Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin “Abşeron Hekayəsi” – REPORTAJ + FOTO

159 Baxış

Bu gün “Gazelli Art House”-da Anar Hüseynzadənin “Abşeron Hekayəsi” adlı fərdi sərgisi keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Abşeron Hekayəsi” Anarın sayca keçirilən dördüncü fərdi sərgisidir. Bundan öncəki sərgiləri Vyana, Strasburq və Lüksemburqda nümayiş olunub.

Bu gördüyünüz rəsm əsərləri 6 yaşından bu günə qədər rəsm sahəsinə maraq göstərən istedadlı insana məxsusdur.

Məlumat üçün bildirək ki, Anar Hüseynzadə 1981-ci ildə Bakıda anadan olub. Davamlı və həsəd hissi yaşadan əzmlə Anar Hüseynzadə Bakı Pionerlər Sarayında rəsm dərnəyindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr dərəcəsinə qədər bütün təhsil mərhələlərini uğurla başa vurub.

Sərgilənən əsərlərə diqqət etdikdə rəssamın şərq ədəbiyyatının pərəstişkarı olduğu hiss olunur. Xüsusilə Nizami, Nəsimi və Füzulinin əsərləri insanı ilk baxışda cəlb edir. Onların fəlsəfi məna ilə dolu əsərlərini oxuyaraq, əfsanələrə və qədim nağıllara bürünmüş kətanlar yaradır.

XX əsrin ortalarında fəaliyyət göstərən Azərbaycan rəssamlarından, xüsusən də məşhur ustad Mir Cavaddan ilham alan Anar Hüseynzadə dahi Azərbaycan rəssamlarının yolunu davam etdirdiyi üçün qürur duyduğunu deyib:

“O dövrün rəssamlarının hədəfi sərhədləri aşmaq olub. Biz isə bu gün onların işlərini davam etdiririk. Rəsm işləyəndə son nəticədə nə yaranacağını bilməsən də, kətana fırça ilə toxunaraq əsəri duyursan. Əsərlərimdə qədimiliyin və müasirliyin birgə harmoniyasını sevirəm”.

Rəsm əsərləri ilə tanış olduqca hər birinin ərsəyə gəldiyi tarixi əzbərdən danışan rəssamın üslubu sərgiyə gələnləri məftun edir.

O deyir ki, qəhrəmanlarının hamısı xəyalidir:

“Bu sintez tamamilə yeni bir üslubda və perspektivdə orijinal əsərlər yaradaraq, bizə insan ruhunu görmə imkanı yaradır. Anarın sevimli motivi – mistisizmlə dolu müdriklərdir. Gördüyünüz bu ağsaqqallar (müdriklər, şamanlar) mənim ən sevdiyim obrazlardandır. Qəhrəmanlarımın hamısı xəyali olsalar da, mən bilirəm ki, əsərlərimdə təsvir olunan insanlar ədalətli bir həyat sürüb, səyahətlərinin sonunda müdrikləşib, ilahi həqiqəti və həyatın mənasını tapıblar”.

Onu da qeyd edək ki, sərginin keçirildiyi “Gazelli Art House” 2003-cü ildə Mila Əsgərovanın təşəbbüsü ilə Bakıda “Gazelli House” binasında sənət sevərlər üçün yaradılıb və çox sevilir. İlk olaraq Azərbaycan rəssamlarının sərgilərinə qapılarını açan məkan 2012-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Londonda konseptual sərgilər keçirildikdən sonra məkanın direktoru Mila Əsgərova Böyük Britaniyanın paytaxtında “Gazelli Art House” adlı bir məkan yaratmaq qərarına gəlib.

Rəssamın sərgi üçün məhz bu məkanı seçməsi heç də təsadüfi deyil. Məkanla sərgi bir-birini çox gözəl tamamlayıb. Çünki rəssam obyektə xüsusi bir forma verməyə çalışmır. Bunun əvəzinə, kətanda yaratdığı enerjini və duyğunu hiss etdirir. Hər bir əsər müasir üslubda işlənib, ənənəvi naxışlar və bəzəklərlə tamamlanıb.

“Gazelli Art House” qısa müddət ərzində vətəndaşların və xarici qonaqların sevimli məkanına çevrilib desək, yalan olmaz. London və Bakıdakı qalereyalarda sadəcə sərgi deyil, eyni zamanda mühazirələr, seminarlar, master klasslar, art terapiyalar da təşkil olunur. Qalereya öz növbəsində digər xarici qalereyalar və muzeylərlə fəal əməkdaşlıq edir.

Rəssam Anar Hüseynzadənin “Abşeron Hekayəsi” adlı sərgisi isə mart ayının 31-nə qədər davam edəcək. Rəsm sevərlər əsərlərlə tanış olmaq üçün yolunu “Gazelli Art House”-dan sala bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678