Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrailin təcrübəsi işğaldan azad edilən ərazilərin tezliklə bərpasında istifadə ediləcək – MÜSAHİBƏ

129 Baxış

İsrail-Azərbaycan Ticarət Palatasının Prezidenti Aleks Kaplun Azərbaycan və İsrail arasındakı ticarət əlaqələrinin növbəti dövrdə inkişaf perspektivlərindən, eləcə də işğaldan azad edilən ərazilərin bərpasından və bura investorların cəlb edilməsindən danışıb.

Palatanın prezidenti Oxu.Az-a verdiyi müsahibədə ilk növbədə İsrail və Azərbaycan arasındakı dostluq əlaqələrinin qədimliyindən söhbət açıb.

– İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti kimi iki ölkə arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

– Əvvəlcə bildirmək istəyirəm ki, İsrail və Azərbaycan iki qardaş ölkə, ruhən yaxın iki xalqdır. Bu iki xalq arasındakı dostluq təkcə Orta Şərq üçün deyil, bütün dünya üçün bir nümunədir. Biz sevincimizi və kədərimizi bölüşmüşük, yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir olmuşuk. İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya tarixi səfəri zamanı da dediyi kimi – “Bütün dünyada müsəlmanlarla yəhudilər arasında münasibətlər necə ola bilər və necə olmalıdır, bu barədə Azərbaycan bütün dünyaya nümunədir”.

Bu iki xalq arasındakı möhkəm dostluq 25 dekabr 1991-ci ildə İsrail hökumətinin Azərbaycanın müstəqilliyini tanıyandan çox daha əvvəl başlayıb. Uzun illər ərzində Azərbaycan ərazisində müxtəlif etnodil qruplarına mənsub yəhudilər – dağ yəhudiləri, aşkenazi və gürcü yəhudiləri yaşayıb.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dünyəvi, multikultural bir ölkədir və bu, onun dövlət siyasətinin əsasını təşkil edir. Keçmişə nəzər salsaq, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə hökumətə Azərbaycan Demokratik Respublikasının Səhiyyə naziri vəzifəsində çalışan Yevsey Gindes də daxil idi. Sovet və postsovet dövründə Azərbaycan İttifaqın antisemitizm olmayan azsaylı respublikalarından biri idi.

Bu gün ölkədə xeyli sayda yəhudi xeyriyyə təşkilatı fəaliyyət göstərir. İki millət arasında səmimi dostluq əlaqələri mövcuddur. Ölkədəki yerli sinaqoqların və yəhudi təşkilatlarının qapıları azərbaycanlıların üzünə hər zaman açıqdır. Burada sadəcə xoş danışıqdan söhbət gedə bilər.

– Sizcə, bu gün iki ölkə arasındakı iqtisadi əlaqələrin əsasını hansı sahələr təşkil edir?

– Azərbaycan və İsrail ticarət, turizm, mədəniyyət, təhsil, kənd təsərrüfatı, telekommunikasiya, səhiyyə və alternativ enerji mənbələri sahəsində ikitərəfli münasibətləri inkişaf etdirirlər. Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biridir. İsrail bu məhsula olan ehtiyacının 30 faizindən çoxunu Azərbaycandan tədarük hesabına təmin edir.

Hazırda rəsmi imzalanmış müqavilələrə əsasən, beş qardaş şəhərimiz var. Quba və Maalot, Şamaxı və Tirad Xa Karmel, Mingəçevir və Aful, İsmayıllı və Kiryat Bialik, Qəbələ və Yoxneam qardaş şəhərlərimizdir.

– Bildiyiniz kimi, Azərbaycan tarixi qələbə əldə edərək qədim torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Hazırda isə bu ərazilərin bərpası və növbəti dövrdə əsas iqtisadi dayaqların yaradılması istiqamətində müzakirələr aparılır. Necə düşünürsünüz, bu ərazilərin ölkəmiz və xarici investorlar üçün iqtisadi potensialı nədən ibarətdir?

– Fürsətdən istifadə edərək, Azərbaycan xalqının lideri, Prezident İlham Əliyevi Azərbaycan torpaqlarının azad edilməsi münasibətilə təbrik edirik.

Biz bütün İsrail xalqı olaraq, qəhrəmanlıqla həlak olmuş qardaş və bacılarımızın ruhlarını yad edirik. Onu da bildirim ki, bu mübarizədə yəhudilər də ruslar, ləzgilər, talışlar, avarlar, ukraynalılar, udilər vətənləri olan Azərbaycanın bütövlüyü uğrunda mübarizə apardılar. Burada Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun jurnalistin “Bir yəhudini Azərbaycan torpaqları uğrunda döyüşməyə nə məcbur edir?” sualına verdiyi cavabı təkrarlamaq yerinə düşər: “Mən bu torpaqda doğulmuşam, burada yaşayıram, başqa heç nə məcbur etmir”.

Heç şübhə yoxdur ki, Azərbaycan işğaldan azad edilən torpaqlarına əvvəlki əzəmətini qaytarmaqla yanaşı, bütün tarixi abidələrini, məscidləri və kilsələri bərpa edəcək.

İsrail-Azərbaycan Ticarət Palatası ərazilərin, kənd və şəhərlərin abadlaşdırılması üçün gələcək layihələrdə dövlətə hər cür dəstəyi göstərməyə hazırdır. Azərbaycan investisiya üçün əla ölkədir və bura daha çox investorları cəlb etmək üçün səylər göstərəcək.

Bu gün artıq İsrail şirkətlərinin və mütəxəssislərinin işğaldan azad edilən kəndlərin və şəhərlərin tezliklə bərpasına cəlb etmək üçün bir neçə layihə üzərində işləyirik.

– İsrail-Azərbaycan Ticarət Palatası iki ölkə arasındakı biznes əlaqələrini necə tənzimləyir?

– İsrail-Azərbaycan Ticarət Palatası iki ölkə arasında ticarət və sənaye sahəsində körpü rolunu oynayır. Biz İsrail-Azərbaycan Ticarət Palatası olaraq iki ölkə arasındakı ticarət əlaqələrinə töhfə verməkdən şərəf duyuruq.

Ticarət əlaqələri tənzimləməklə yanaşı, sosial məsələlərdə də aktiv olmağa çalışırıq. Bir çox beynəlxalq təşkilatların, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndələrin raket hücumlarına məruz qalan Azərbaycan ərazilərini ziyarət etdiyi bir dövrdə İsrail-Azərbaycan Ticarət Palatası da kənarda qalmadı, həm işçilər, həm də Palata üzvləri ilə birgə ağır mülki itkilərin olduğu və atəşə məruz qalan şəhərlərdə olduq və onlara humanitar yardım göstərdik.

Xüsusilə də, müharibədən təsirlənən şəxslərə və yaralananlara yardım göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna tam dəstəyimizi vurğulamaq istəyirik.

Bacardığımız qədər bundan sonra köməyimizə davam edəcəyik.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678