Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kədərli klounun qaranlıqları…

109 Baxış

Qan Turalı yazır…

İnsanlar doğulur, yaşayır və ölürlər… Bu alın yazısı ilə dünyadan 109 milyard insan keçibdir. Çoxu tarixdə heç bir iz, heç bir soraq qoymadan… Nazim Hikmətin dediyi kimi, görülən işlərin ya ən yaxşısı qalıb, ya da ən pisi.

Amma əlbəttə ki, hər insan belə deyil və əgər elə olsaydı, o zaman bəşər bu qədər böyük inkişaf yolu keçə bilməzdi.

Hər insanın həyatda özünün də bəlkə fərqində olmadığı bir amalı, bir qayəsi vardır. İzsiz-soraqsız bu dünyanı tərk edən insanların çoxu da əslində növbəti nəsillərin yaddaşı üçün bir şey qoyub, gediblər.

Biri şər qarışan vaxtı qüssəli bayatı çağırıb, biri gözünə şirin gələn göbələyi yeyib ölməklə tayfasına bu sirri açıb, digəri ilk dəfə tütün bitkisindən özünə siqaret düzəldib, başqa biri yay və kamanı icad edib. Ancaq onların isimləri pünhan qalıb. Onun isə adı Arif idi, soyadı da Quliyev… Və yaddaşımdan onunla lentlərini bir yerə toplamaq istəyirəm.

Azərbaycanda kinonun olmadığı 90-cı illərdə “Kino klub” adında veriliş vardı və eşitdiyim o sözü də orda, amma Arifin yox, bir başqasının dilindən eşitmişdim: “Bir dəfə məclisdə hərə öz uşaqlığından danışırdı, Arif də maraqla qulaq asırdı. Kimsə dedi ki, Arif, sən niyə heç nə danışmırsan? Arif də cavab verdi ki, yadımda qara çadralı bir qadının məni internata verməyi qalıb. Dedi, burda gözlə, peçenye alıb gəlirəm, amma gəlmədi”.

Başqa heç nə…

“Uşaqlıq insanın Vətənidir” deyirlər və onun vətənini zülmət işğal etmişdi. Tale elə gətirmişdi ki, mən Arifin böyüdüyü o internatın yanından keçib liseyə gedirdim və tez-tez də yadıma bu sözlər düşürdü. Bir gün Arif Quliyev bizim məktəbə qonaq gələndə mən görüş boyunca elə o sözlər haqda düşünmüşdüm və Arifin danışığında, sükutunda, üzündə, hətta yıxılmasında həmin o sözün izlərini, xəsarətini axtarmışdım. Lap, lap sonralar birgə qonaq olduğumuz televiziya verilişində Arifin danışdığı bir əhvalat yadıma düşür: “Təyinatımı Mingəçevir teatrına vermişdilər. İlk tamaşada lap xırda rolum vardı. Səhnəyə çıxıb stolun üstünə nəsə qoyub gedirdim. Sabah qəzetdə tamaşa haqqında yazı çıxmışdı. Ən çox da məni tənqid etmişdilər”.

O jurnalistin rəhmsizliyi də mənim üçün bu gün də müəmmadır, çünki aktyor epizodik rolu nə qədər pis oynaya bilər ki?

Mərhum Fikrət Əliyevin “Sonuncu dayanacaq” filminin qalasından sonra Arif Quliyevi təbrik etdim. Filmdəki bir replikası çox gülməli idi. Bunu deyəndə sanki dünyaları ona verdilər. Uşaq kimi səmimi bir qürurla belə dedi: “O, ssenaridə yox idi, özüm tapmışdım”.

Qara çadralı qadınla başlanan uşaqlıq heç də xoşbəxt ömür vəd etmirdi.

Mirzə Cəlil “Xatiratım”a belə başlayır: “Gözümü açıb dünyanı qaranlıq görmüşəm”. Arifin də dünyası o qaranlıqlardan başlanmışdı. O qaranlıqda məchul siluetlərdən başqa heç nə yoxuydu. Amma o bizi güldürmək istəyirdi… Teatrşünas Aliyənin sözləri burda çox yerinə düşür:
“Niyə gülürdük onda? Yəqin sadəcə gülmək istəyirdik. Bir ümid gözləyirdik. 90-lar idi. Biz də kənd uşaqları… O ağır günlərdə bizi o güldürürdü. Bəlkə də sonra biz özümüz gülə bilmədik heç, onluq bir şey olmadı. Meyerxold deyirmiş ki, aktyor hoqqabazlığı, “şitlik etməyi” də bacarmalıdı. Bəlkə də səhv deyir Meyerxold. Amma Arif Quliyevin necə olursa-olsun, güldürmək istəyində işıqlı, kədərli, təmiz bir niyyət var idi…”.

Aliyənin dediyi kimi üzərinə məğlub savaşın, yoxsulluğun və ümidsizliyin həkk edildiyi 90-larda gülən adam bircə o idi. O gözyaşlarının içində gülüş səsi bircə onun solğun kölgəsindən gəlirdi. Amma qaranlıq onu yenə təqib edirdi. Məşhurlaşmağa başladığı andan etibarən anaları üzə çıxırdı.

Bu, düz qırx il davam edib, sonuncusu lap bu yaxınlarda “Səni axtarıram”a gəlmişdi. 85 yaşlı Qızbəs DNT testi verməyi rədd etdi. Bir anlığa düşünün, insan 40 ildir müxtəlif “ana”larla aldadılır. Ancaq vaz keçmir… Vaz keçməsə də, hər bir təzə “ana” insanın ürəyinə xətər yetirməzmi? Arifin qaranlığı davam edirdi. Oğlunun faciəsi, gəlini ilə birgə baş verənlər…

Qaranlıq günü-gündən böyümüşdü və bəlkə də indi o dünyada heç zaman olmadığı qədər xoşbəxtdir…

Və mənə həmişə elə gəlirdi ki, o bizi güldürmək üçün yox, özü gülmək üçün səy göstərirdi.
Bəlkə buna görə də ən gülməli anında belə sifətində qəmin və qaranlığın nişanəsi olan əzabkeş bir ifadə vardı.

Klounun əhvalatını eşitmisinizmi?

Hamını güldürüb özü gülə bilməyən kloun müdrik qocanın yanına gedir. Müdrik qoca isə onu şəhərə təzə gələn klounun yanına göndərmək istəyir. Kloun acı-acı gülümsəyir: “Həmin o kloun mənəm”…

Bəli, həmən kloun…
Qaranlıqların adamı…
Arifin arifliyi də bu idi…


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678