Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Binəqədidə şəhidlərin xatirəsinə qoyulan lövhələr söküldü – FOTO

173 Baxış

Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulmuşdu. Həm Vətən müharibəsi, həm də Birinci Qarabağ müharibəsi şəhidlərini əhatə edən bu təşəbbüs təkcə mediada deyil, sosial şəbəkələrdə də böyük rəğbət qazanmışdı. Lakin bu gün məlum olub ki, həmin lövhələr Mehdiabad yolundan yığışdırılıb. Hazırda həmin ərazidə lövhələrin bərkidildiyi dirəklərin boş yeri və yerə səpələnmiş qərənfillər qalıb. 

“Qafqazinfo” lövhələri kimin və niyə yığışdırması ilə bağlı məsələni dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib:

“Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də, bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində  bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”.

Xatırladaq ki, Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərimizlə bağlı lövhələr həmin ərazidə yaşayan şəxslərin təşəbbüsü ilə vurulmuşdu. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunmuşdu.  Lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanlarının fotoşəkilləri deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız, o cümlədən, Milli Qəhrəmanlar – Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərlərinin də şəkilləri yer almışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678