Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qarğalar tələf olur: “Quş qripi yoxsa iqlim dəyişikliyi?” – Ekoloqdan həyacan təbili + VİDEO

116 Baxış

Son bir ay ərzində paytaxtda eləcə də regionlarda qarğaların kütləvi şəkildə ölməsi ilə bağlı görüntülər yayılıb.

Oxu.Az-ın məlumatına görə, bu faktlar cəmiyyət arasında narahatlığa səbəb olub. Belə ki, paytaxtın “Gənclik” metrostansiyası yaxınlığında, Sabunçu rayonu Bakıxanov qəsəbəsində, eləcə də Ucar rayonunda da qarğaların, quşların kütləvi ölümü ilə bağlı faktlar var.

Bəs görəsən buna səbəb nədir? Yeni virus yayılır yoxsa necə?

Məsələ ilə bağlı “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifov Oxu.Az-ın sorğusuna cavab olaraq qarğaların kütləvi şəkildə ölməsi ilə bağlı faktları təsdiq edib. O bildirib ki, həqiqətən keçən ilin sonlarından etibarən Azərbaycanın, əsasən şəhər ərazilərinin park və bağlarında, şosselər boyu onlarla qarğakimilərin (qarğa, ala qarğa, dolaşa) cəsədləri müşahidə olunmaqdadır:

“Əvvəla onu qeyd edim ki, qarğaların kütləvi ölümü ilə bağlı bu problem təkcə bizdə müşahidə olunmur. Keçən ilin ortalarından etibarən bu xoşagəlməz vəziyyət bir çox qonşu ölkələrdə (Rusiya, Gürcüstan və s.) müşahidə olunur. Alim və mütəxəssislərin qarğaların belə qəfil və kütləvi ölümü haqqında hələ də yekdil fikri yoxdur. Mənim özüm də bu halı Mərdəkan Dendrarisinin ərazisində qarğaların qəfil deyil, tədricən zəifləyərək ölməsini müşahidə etmişəm. Bu hal çox ciddi araşdırma tələb edir. Bunun səbəbi virusun (təhlükəli quş qripi virusu), müxtəlif parazitar canlıların, zəhərlənmələrin və s. biotik və abiotik faktorların təsiri ola bilər”.

Qarğaların kütləvi şəkildə ölümü ilə bağlı bir sıra mülahizələrin irəli sürüldüyünü deyən ekoloq məsələnin ciddi surətdə araşdırılmalı olduğunu deyib:

“Buna səbəb iqlim dəyişmələri ola bilər. Son dövrlərdə qış mövsümünün isti keçməsi nəticəsində parazit canlılar aktivləşir, qarğaların immun sistemi aşağı düşür.

Digər səbəblərdən biri quş qripi ola bilər. Bu məqam ciddi araşdırılmalıdır. Ona görə bu cəsədlər xüsusi təhlükəsizlik qaydaları ilə (maska, əlcək) toplanılaraq yandırılmalıdır.

Eyni zamanda qarğaların ölməsi zəhərlənmə nəticəsində də ola bilər. Zəhərlənmə 2 səbəbdən (məqsədli və məqsədsiz) ola bilər. Sahibsiz it və pişiklərə nəzərdə tutulmuş zəhərlər qarğaları kütləvi öldürə bilər. Əgər belədirsə, onların ekskrementləri toplanılaraq zərərsizləşdirilməlidir.

İstisna edilməyən səbəblərdən biri də quşların aclıq səbəbindən tələf olması ehtimalıdır. Əvvəlki dövrlərdə nəzarətsiz məişət tullantılarının çox olması qarğaların yem bolluğuna səbəb olmuşdur. Yeni gətirlən qapaqlı zibil qutuları yem qıtlığına səbəb olmuş, nəticədə qarğalar aclıqdan məhv olur. Sinantrop quşlar (əssən, qarğa, qumru, alapaxta, sərçəkimilər) arasında rəqabət güclüdür.

Və ya ekosistemin öz qanunauyğunluqları səbəbindən kütləvi şəkildə quşların ölməsi baş verə bilər. Hər bir ekosistem özünün tarazlıq (homeostaz) vəziyyətində olur. Bəzən bu tarazlıq pozulur, nəticədə bir növ anomal artaraq digərlərini sıxışdırır. Bir müddətdən sonra ekosistem özünün əvvəlki balansını bərpa edir. Qarğalar da çox ağıllı canlı olduqlarından və digər araşdırılması vacib səbəblərdən son dövrlərdə bizdə kəskin artmışdı. Nəticədə ağıllı və güclü olan qarğalar qida uğrunda mübarizədə şəhərin digər vacib sinantrop canlılarını (sərçəkimilər, göyərçinkimilər və s.) sıxışdırıb çıxarırdı. Qarğaların sıxlığının kəskin artması onlar arasında müxtəlif parazitar xəstəliklərə səbəb olmuş və əvvəlki say tarazlığının normallaşmasına yönəlmişdir. Bu zaman şəhər ekosisteminə heç bir təhlükə yoxdur”.

“Təcili olaraq aidiyyatı qurumların (AMEA, ETSN, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi) mütəxəssislərindən ibarət xüsusi komissiya yaradılmalı, qarğa cəsədlərinin anatomik ekspertizası, onların ekskrementlərinin analizi aparılmalı, hər bir cəsədin ölüm səbəbi araşdırılmalı, sadalanan və digər mümkün bütün  faktlar araşdırılmalıdır”, – deyə Elman Yusifov qeyd edib.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678