Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkəmizdə keçirilən islahatların bir mühüm cəhəti də kompleks xarakter daşımasındadir

128 Baxış

Noyabr ayının 8-i Azərbaycan xalqı üçün yeni Qələbə bayramı günü oldu. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı yurd sevgisini və müzəffər Azərbaycan Ordusunun bütün dünyaya nümayiş etdirdiyi gücünü bir daha sübut etdi.

30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə 44 günlük Vətən Müharibəsində Şuşanın işğaldan azad olunması ilə bitdi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi rəsmi Moskvanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.

Bu bəyanat qan tökülməsinin qarşısının alınması, insanların yaşamaq hüququnun təmin olunması, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması üçün çətinliklə əldə olunan davamlı qələbədir.

Biz, eyni zamanda dünyaya meydan oxuyan  COVİD-19-un imtahanından birinci mərhlələsindən həm dövlət kimi, həm də bir millət kimi çox yaxşı çıxdıq. Onu da xatırlayıram ki, ikinci Qarabağ savaşı ərəfəsində Azərbaycanda koronavirusa yoluxanların sayı cəmi 30-40 nəfər arasında idi. Bilirsiniz ki, soyuqların düşməsi, müharibə faktoru, o cümlədən şəhid dəfnləri, habelə qələbə sevincləri zamanı insanlarımızın kütləvi şəkildə bir yerə toplanmaları və digər səbəblərə görə sonralar yoluxmaların sayı arzuolunmaz səviyyəyə çatdı. Nəzərə alaq ki, bu mənfi tendensiya payızdan başlayaraq bütün dünyada müşahidə olunur. Əminəm ki, ölkəmiz pandemiyanın növbəti mərhələsini də uğurla keçəcək.

Bəzən kütləvi informasiya vasitələrində “ölkəmizdə son bir neçə ildə aparılan islahatlar” ifadəsi ilə rastlaşırıq. Əslində, həmin ifadədə incə bir məntiq var. Çünki, həqiqətən, son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb.  Ulu öndər Heydər Əliyevin hələ ötən əsrin son illərində və bu əsrin ilk üç ilində reallaşdırdığı hərtərəfli islahatlara 2003-cü ilin payızından sonra cənab İlham Əliyev xüsusi bir temp verdi.

Məhz həmin islahatların nəticəsidir ki, İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı bu sahədə ilk genişmiqyaslı bie sənəd olub. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkə regionlarının siması, sözün əsl mənasında, dəyişib, insanların həyat səviyyəsi dəfələrlə artıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşüb və bu gün, təqribən, 5 faiz təşkil edir. İşsizliyin səviyyəsi də sürətlə aşağı düşür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri də ürəkaçandır. 15 min kilometrə yaxın yol çəkilib. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrildi. Nəqliyyat sahəsində görülən işlər – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı–Tbilisi–Qars dəmir yolu ölkənin tranzit imkanlarını genişləndirdi. Təkcə bu ilin doqquz ayının yekunları üzrə göstəricilərdə qeyd edilir ki, qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb. Sahibkarlıq ciddi inkişaf yolu keçdi. Bu gün Azərbaycanda möhkəm sahibkarlıq sinfi formalaşıb. Bütün bunlar, məhz aparılan hərtərəfli islahatların nəticəsidir.

Fakt odur ki, ölkəmiz öz kompleks keçid prosesinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu mərhələ elitanın transformasiyası ilə bərabər, idarəetmə forma və üsullarının yeni postmodern tətbiqi imkanları ilə də seçilir. Dövlətçiliyin qurulması, suverenliyin ilbəil möhkəmləndirilməsi, dövlətlərarası mədəniyyətlərin dialoqu yolunda prinsipial çağırışlar Qoşulmama Hərəkatına 2022-ci ilədək olan müddətdə Azərbaycanın sədrlik etməsinin təminatını yaradır. Aparılan sosial-iqtisadi, mədəni siyasətin ardıcıllığına nəzər yetirdikdə proseslərin həm də ölkə başçısının seçki platformasında irəli sürdüyü müddəalarla üst-üstə düşdüyünü aydın görürük. Demokratiya şəraitində legitimliyin ən mühüm prinsiplərindən biri məhz islahatlar yolu ilə transformasiya və seçki platforması vədlərinin icrasıdır. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü dünyada təmin etməyə yönəlmişdir. Ölkə başçısının Valday görüşündə strateji əhəmiyyətli çıxışı, Ermənistan rəhbəri ilə görüşlərində prinsipiallıq və böyük erudisiya; elitanın yeni transformasiyasında ardıcıl, məntiqi xətt; ölkənin ideoloji kursunun multikultural konsepsiyası; regionların inkişafına sistemli diqqət Azərbaycanın müstəqilliyinin nə qədər etibarlı əsaslara söykəndiyinin nümunəsidir.

Həmin prinsiplər yeni dövrün çağırışları zəminində Azərbaycanın inkişaf yolunun əbədi və dönməzliyini səciyyələndirərək vətəndaşlarımızın milli qürurunu və iftixar hisslərini artırır. Ölkə başçısının söylədiyi kimi: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir… Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”. 

