Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İki oğlu Vətən yolunda şəhid olan ana: “Qardaşı qollarında şəhadətə yüksəldi” – MÜSAHİBƏ + FOTO

140 Baxış

Vətən anadır, biz övladıyıq… Bu ifadənin nə qədər gerçək olduğunu Azərbaycan Ordusunun qəhrəman əsgərləri sayəsində 44 gün içərisində bütün dünya gördü və bildi…

İkinci Qarabağ müharibəsində qanı bahasına torpaqları işğaldan azad edən şəhidlərimiz, qazilərimiz oldu. Şəhidlərimiz arasında qəhrəmanlıqları ilə dillərə dastan olan iki qardaşdan danışacam. O iki qardaş ki, uşaq yaşlarından Vətənə böyük sevgi və məhəbbətlə böyüdülər.

Söhbət Masallı rayonunun Viləş kəndində anadan olan Əsgərov Nurlan Bayram oğlundan və Əsgərov İntiqam Bayram oğlundan gedir.

Şəhid qardaşların ikisi də hərbçi olmağı seçib və Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyünün qəhrəman hərbi qulluqçularından olublar. Onlar yalnız bir ailənin iki oğlu deyil, iki qardaş deyil, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birilərindən ayrılmayan qardaşlardan Nurlan Əsgərov Aprel döyüşlərində, İntiqam Əsgərov isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

İki övladını Vətən uğrunda torpağa tapşıran şəhid anası Ziba Əsgərova oğlanları ilə fəxr etdiyini deyir. Ürəyi köz olub yansa da, Ziba ana Nurlanla İntiqamın bu dünyada olduğu kimi, cənnətdə də birlikdə olduqlarını, bir-birilərini qoruduqlarını deyir.

Oxu.Az şəhid Nurlan və İntiqam Əsgərov qardaşlarının anası Ziba Əsgərova ilə müsahibəni təqdim edir:

Hansı sualdan, necə başlayacağımı bilmirəm…Nə deyim ki, Ziba ananın qəlbini, hələ qaysaq bağlamamış yarasını təzələməyim…

Elə bu zaman Ziba ana özü mənə sual verir…

– Qızım, Nurlanla İntiqamın necə uşaq olduqlarını bilirsiniz?

İntiqam 1991-ci, Nurlan 1995-ci ildə doğulub. Aralarında 5 yaş fərq var idi. İkisi də uşaq yaşlarından Vətənə bağlı olublar. Həmişə deyirdilər ki, hərbçi olacağıq. Ana kimi oğullarımın hərbçi olmaq istəyi məni sevindirib. Onlara görə hər an, hər saniyə qorxmuşam, nigaran qalmışam. Amma istəklərinə qarşı gəlməmişəm. Mən övladımı geri çəkim, o biri geri çəksin, bəs Vətənin keşiyində kim dayansın?

Ona görə onlara əlimdən gəldiyi qədər dəstək olmuşam. Nurlan Azərbaycanda, qardaşı İntiqam isə Türkiyədə kəşfiyyat kursunu bitirib. Hər ikisi Aprel döyüşlərində iştirak edib. Onlar iki qardaş, iki sirdaş olduqları kimi, həm də çiyin-çiyinə döyüşüblər.

“Nurlan İntiqamın qollarında şəhid oldu…”

– Ziba ana, dörd il əvvələ – Aprel döyüşlərinə qayıdaq. Nurlan necə şəhid oldu?

– Hər iki oğlum Aprel döyüşlərində iştirak edib. Çiyin-çiyinə vuruşublar. İntiqam danışırdı ki, bir qədər irəlilədikdən sonra Nurlanla fərqli dəstələrə daxil olublar. Talış kəndi tərəfə getsələr də, istiqamətləri fərqli olub. Döyüşlər başlayıb. Düşmən Nurlangilin mövqelərini atəşə tutub. İntiqamgilin dəstəsi ora çatana qədər minaatan mərmisindən bir neçə dəfə atəş açılıb. Sonuncu mərmi Nurlanın yaxınlığına düşüb. İntiqam deyir ki, Nurlanla birlikdə bir neçə əsgər də həmin yerdə şəhid olub.

İntiqam onlara çatanda birinci qardaşını soruşub. Heç kim Nurlanın şəhid olduğunu deməyə ürək etməyib. Düşmən atəşi səngiyən kimi İntiqam döyüş meydanından yaralıları və şəhidləri çıxarmağa gedib. Qardaşının yanına çatanda görüb ki, hələ sağdı. Amma cəmi 30 saniyə nəfəsi üstündə olub. 21 yaşlı Nurlanım qardaşının qollarında, son dəfə İntiqamın gözlərinə baxıb və şəhid olub. Mərmi Nurlanın bədənini parçalayıb. İntiqam ətrafa baxıb ki, iki yaralı var. Yaralananlardan birinin ayaqları yox idi. Qardaşını qoyub, birinci həmin yaralılara ilkin yardım göstərib, təhlükəsiz yerə çıxarıb. Ən sonda öz qardaşını çiyinlərinə alıb gətirib.

