Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

IELTS imtahanından uğurla keçmək istəyənlərin nəzərinə: Bu məqalə sizin üçündür!

322 Baxış

Yeni il yeni arzular, yeni məqsədlər, yeni hədəflər deməkdir. Əgər bu yeni il üçün qarşınıza qoyduğunuz hədəflərinizdən biri də IELTS imtahanını uğurla verərək ehtiyacınız olan balı əldə etməkdirsə, bu məqalə məhz sinin üçün yazılıb.

İlk öncə məlumunuz olsun ki, IELTS imtahanı ingilis dili biliyinizi beynəlxalq səviyyədə təsdiq edən imtahandır və oxuma, dinləmə, danışıq, yazı da daxil olmaqla dörd hissədən ibarətdir. Bu test metodu istifadə etmə məqsədindən asılı olaraq iki növ olur:

· Akademik test

· Ümumi test

Akademik IELTS xaricdə təhsil, ümumi IELTS isə xarici ölkəyə köçmək və karyera məqsədlərinə çatmaq üçün tələb olunur. Kağız üzərində olan imtahana minimum altı həftə öncədən qeydiyyatdan keçmək lazımdır, çünki bundan sonra əlavə yer qalarsa, qeydiyyat davam etdirilir.

Kompüter üzərində olan imtahana isə imtahan tarixindən beş gün öncə qeydiyyatdan keçə bilərsiniz. İmtahan tarixləri növbəti altı ay müddətinə açıqlanır. IELTS haqqında yetərli məlumatınız olduğuna görə, “IELTS imtahanında uğurlu nəticə əldə etmək üçün məndən nə tələb olunur?” sualını cavablandırmağın əsl vaxtıdır.

Araşdırmaların nəticəsinə əsasən, bu imtahandan hədəflədiyiniz balı qazanmaq üçün səbəbiniz, yəni “NİYƏ”nizin kifayət qədər güclü olmağı ən önəmli faktorlardan biri, hətta birincisi sayılır. Nəzərə alsaq ki, sözügedən ən önəmi NİYƏniz xarici motivasiya adlanır və gərgin hazırlıq müddətində bu xarici motivasiyanızı anlıq unutmanız belə sizin kifayət qədər həvəsdən düşmənizə səbəb ola bilər. Bu halla qarşılaşmamaq üçün otağınızdan ən güclü NİYƏnizə aid şəkil, yaxud vizual təsir xarakterli nə isə (bu, görmək istədiyiniz yerlərin rəsmi, oxumaq istədiyiniz universitetin kitabxanası və s. ola bilər) asmanız məqsədəuyğun olardı.

Bəs xarici motivasiya yetərlidirmi?

Xeyr. Təcrübələrdən əldə olunan nəticəyə görə, insanlar sınaqlarda istədikləri balı yığmayanda bəzən xarici motivasiya da onlara kömək edə bilmir və beləliklə də, çəkdikləri əziyyətləri yarıda qoya bilirlər. Bu halın sizinlə baş verməməsi üçün isə xarici motivasiya faktorunu daxili motivasiya ilə tamamlamaq, çox ,amma çox önəmlidir. Özünüzdə daxili motivasiyanı yaratmaq üçün sizin ingilis dilini öyrənmək məqsədlərinizə çatmaq istəyinizdən başqa digər səbəblərə ehtiyac duyulur. Məsələn, Qarabağımızı uğurla geri qaytaran qalib ölkənin vətəndaşları olaraq, öyrəndiyimiz yeni sözlərdə, oxuduğumuz mətnlərdə düşünə bilərik ki, biz buradakı lazımi sözləri / ifadələri danışıq testində suallara uyğun olaraq, Şuşada “Cıdır düzü”nün, “İsa bulağı”nın möhtəşəmliyini, Qarabağ atlarının gözəlliyini, Kəlbəcərdə İstisuyun möcüzəvi xüsusiyyətlərini, Zəngilanda yerləşən qızıl yataqlarımızın necə dəyərli olmasını və s. xarici ölkədən olan qarşı tərəfə çatdırmaqda istifadə edə bilərik və bununla Qarabağ incilərimizin dünyaya tanıdılmasına töhfə vermiş olarıq.

