Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq”

154 Baxış

Hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. 

Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir. Bir sıra Avropa ölkələrində karantin rejimi yenidən sərtləşdirilib.

Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemoloji durum pisləşir.

Ölkəmizdə bu xəstəlikdən ölənlərin sayı 699 nəfər, ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfər təşkil edir.

Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb. Hazırda aktiv xəstə sayı 9405 nəfərdir.

Ötən gün Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb.

Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib.
Nəticədə, ikinci ciddi təhlükəyə səbəb olan koronavirus (COVID-19) yaddan çıxıb. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır.

Onlar sosial məsafə saxlamır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Buna görə də koronavirusa gündəlik yoluxmaların sayında artım qeydə alınır.

Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil.

Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.
Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bir ilə yaxındır ki, koronavirus bütün dünyanın probleminə çevrilib:

“Nəticədə ciddi tibbi-sosial, siyasi iqtisadi çətinliklər yaranıb. Azərbaycan COVID-19-la mübarizədə ən öndə gedən nümunəvi ölkələrdən biridir. Bu xəstəlik yayılmağa başladığı ilk gündən dövlət səviyyəsində bütün işlər görülür.

Biz yaz-yay dövründə COVID-19-la uğurlu mübarizə apardıq, yoluxanların sayını lokallaşdıra bildik. Görülən tədbirlər nəticəsində eyni vaxtda 8000-ə yaxın xəstəni müalicə etmək imkanımız var. Bu virusun qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərə əhali mütləq dəstək verməlidir”.

M.Quliyev bildirib ki, koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsinə ehtiyac var:

“Əhali istənilən bir soyuqdəymə əlaməti olanda, yaxud əzginlik, narahatlıq, boğaz ağrısı, temperaturu olanda həkimlərə müaciət etsinlər. Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq.

Bu mübarizədə əhalidən ciddi nəsə tələb olunmur. Sadəcə – sosial məsafə saxlamaq, maska taxmaq, ehtiyac olmayanda evdən çıxmamaq və dizenfeksiya məhsullarından istifadə etmək lazımdır”. 

“Koronavirusa yoluxma sayı artarsa, karantin tədbirləri ilə bağlı daha da ciddi tədbirlərin görülməsinə ehtiyac yarana bilər. Ola bilsin yenə insanlar SMS icazə ilə yaşadığı yeri tərk etsin, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulsun.

Təbii ki, bunlar Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyi qərardır. İnsanlar heç vaxt özünü müalicə ilə məşğul olmamalıdır. Bildiyiniz kimi epidemiya artan ərazilərdə gediş-gəliş bağlanıb. Eyni zamanda, yoluxmaların əksəriyyəti yas yerlərində olur. İnsanlar sosial məsafəni qorumurlar. Əgər vətəndaşımız intizamlı olarsa, bu xəstəliyə qalib gələ bilərik”.

Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.

Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. 

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678