– Bu hadisə İntiqamın həyatına necə təsir etdi?

– İntiqam Nurlanın ölümü ilə barışa bilmədi. Qardaşının nəşini döyüş meydanından çıxarandan sonra silahlanıb, düşmənin üzərinə getmək istəyib. Hərbçi yoldaşları onu güclə saxlayıblar. Amma mən bilirdim ki, İntiqam geri dönən deyil. Həmişə deyirdim ki, Aprel döyüşlərinin şahidi də, şəhidi də mənim evimdən olub. O gündən sonra İntiqam soyadının yerinə Qisas ləqəbini götürdü. İntiqam Qisas…

Bu döyüşlər başlayanda İntiqam çox sevindi. Qardaşının, şəhid yoldaşlarının qisasını almağı çox istəyirdi. Çalışdığı hərbi hissədə xüsusi təyinatlı qulluqçular yetişdirirdi. Həmişə deyirdi ki, bu müharibəni biz bitirməsək, gələcəkdə övladlarımız davam etdirəcək. Torpaqlarımızı alıb, övladlarımıza firavan həyat, gələcək qoymalıyıq.

– Bildiyim qədər, İntiqam döyüşdə olduğu üçün Nurlanın dəfnində iştirak edə bilməyib.

– Bəli, gələ bilmədi. Nurlanımı 24 il bundan qabaq qazılan məzarda dəfn etdik. Sanki mənim taleyimə yazılmışdı oğullarımdan birinin şəhid olacağı. Amma bilməzdim ki, bu uca zirvə, bu şərəfli yol iki balama da nəsib olacaq.

“Nurlan əmisi üçün qazılan məzarda dəfn edilib”

– 24 il bundan qabaq qazılmış məzar…?

– 1992-ci ildə qayınım könüllü olaraq döyüşlərə getmişdi. Döyüşdə yaralanmışdı. Çox ağır yaralandığı üçün qayınımla başqa şəhidin nəşi dəyişik düşmüşdü. Qaynımın adı Polad Əsgərov idi. Biz onu dəfn etdikdən sonra adətə uyğun olaraq mərasimləri verdik. Hələ 40 gün olmamış bildik ki, dəfn etdiyimiz başqa şəhiddir. Amma biz mərasimi dayandırmadıq. Onun üçün də öz əzizimiz kimi bütün mərasimləri təşkil etdik. O, şəhid cəmi 24 gün qazdığımız məzarda yatdı. Daha sonra ailəsi gəlib götürdü. Amma məzarı boş qaldı. İllər keçdi, düz 24 il sonra təsadüfən Nurlanımı elə qazılan həmin məzarda torpağa tapşırdıq.

İntiqam üçün çox çətin idi. Oğlum mənə baxıb güclü olsun deyə dəfndə ağlamadım. İntiqam məni gözüyaşlı görmədi. Hər kəsin arzusudur ki, böyütdüyü övlad vətənə, minnətə layiqli olsun. Mən də fəxr edirəm ki, belə oğullar böyütmüşəm.

– İntiqamın İkinci Qarabağ müharibəsinə gedəndə sizə nə dedi?

– Sentyabrın 25-i axşam evdə oturmuşduq. İntiqam gəldi. Balaca qızı var, adını qardaşı Nurlanın şərəfinə Nur qoymuşdu. Hamımız Nurlanın yerinə onu bağrımıza basmışdıq. Nurlanın itkisi atasına çox pis təsir etmişdi. İntiqam bütün sözünü, sirrini mənə deyirdi. Müharibə başlayanda mənə dedi ki, biz irəli gedəcəyik. Allah mənə qısa ömür yazıbsa, qoy bu cəbhədə olsun, kənarda yox. Gedəndə dedi ki, Allahın qismətidi, Aprel döyüşlərində güllə yağışının altından sağ gəldim. Bu dəfə də taleyimdə qayıtmaq varsa, qayıdacam. Yoxdursa, Vətən yolunda şəhid olacam, şərəf duyun!

Nurlanın otağını muzey kimi düzəltmişəm. İntiqam həmin gecə qardaşının otağında 3 saat namaz qıldı. Səhərə qədər mən də yatmadım ki, onu yola salacam. Qardaşı üçün çox darıxırdı. Onunla səhərə qədər dualarında söhbət edib. Səhər şirniyyatla bir stəkan çay içdi və getdi. Mən İntiqamın geri qayıdacağına inanırdım. Heç gözləmirdim ki, onu son dəfə görürəm.

– Müharibə vaxtı evə zəng edirdi?

– Bir neçə dəfə danışmışıq, amma çox qısa. Yerini heç vaxt deməzdi. Elə uşağını, bizi soruşub, sağollaşardı. Oktyabrın 18-i zəng elədi. Danışırdı ki, ana gözün arxada qalmasın, Nurlanın da, digər şəhidlərin də qısasını aldıq. İnşallah sağ-salamat qayıtsam, görüşərik. Şuşanın azad olunmasını eşidəndə elə bildim ki, çiyinlərimdən yük götürüldü. Deyirdim ki, Şuşa azad olunanda Nurlanımın formasını geyinib, büküldüyü bayrağı da götürüb ora gedəcəyəm.

