Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibədən kontuziyalı qayıdan “Ulduz”un Gülümsərovunun 96-cı illiyidir

126 Baxış

Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Bəşir Səfər oğlu Səfərov 11 mart 1925-ci ildə Bakıda doğulub.

O, yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından etibarən sürücülər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovların klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Bəşir Səfəroğlu “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında “Gəlməli, görməli, gülməli”” miniatür teatrı təşkil olunub. Onun üzvləri Xalq artisti Əliağa Ağayev, Əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycanın Əməkdar artisti, 25 iyun 1968-ci ildə Xalq artisti fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678