Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki məhdudiyyətli şəxslərə əlil arabaları verildi – FOTO

126 Baxış

Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə 100 fiziki məhdudiyyətli şəxsin hər birinin bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış əlil arabaları təqdim edilib, eləcə də, onların rəsm əsərlərinin və əl işlərinin sərgisi təşkil olunub.

Tədbirdə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi və birinci xanımı Samina Alvi, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Pakistan Prezidenti və birinci xanımı, eləcə də digər iştirakçılar fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri və əl işləri sərgisinə baxış keçiriblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından mərasim iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanda bütün fiziki məhdudiyyətli şəxslərin hüquq və azadlıqlarının, onların müdafiəsinin, layiqli həyat şəraiti ilə təmin olunmasının ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edildiyini, onların rahat yaşayış və rifahının təmin olunmasının Azərbaycan hökumətinin tam nəzarətində olduğunu bildirib.

Səfir qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da Azərbaycanda və xaricdə fiziki məhdudiyyətli şəxslərin müdafiəsi sahəsindəki rolunu qeyd edərək, Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Hilal-e-Pakistan ordenilə də təltif olunmuş, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər ƏIiyev Fondunun Azərbaycanda və Pakistan da daxil olmaqla bir sıra digər ölkələrdə təhsil, səhiyyə, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməyə davam etdiyini vurğulayıb. Əli Əlizadə xeyriyyə layihələrini dəstəklədiyinə və Azərbaycan – Pakistan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Səfir fiziki məhdudiyyətli şəxslərin hüquqlarının və sosial rifahının tam həyata keçirilməsinin böyük vaxt və kollektiv yanaşma tələb etdiyini, xüsusi əlil arabalarının təqdim olunması ilə yanaşı, bu şəxslərin rəsm və əl işlərindən ibarət sərginin keçirilməsi məqsədinin onların bacarıqlarını ortaya çıxarmaq, özlərinə inamlarını artırmaq olduğunu qeyd edib. Pakistan hökuməti tərəfindən fiziki məhdudiyyətli şəxslərin rifahı üçün keçirilən müxtəlif proqramlardan da bəhs edən səfir Əli Əlizadə, bu tədbirə Prezident Sarayında ev sahibliyi etdiyinə və xeyirxah məqsədlərə xidmət edən işlərə göstərdiyi davamlı diqqətə görə Pakistan Prezidenti Arif Alviyə təşəkkürünü bildirib.

Tədbirin xüsusi ali qonağı, Pakistanın Prezidenti Arif Alvi Heydər Əliyev Fondunun Pakistanda, eləcə də dünyanın bir çox ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirdiyini xüsusi qeyd edərək, bu cür proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətlərindən məmnunluğunu bildirən Prezident 2019-cu ildə Qoşulmama Hərəkatının iclasında iştirakla bağlı Azərbaycana səfər etdiyini və ölkəmizdə göstərilən xüsusi diqqət, qayğı və qonaqpərvərliyin onda xoş təəssüratlar yaratdığını vurğulayıb.

Prezident 44 günlük müharibədən söhbət açaraq ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. O, həmçinin, fiziki məhdudiyyətli şəxslərə diqqətin göstərilməsinin vacibliyindən bəhs edərək Pakistan höküməti tərəfindən də bu şəxslərin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilməkdə olan layihələr barədə məlumat verib və onlara sadəcə dövlət tərəfindən deyil, eyni zamanda vətəndaşlar tərəfindən də qayğı göstərilməsinin zəruriliyini vurğulayıb.

Tədbirin yekununda Pakistanın Xüsusi Təhsil Baş Direktorluğu, Bait-ul-Mal, Xüsusi Hərbi Təhsil Akademiyası və Xüsusi İstedad Mübadilə Proqramı təşkilatlarını təmsil edən fiziki məhdudiyyətli şəxslərə Heydər Əliyev Fondunun dəstəyi ilə onların bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış 100 ədəd arabalar təqdim olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678