Bu xəbəri alanda çox sevindim, amma bir neçə gün idi ki, İntiqamdan xəbər ala bilmirdim. Oktyabrın 16-na qədər oğlumdan xəbər gəlmədiyi üçün artıq nigaran qalırdım. Bu qədər xəbərsiz qoymazdı məni. Övladlarım mənim nağıllarımın qəhrəmanı idi.

“İntiqam oktyabrın 9-u şəhid olub, amma biz 16-sı bildik”

– İntiqamın şəhid xəbərini necə aldınız?

– Xəbərsiz qaldığım üçün ürəyim dözmədi. İntiqam barədə bir məlumat bilmək üçün aidiyyəti qurumların qarşısına gedirdim. Soruşurdum. Sonuncu dəfə də bir neçə ailə ilə birlikdə Müdafiə Nazirliyinin qarşısına getdik. Oradan uşaqlarımızın adını dedik ki, bir xəbər varsa, bilək. Mən İntiqam Əsgərovun anasıyam deyəndə, bir əsgər anidən mənə tərəf çöndü. Dedi  ki, siz İntiqamın anasısız? Dedim, bəli, tanıyırsan oğlumu, bala? Oğlan gözlərini məndən qaçırdı. Onda bildim ki, nəsə olub. Bizə dedilər ki, siz evə gedin, biz sizə məlumat verəcəyik.

Hərbi komissarlıqdan zəng edib, İntiqamın şəhid olduğunu dedilər. Əsgər yoldaşları dedi ki, oğlum ayın 9-u Şuşada gedən döyüşlərdə şəhid olub. Şəhid xəbərini isə ayın 16-sı dedilər. Oğlum balaca qızına doya bilmədən həyatdan köçdü. Allah qoysa, ikinci övladı dünyaya gələcək. İntiqam heç bilmədi ki, geridə qızı ilə bərabər, bir də igid oğlan övladı qoydu. Dünyaya gələcək nəvəmə elə İntiqamın öz adını verəcəyik. Atasının adını şərəflə daşıyacaq, inşallah.

– Heç yuxularınıza gəlirlərmi?

– İntiqam hələ döyüşdə olanda Nurlan yuxuma girmişdi. Ürəyim narahat olan kimi balam yuxuma gəlirdi. Müharibənin davam etdiyi 44 gün ərzində Nurlan bir neçə dəfə yuxuma gəlib, qardaşından narahat olmamağımı dedi. Bir dəfə gördüm ki, ağ geyimdədi, mənə baxdı. Dedi, ana, qardaşımın yanındayam. Hər şey yaxşıdı.

Sonra bir neçə gün görmədim. İntiqamın şəhid olduğu günü bilmirdim, bir dəfə yuxuda İntiqamı gördüm. Gördüm uca bir zirvədi, yanaşı dayanmışıq. O da, mən də namaz qılırdıq. Ətrafımızda hündür gilas ağacları var idi. Birdən İntiqam gilaslardan birini dərdi və mənə dedi ki, bax ana, gör nə gözəl yerdi. Burada meyvələrin ən gözəl yetişən zamanıdır.

Həmin gecə iki yuxu gördüm. Nəvəm mənimlə yatmışdı, səhərə yaxın İntiqamı yenə gördüm. Gəlib Nurun başını sığalladı, beş-altı dəfə beşiyin başına fırlandı və getdi. Sonra İntiqamın şəhid olduğu tarixi biləndə, təəccübləndim. Balam can verəndə yuxuma gəlib.

– Övladlarınızın məzarları da yanaşıdır.

– İntiqamla Nurlan bu dünyada bir-birindən heç ayrılmadı. Həyatda qardaş oldular, yoldaş oldular. Döyüş meydanında silahdaş oldular, çiyin-çiyinə vuruşdular. İntiqamı dəfn edəndə xahiş etdim ki, qardaşı ilə bir yerdə olsun. Nurlanın məzarının yanını açdırdıq. Son nəfəsini də qardaşının qolunda vermişdi. İntiqamla Nurlan məzarda da artıq bir yerdədilər. Bilirəm ki, övladlarım harada olur-olsun, bir-birindən müğayət olacaqlar.

– Hər iki oğlunuz Ali Baş Komandan tərəfindən təltif edilib.

– Mənə də, digər şəhid analarına da təsəlli məhz övladlarımızın adının unudulmaması, zəhmətinin yerdə qalmamasıdır. Ali Baş Komandan sağ olsun. Övladlarım Vətənə olan borclarını yerinə yetirdilər. Hər ikisinin zəhmətini qiymətləndirdi. Sizlər də sağ olun ki, İntiqam və Nurlan barəsində yazılar yazırsınız. Onların adını unutdurmursunuz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Aprel şəhidimiz Əsgərov Nurlan Bayram oğlu isə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Könül Cəfərli
Ramil Zeynalov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678