Digər vasitə olaraq isə düşünə bilərsiniz ki, ingilis dili sizə tək imtahandan keçmək üçün deyil, həm də sizə maraqlı olan mövzularda məqalələr oxumağa, filmlər izləməyə, dünyanın hər bir tərəfindən uğurlu insanların təcrübələrini bölüşdüyü “TEDx” platformasındakı çıxışlara rahat qulaq asmağa, dünyaca məşhur yazıçıların əsərlərinin tərcümə edilmiş versiyasına ehtiyac olmadan oxumağa yeni bir fürsətdir. Nəhayət, ən önəmli mərhələ xarici və daxili motivasiyanız bir-birini tamamladıqdan sonra IELTS imtahanında istədiyiniz balı yığmaqda sizə kömək edəcək digər beş önəmli faktora keçid edə bilərsiniz: 

1. İmtahan verəcəyiniz tarixi əvvəlcədən dəqiq müəyyən etməlisiniz və özünüzə həmin tarixi bir hədəf olaraq seçməlisiniz. Bu, özünüzü bəlli bir zaman çərçivəsinə salmaqda sizə kömək edəcək. Bəzən, “Səviyyəmi artırmaq və IELTS imtahanını uğurla vermək üçün bir ilə ehtiyacım var” kimi fikirlərə rast gəlsək də, IELTS imtahanı, orta (intermediate) səviyyədən başlayanlar üçün 2-3 ay, yuxarı-orta (upper-intermediate) səviyyədən başlayanlar üçün isə 1-2 ay ərzində uğurla verilə biləcək bir imtahandır. Bu müddətdə hədəf balınızı müəyyən edərkən isə maksimum realist olmanız və sizin üçün limitli zaman çərçivəsində əlçatan balı arzulamaq xeyrinizə olacaq.

Mövzu ilə bağlı peşəkarlara müraciət etmək qərarına gəldik və ilk müsahibimiz “ROOF Academic Training” tədris mərkəzinin rəhbəri Rüfət Hüseynzadə oldu. O, bu barədə qeyd etdi ki, 10 illik təcrübəsinə əsasən hazırlıq zamanı konkret məqsəd olmalıdır. Məsələn, filan yerdə oxumaq üçün mənə 7.5 IELTS balı lazımdır. Bu zaman tələbə öz inkişafını daha asan ölçür və daim öz üzərində çalışır. Müəllim həmçinin qeyd etdi ki, hazırlıq zamanı digər bir məsələ disiplinli olmaqdır. IELTS-də bəhanələrə yer yoxdur. Bildiyimiz kimi burada biliklə yanaşı texniki nüanslar – vaxt, açar sözlər var. Hamısının öhdəsindən uğurla gəlmək üçün bir tempdə ciddi çalışmaq vacibdir. “Bu gün “reading” edə bilmədim, “speaking”ə sonda hazırlaşsam da olar” kimi fikirlər yüksək nəticə əldə etməyə mane olur.

Rüfət müəllim son olaraq isə diqqəti toplamaq barədə fikir bildirdi: “Uzun müddət IELTS hazırlığına gedən tələbələrlə hər birimiz qarşılaşırıq. Əgər ingilis dili səviyyəniz uyğundursa, üç aylıq proqramla hədəflədiyiniz nəticəni toplaya bilərsiniz. Sizdən tələb olunan kənar fəaliyyətləri dayandırıb sadəcə hazırlığa fokuslanmaqdır. Sadəcə üç ay hər gün 2-3 saatınızı IELTS-ə ayırsanız, gözləntilərinizi doğrulda bilərsiniz. Unutmayın, üç aylıq proqram ingilis dili səviyyəsi IELTS hazırlığına uyğun olan namizədlərə aid edilir”.

