi dil moldovan dili rumınca ilə demək olar, eynidir. Sadəcə dialekt fərqi var.
Moldova iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi var. Kənd təsərrüfatında isə ilk yeri bitkiçilik tutur. Bu səbəbdən Moldovada şərabçılıq çox inkişaf edib.
Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən formalaşdırılır. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidentini parlament üzvləri seçir.