Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda “BakıKart” və “MilliÖN” terminallarındakı problem nə vaxt həll olacaq? – FOTOFAKT + AÇIQLAMA

123 Baxış

Bayramdan sonra ilk iş həftəsi sərnişinlər üçün ürəkaçan olmadı. Belə ki, sərnişinlər ictimai nəqliyyatdan istifadə edə bilmək üçün “BakıKART”-lara pul yükləyə bilmirlər.

Bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Səbəb isə “BakıKART” və “MilliÖn” terminallarının işləməməsidir.

Yeni iş həftəsinin ilk günü sərnişinlərin terminallarla bağlı ciddi problemlə üzləşdiyi ərazilər isə 1, 4 və 5-ci mikrorayonlarda, 20 Yanvar dairəsi və Qara Qarayev prospektidir. 

Bir çox terminallar isə ümumiyyətlə sökülüb. Yalnız “Şamaxinka” deyilən ərazidə iki ədəd “BakıKart” terminalı işləyib ki, orada da fotodan görüldüyü kimi uzun növbə yaranıb.

Haqlı olaraq sərnişinlər də sual edir ki, bayram günlərində doqquz gün ictimai nəqliyyat işləmədi. Bu müddət ərzində terminallarda mövcud olan problemlər nə üçün həll olunmayıb?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə “BakıKart” tərəfindən sistemdə texniki təkmilləşdirmə işləri aparılır:

“İşlər mərhələylə aparılır və qısa vaxtda yekunlaşması nəzərdə tutulub. Bu təkmilləşdirmə işləri nəticəsində MilliÖn terminallarında BakıKartın balansının artırılması zamanı sərnişinlərimizin əvvəllər rastlaşdığı çətinliklər aradan qalxacaq”.

“MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva isə Oxu.Az-a bildirib ki, mövcud problemdən xəbərdardırlar:

“Sərnişinlərin üzləşdiyi problem “BakıKart” tərəfindən kartomatlarda yeniliklərin tətbiqi ilə bağlıdır. Bəzi “MilliÖN” kartomatlarında ödənişi həyata keçirmək istəyən müştərilər çətinliklərlə üzləşiblər. “MilliÖN” ödəmə təchizatçısı olaraq, yenilikləri tətbiq edilən “BakıKart” tərəfindən aldığımız məlumata görə, təkmilləşdirmə işləri tam olaraq qısa zamanda yekunlaşdırılacaq və müştərilər ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər. Onu da qeyd edim ki, verilən məlumatda təkmilləşmə işlərinin bu gün ərzində yekunlaşacağı bildirilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678