2. Başlamaq üçün ən yaxşı alət isə hərtərəfli düşünülmüş hazırlıq planıdır. Bu hazırlıq planında hər gün dörd hissəyə də bərabər zamanın ayrılmasının nəzərə alınması mütləqdir. Həftənin 5-6 gününü balanslı şəkildə plana uyğun olaraq çalışmaq və yerdə qalan 1-2 günü isə özünüzə istirahət vermək sınanmış ən effektiv metod hesab olunur. Hazırlıq planının bir parçası olaraq, testlərə başlamazdan öncə test formatını və qiymətləndirilmə taktikasını tam başa düşməkdə böyük fayda vardır. Hazırlıq müddəti boyunca hətta gündəlik limitli hazırlıq müddətinizdən kənarda belə özünüzü maksimum olaraq ingilis dili ilə əhatələməlisiniz (baxdığınız filmlər, oxuduğunuz kitablar/xəbərlər,facebook/whatsapp-ın dili və s.).

3. Bir “Excel” faylı yaratmağınız və başladığınız tarixdən etibarən bütün hissələr üzrə etdiyiniz hər bir testin nəticəsini qeyd etməyiniz sizə hazırlıq müddətiniz ərzində inkişafın hansı yöndə olduğunu göstərməkdə əvəzolunmaz köməkçi olacaqdır. Bu cədvəl və yaxud qrafik şəklində vizual təsvirə əsasən siz zəif olduğunuz nöqtələri asanlıqla müəyyən edə və onun üzərində xüsusi səy göstərməklə yüksək nəticə əldə edə bilərsiniz. 

4. İmtahana iki həftə qalmış artıq yeni şeylər öyrənmənin maksimum dayandırılması və ancaq müxtəlif mənbələrdən testlər işləməyə yönəlmə çox önəmli hesab edilir. Bir məqamı da unutmaq lazım deyil ki, bütün işlənilən sınaq testləri IELTS test formatına uyğun şəkildə – dəqiq zamanlamanı və imtahan mühitini təmin etməklə işlənilməlidir. İmtahan müddətində adi səslər belə (məsələn: nəzarətçilərin ayaq səsləri, çöldən gələn maşın səsləri və s.) insanların fikrinin dağılmasına və nəticədə, effektiv ola bilməmələrində böyük rol oyanyır. Bunun səbəbi isə, hazırlaşan şəxsin hazırlıq müddətində özünə yetərli imtahan mühitini yaratmamasıdır. Virusla əlaqəli olaraq bir çox məkanın bağlı olduğunu düşünərək, bu testləri sakit bir ortamda işləmək əvəzinə ailə üzvlərinizin də olduğu otaqda işləməniz sizin üçün faydalı olardı. 

“British Council”ın Cənubi Qafqaz üzrə imtahan koordinatoru Nərgiz Əkbərova isə əsas fokus məsələsinə diqqətimizi cəlb etdi. Nərgiz xanım dedi ki, imtahana hazırlaşan zaman tələbə fokusunu sadəcə imtahana yönləndirməlidir, çünki digər amillər (imtahan götürən şəxs, dostumun yığdığı bal, otaqdakı hava və s.) tələbənin olduqca önəmli olan enerjisini və vaxtını alır.

Tələbələr bu enerji və vaxtı hazırlıq mənbələrinə istifadə etsələr və özlərinə güvənsələr imtahan nəticələri gözlədikləri kimi olacaq. Tələbələr bu imtahanda biliklərinə, tam hazır olduqlarına və bunu edə biləcəklərinə güvənməlidirlər. 

Yuxarıda yazılanlara əməl etmək sizə arzuladığınız IELTS balını əldə etməyə və bununla da, məqsədlərinizə doğru gedən yolda artıq bir addım atmış olmaqda sizə yardımçı olacaq. Ümid edirəm ki, bu məqalə sizin üçün faydalı olmuşdur. Hər birinizə uğurlar!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678