Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha heç kim adamı küçə-bacada görəndə tutub öpmür

129 Baxış

Kubra Məhərrəmova yazır…

Əvvəla onu deyim ki, artıq bir ildir ki, biz azərbaycanlılar COVID-19-la mübarizə aparırıq.

İtirdiklərimiz də oldu, qazandıqlarımız da. 

Məsələn onu qazandıq ki, daha heç kim adamı küçədə-bacada görəndə tutub öpmür. Daha əvvəlki kimi insanlar qəfil bir-birinin evinə toplu şəkildə qonaq getmir. Hamı əllərini təmiz saxlayır, marketə, dükana girib-çıxandan sonra əllərini spirtləyir.

Daha heç kim demir ki, COVID-19 yalan söhbətdi, bizim ətrafda heç kim yoluxmayıb, ölməyib. İnsanlar anladılar ki, bu virus var, ondan qorunmaq lazımdır.

Bu bir il ərzində Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 234 537 nəfər, ümumi ölüm sayı isə 3 220 nəfər oldu. Ümumi sağalanlar bu gün üçün 228 768 nəfər təşkil edir.  

Allaha şükürlər olsun ki, bu bir ildə başımıza gəlməyən iş qalmadı. 

Maskanı gah çöldə çıxartdıq, bağlı məkanda taxdıq. Gah çöldə taxdıq, evdə çıxardıq. Gah dedilər ki, maşında iki nəfər gedirsə, ikisi də maska taxmalıdır. Sonra dedilər ki, dəxli yoxdu, tək olsan belə, maska taxmalısan. Əlqərəz, maska ilə münasibətləri müəyyən edə bilmədik.

Bu maska söhbətini ÜST o qədər çək-çevirə saldı ki, o gün bir tanış qadın az qala xəstəxanalıq olmuşdu maskaya görə. Gecə qadını boğulma tutub, nəfəsi dayanıb. Məlum olub ki, qadın gecə yatanda belə maskanı çıxarmağı unudub, maskayla yatıb. Ailəsinin köməyi ilə vəziyyətdən çıxıb. 

Bu bir il ərzində dəfələrlə sərt karantinə getdik, qayıtdıq. Məktəbləri, kafe-restoranları, gözəllik salonlarını açıb bağladıq. Postlarda yoxlanışlara görə saatlarla tıxacda yatdıq. 

Metro üzünə həsrət, BNA-nın avtobuslarına möhtac qaldıq. Bir-birimizi qucaqlayıb avtobuslarda mənzil başına çatanacan bütün şəhəri dövrə vurduq. Amma qohum yasına gedə bilmədik. Yas evinə girən sahə müvəkkili süfrədə halva gördüsə, cərimə yazdı, “deməli evə gedib-gələn var” dedi. 

Bu bir il ərzində cərimədən bol olduq. Maska taxmadıq – cərimə yazıldı, SMS-icazəsiz çıxdıq – cərimələndik. Sosial məsafə qorunmadı – cərimə yazıldı. Buna da öyrəşdik. Amma effekti möhtəşəm oldu, indi küçədə maskasız adam görmək mümkün deyil.  

Bu bir il ərzində bütün dünya COVID-19 üçün vaksin axtarmağa başladı. Və ən effektiv olanları istifadəyə verildi. Hazırda dünyanın aparıcı ölkələrində peyvəndlənmə işi tam gücüylə həyata keçirilir. Elə bizim ölkədə də vaksinasiya işləri aparılır. Bu da yoluxmanın azalmasına təsir edir. Ümid edək ki, tezliklə canımız bu bəladan qutaracaq. 

Bugünlərdə Almaniyanın “Biontech” şirkətinin qurucusu, türkiyəli professor Uğur Şahin koronavirusun azalması və normal həyata qayıtmaqla bağlı açıqlamalar verib. Professor deyib ki, nə qədər ki, bu virus yeni mutasiyaya uğramayıb, dünya əhalisini tez peyvəndləmək lazımdır.

Bir də deyib ki, iyun ayında yoluxma və ölüm sayı azalacaq.

Bir ildən çoxdur ki, bütün dünya qapısını bağlayıb, oturub evində. Bir ildən çoxdur ki, dünyanın səsi əvvəlki kimi gəlmir. Bir ildən çoxdur ki, həkimlər gecə-gündüz insanların həyatını xilas etməyə çalışır. 

Bütün bu hadisələrə baxanda yadıma Hande Harmançı düşür. Yayın cırhacırında 
bizi evdə sərt karantinə bağlayıb, özünün Qubanın sərin meşələrinə getməyini heç vaxt ona bağışlamayacağam. 

Ümid edirəm ki, bu yay heç kim evdə dustaq olmayacaq. Uşaqlar dəniz üzünə həsrət qalmayacaq. İnsanlar rayonlara getmək üçün torpaq yollarla qaçmayacaq. Avtomobillərin yük yerində qaçaq kimi səyahət edən adamları polis tutmayacaq. 

Bütün bunların yenidən yaşanmaması üçün bir ümidimiz var. Bu da peyvənddir. Bizim öhdəmizə düşən isə peyvənddən boyun qaçırmamaqdır. Bu qədər sadə.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678