Pandemiya dövründə nağdsiz ödənişlərin sayı ciddi artıb
Pandemiya dövründə əhaliyə 190 manatın ödənilməsi üçün banklar öz hesabına 600 min kart hazırlayıblar.
Oxu.Az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib.
O bildirib ki, pandemiyadan öncə də banklar rəqəmsal ödənişlər tətbiqinə üstünlük verirdi:
“Biz bu sahədə araşdırma apardıq. Hətta 2012-2017-ci il üzrə 310 milyona yaxın vəsait bu sahədə banklar tərəfindən investisiya olunub. Əminəm ki, bu dövrdən sonra, xüsusilə də pandemiya dövründə bu rəqəmlər daha da artıb. Pandemiya dövründə nağdsiz və təmassız ödənişlərin sayı da dəfələrlə artıb.
Elektron ticarət əməliyyatların sayında da ciddi artım müşahidə olunub. Bankların mobil tətbiqləri, internet bankçılıq tələblərində də bir neçə dəfə artımlar olub. Pandemiya dövründə əhaliyə 190 manat məbləğinda yardımların göstərilməsi məhz banklar vasitəsilə həyata keçirilirdi. 600 min kart bankların öz hesabına yaradılaraq əhaliyə təqdim olundu. Bu kartların həm yerli, həm də xaricdən sifariş verilməsi məsələsi var idi. Burada əsas məqsəd ölkə başçısının tapşırıqlarına uyğun olaraq əhalinin maliyyə əlçatanlığının təmin olunması idi”.
O qeyd edib ki, nağd pulların virusa yoluxma prosesində müəyyən mənada rolunun olması nəzərə alınaraq nağdsiz və təmassız ödəniş sistemlərinə üstünlük daha da artırılıb.
Könül Cəfərli
Məlumat oxu.az saytından götürülmüşdür.