Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəmiyyətin “namus” adıyla ört-basdır etdikləri: Bu qədər qadın əxlaqsızdır?

146 Baxış

Kubra Məhərrəmova yazır…

Mən dünyaya gələndə atamın 50 yaşı var idi. Anamın dediyinə görə, hədsiz sevinirmiş, qız övladı olduğuna görə. Anasının adını da mənə qoyduğu üçün ikiqat sevinirmiş. 

Onun sevgisini hər zaman hiss etmişəm sağlığında, indi də mən onu sevirəm. Və hər keçən il daha çox sevirəm. Onun mənə verdiyi dəyəri, sevgini hər il daha çox anlayıram bəlkə…

Bunu niyə yazdım? Bu gün cəmiyyətdə qadına-qıza qarşı bir sevgisizlik hökm sürür. Bir ögey övlad münasibəti var. Bəzən isə bu ögeylik düşmənlik dərəcəsinə qədər gəlib çıxır. O düşmənçilik ki, sonda onu öldürüb məhv etməklə bitir.

Xalqımızın gözəl adəti var. Övlad payı istəyəndə məscidə, pirə ziyarətə gedib Allahdan imdad istəyər. Ən çox da bu dualarda Allahdan oğul istəyir insanımız. Xalqımızın ən çox ziyarət etdikləri məscidlərdən biri də “Təzəpir” məscididir.

Heç bilirsiniz ki, bu məscidi dövrünün adlı-sanlı xanımlarından biri Nabat xanım inşa etdirib?

Hacı Nabat xanım Aşurbəyova “Təzəpir” məscidini 1905-1915-ci illərdə ona bağışlanan kəbin pulu hesabına tikdirib. Nabat xanım məscidi tikdirmək üçün Peterburqda təhsil almış ilk azərbaycanlı memar Zivər bəy Əhmədbəyova xeyli pul verərək onu İstanbula və ərəb ölkələrinə göndərir. Məqsəd bu ölkələrin məşhur məscidlərinin memarlığını öyrənmək və yeni tikiləcək məsciddə tətbiq olunması idi.

Diqqət edin, keçən əsrin əvvəlində, müsəlman ölkəsində bir qadının hörməti, dəyəri nə qədər olub ki, xanım dövrünün böyük tikilisini həyata keçirib. O vaxt Bakı şəhər dumasından rəsmi qərar əldə edib.

Bu gözəl tikili bu gün də bizə adlı-sanlı Azərbaycan qadının ağılını, uzaqgörənliyini, gözəl zövqünü xatırladır. Tarixdə gözəl iz qoyan bu xanım bir daha cəmiyyətə böyük mesajdır.

Qadınlar böyük işlərə imza ata bilir və bacarır. Ona sadəcə dəstək olmaq lazımdır. 

Bunu hər dəfə deyirik ki, ölkə olaraq qız övladlarının ana bətnində tələf olunması üzrə regionda birinci yerdəyik. Selektiv abortlar nəticəsində qadın-kişi nisbətimiz pozulur. Sabah da oğul övladlarımız başqa millətdən qız alıb ailə quranda ən çox qız övladlarını abort edənlər hay-küy salacaq. Öz milləti ilə ailə qurmağı da istəyən bunlar, qız övladını abort edənlər də. Məntiq hanı görəsən?

Bəzi ailələrdə qız övladı dünyaya gəlsə belə “yetim uşaq” kimi böyüyür. Bu yetimlikdən qaçmaq üçün kimə gəldi ərə gedənlər də, qoşulub qaçanlar da az deyil. Sonra da standart vəziyyət, əri döyür-söyür, yenə də zorakılıq… Çözülməz dərd kimi dövrə vurur.

Bəzən bu neqativin əsas havadarı isə qaynanalar, nənələr olur. Özü qadın olmasına baxmayaraq ailəsində gəlinə, qız nəvəsinə oğlunun əliylə şiddət yetirmək məqdəsi ilə yaşayır.

Görəsən yaşadolan qadın bunu niyə istəsin? Niyə gəlinini qız övladı gözlədiyi üçün aborta göndərsin? Niyə əziyyət vermək üçün çalışsın? Bu hansı psixoloji xəstəlikdir görəsən? 

Ailə-məişət zəminində öldürülən qadınlar haqqında hər gün xəbər oxuyuruq. Çox zaman da bu qadınlar keçmiş həyat yoldaşları tərəfində zorakılığa məruz qalır. Yaxud da standart ssenari, həyat yoldaşından ayrılıb ata evinə dönən qadın ya atası, ya da qardaşı tərəfindən zorakılıq görür. Bəzi hallarda isə bu ölümlə bitir. İki ya da bir uşaq qalır anasız… Cəmiyyət də bu zorakılığı “namus” adıyla ört-basdır edir.

Amma heç kim demir ki, kimsəsiz bir qadına sahib çıxmaqdır namus. Ona övladlarını böyütmək üçün kömək etməkdir namus. Namus anlayışı bizdə problemlərin həll olunması deyil, qadını öldürməkdir. Axı bu qədər qadının hamısı əxlaqsız ola bilməz? Ən azı məntiqlə mümkün deyil.

Çox zaman qadının dərdinə şərik olmamaq üçün, məsuliyyəti öz üstündən atmaq üçün onun üstünə “əxlaqsız” damğasını vurmaq daha asan gəlir. Cəmiyyətin bu münasibəti də nəticədə yeni doğulacaq, daha doğrusu doğulmayacaq qız övladlarının başında çatlayır. Qız “problemdir”, “qız yükü, duz yükü”, “qızını döyməyən, dizini döyər” və s. deyimlər xalqın yaddaşında elə kilidlənib ki, XXI əsrdə yaşamağımıza baxmayaraq yenə də bu sözlər bizə təsir edir. O qədər təsir edir ki, qızımızı öldürməyə hazırıq. Ya ana bətnində, ya da həyatda.

Sonda Rey Çarlzın “If I could” mahnısını dinləməyini sizdən çox xahiş edirəm. Dahi musiqiçi bu mahnını qızına həsr edib. Mahnıda deyir ki, “Əgər mən bacarsaydım, səni dünyanın bütün çətinliklərindən, bütün kədərindən qoruyardım, öz yaşamadığımı sənə yaşadardım. Əgər sənə nə vaxtsa nəsə lazım olsa bil ki, mən sənin yanındayam”.

Qoy bütün qız övladları ataları üçün şahzadə olsun. Çünki hər bir qız övladı üçün atası ən güclü, ən sevimli atadır! Çünki qız övladı sonunda siz ataların bir parçasıdır. Bəlkə də ən gözəl, sevimli parçası. Çalışın sevimli ata olun. Bu dünyadan köçəndə sizin üçün ən çox o ağlayacaq…


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678