Müstəqilliyin ali dəyər olması ideyası yüksək siyasi mədəniyyət düşüncəsi olmaqla bu gün elitanın transformasiyasında mühüm prinsipə çevrildi. Bu ideya həm də özündə müasir idarəetmə fəlsəfəsini birləşdirməklə yeni zamana yol açır. Böyük dövlətlərin öz idarəetmə fəlsəfələri mövcuddur. Onlar öz idarəçilik fəlsəfələrini əsrlərlə formalaşdırıb və tətbiq edib. Müasir gənc dövlətlərin fəlsəfəsinin formalaşmasının isə obyektiv çətinlikləri daha çox ola bilir. Bu çətinliklər, ilk növbədə, dövlətin müasir dünyanın qlobal meyillərində sürətli, bəzən birtərəfli inteqrasiya xətti və suverenliyə təhdidləridir. 

Azərbaycan ənənələrə söykənən modernləşdirmə istiqaməti ilə bu yolu uğurla keçməkdədir. Belə təhdidlərin qarşısının alınmasında ən əhəmiyyətli vasitə məhz çevik praqmatik siyasi kursun olmasıdır. İdeya-siyasi əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhkəmləndirilən, cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla irəli gedən müstəqil Azərbaycan dövlətinin dünyada tətbiq ediləsi “idarəetmə brendləri” mövcuddur. Bu idarəetmə brendlərinin məğzini ənənəvi demokratiyadan müasir demokratiyaya, ənənəvi multikulturalizmdən yeni multikulturalizmə keçid prosesi təşkil edir.

Azərbaycan özünün sosial-iqtisadi zəmində keçid prosesini başa vurmuşdur, ideoloji zəmində isə keçid prosesi uğurla davam etməkdədir. Dünyanın əksər ölkələrinin iştirakı ilə keçirilən mərhələli mədəniyyətlərarası dialoq–forumlar da bu zərurətdən yaranmışdır. Deməli, ideya-nəzəri boşluğun doldurulması üçün dünyanın gənc və ya yaşlı dövləti olmasının rolu deyil, prinsip və ideyaların bəşəri olması, kütlələrə yiyələnməsi əsasdır. Böyük siyasətçilərdən biri demişdir: “İdeyalar kütlələrə yiyələndikdə maddi qüvvəyə çevrilir”. Müasir dünyada insanların mənəvi qüvvəyə çevrilməsi istəkləri artır. Bu, ayrı-ayrı dövlətləri də düşündürür. 

Bu kontekstdə Azərbaycanın yeni multikultural çağırışları öz mahiyyətində liberal və demokratiya ideyalarının vəhdətini yaradır, dünyanı vədləri yerinə yetirmək islahatlarına səsləyir. Ölkəmizdə keçirilən islahatların bir mühüm cəhəti də kompleks xarakter daşımasındadır. Belə ki, ölkənin ictimai, iqtisadi, sosial həyatını əhatə edən dəyişikliklər həm də BMT–nin 2016–2030-cu illəri əhatə edən Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək maddə və prinsiplərinin prioritetlərinə birbaşa cavab verir. 

Dövlət idarəetmə maşınını XXI əsrin çağırışlarına müvafiq təkmilləşdirmək – elektron hökumətin idarəetmə funksiyalarını işə salmaqla yanaşı, həm də ehtimal edilə biləcək hər hansı bürokratik maneələrin tamamilə aradan qaldırılmasına istiqamətlənmişdir. Müasir dünyada son illərdə dəfələrlə siyasi hakimiyyət dəyişiklikləri ilə üzləşmiş hansısa ölkəsində dövlət idarəetmə maşınının modernləşməsi və bütövlükdə, modernləşdirmə proseslərinin sosial-siyasi dinamikası Azərbaycanda olduğu qədər əhəmiyyətli vüsət almamışdır. Həmçinin, elitanın transformasiyası proseslərində bilik və təcrübənin nəzərə alınması, dövlət idarəetmə aparatının daha sistemli fəaliyyətini əlaqələndirmək üçün idarəetmə təsisatlarının modernləşdirilməsi ölkədə keçirilən islahatların fəlsəfəsini təşkil edir.

Azərbaycan dövlətinin mövcud strateji islahatlar xətti bütünlükdə suveren dövlətin təminatı məqsədlərinə söykənir ki, bu da idarəetmə şəffaflıgı və səmərəliliyi ilə bərabər, elita–xalq münasibətlərində yeni mərhələnin əsaslarını təmin edir. Bu, kompleks keçid prosesləri ilə xarakterizə edilərək strateji yol xəritələrinin yerinə yetirilməsi ardıcıllığını da tamamlayır. 
Qeyd olunan fikirlərdən yaranan nəticə ondan ibarətdir ki, Prezident İlham Əliyev 2003-cü ildə xalqa verdiyi vədlərin hamısını məhz ölkə ictimaiyyətinin arzu etdiyi, görmək istədiyi səviyyədə reallaşdırmışdır. Elə ona görə də xalqın öz liderinə olan inamı gündən-günə artır. Sonda cənab Prezidentin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimi zamanı xalqa vəd verərkən söylədiyi nitqdən bir  hissəni xatırlatmaq istərdim: 

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm…”

Millət vəkili

Əliabbas Salahzadə


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678