Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənc yazar: “Mələk qanadları”nda yazılanların 70 faizi yaşanmışlıqdır” – MÜSAHİBƏ + FOTO

107 Baxış

“Motosikletlə ağır qəza keçirdim. Qəzadan sonra sanki yenidən dünyaya gəldim. Yaralarım sağalana qədər başıma gələnləri, yaşadıqlarımı çox düşündüm. Sanki qəza anında bir mələk məni öz qanadları arasına alaraq xilas etdi. Bir anlıq hər şeyi unutmamaq üçün yazmağa başladım. Əvvəllər də dostumla birlikdə kiçik hekayələr yazırdıq. Nəhayət həyatımın bir hissəsi “Mələk qanadları” adı ilə tanımadığım insanlara qədər gedib çatdı”.

Bu dəfə sizi gənc yazarlardan biri ilə tanış edəcəyəm. Qəhrəmanımız Ayxan Kaşanlıdır. Ayxan 1998-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsili Bakıda başa vuran Ayxan, 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Elektrik mühəndisliyi ixtisasını başa vuran Ayxan Kaşanlı magistr təhsilini Azərbaycan Texniki Universitetində alıb. Hazırda magistraturanın son kursunda oxuyan qəhrəmanımızın bir çox faydalı hobbiləri var.

Oxu.Az-ın əməkdaşı 23 yaşlı gənc yazar Ayxan Kaşanlı ilə müsahibəni təqdim edir:

– Ayxan Kaşanlını tanıyaq?

– Mən ədəbiyyatı, incəsənəti çox sevirəm. Çoxlu kitab oxuyurdum və replərə qulaq asırdım. Paralel olaraq sosial şəbəkələrdən aktiv istifadə edirəm, özümün “YouTube” kanalım var. Orada ifa etdiyim repləri yerləşdirmişəm. Əvvəlcə rep yazmağa başladım. Təxminən bir il bundan öncə öz yazdığım repi səsləndirdim və dostumun studiyasında lentə aldım. Bu günə qədər təxminən 15-ə yaxın rep yazmışam.

Bu proseslərdə mənə dəstək olan da oldu, qarşı çıxan da. Dostumu və düşmənimi tanımış oldum. Bu günə qədər özümlə bağlı heç bir reklam kampaniyası aparmamışam, ona görə də çox kiçik bir qrupda tanınıram. Amma bu da mənə bəs edir. Düşünürəm ki, hər istedadlı insan bir gün mütləq cəmiyyət tərəfindən tanınacaq və seviləcək.

– Ayxan Kaşanlı hələ də özünü axtarır, yoxsa necə? Bir çox sahələrdə özünüzü sınamısınız, bəs yazıçılığa meyil haradan gəldi?

– Bir dostum var, replərimin də kliplərini o çəkirdi. Biz öz aramızda qısa hekayələr yazırdıq. Bu hekayələrin böyük əksəriyyətini öz həyatımızdan ilhamlanaraq qələmə alırdıq. Sonra həmin hekayələri qarşılaşdırıb uyğunlaşdırmağa çalışırdıq. Bir müddət belə davam etdikdən sonra bu hekayələri bir-biri ilə uyğunlaşdırıb daha geniş formada kitab halına salmaq fikri ortaya çıxdı. İlk yazdığım “O” adlı hekayə idi. Lakin onu bəzi səbəblərdən cırıb tulladım.

Karantin dövründə uzun müddət evdə qalmağımız da yazmağa daha çox vaxt ayırmağıma səbəb oldu. Özüm tibbi şirkətlərdən birində çalışıram. Pandemiya dövründə növbəli çalışırdıq. Bu müddət ərzində “Mələk qanadları” kitabını tamamladım. Qanun nəşrlərində çap etdirdim və satışa qoydum. Hazırda oxucular “Mələk qanadları” kitabını ala bilərlər.

– Heç tanınmış yazıçılara dəstək üçün müraciət etmisinizmi?

– Xeyr, etməmişəm. Mən sadəcə yazılarımla tanınmaq istəyirəm. Bu gün bizim oxucuların əksəriyyəti xarici ədəbiyyata, müəlliflərin əsərlərinə üstünlük verirlər. Onlara tanınan şans yerli müəlliflərə, xüsusilə gənc yazarlara da tanınmalıdır deyə düşünürəm. Mən özümdə formalaşdırdığım düşüncələri paylaşıram. Bu kitabda 70-80 faiz yaşanmışlıq var. Hər zaman deyirik ki, kaş indiki ağlımla bir neçə il əvvələ dönə bilərdim. Bu kitabda məhz həmin məqamlarda insanın keçirdiyi təəssüf, sevinc hissləri əks olunub. İnsan bir baxış bucağında qalmalı deyil.

– “Mələk qanadları” hansı müddətdə ərsəyə gəlib?

– Təxminən yeddi ay ərzində hazırlanıb. Kitabın üz qabığının dizaynını özüm vermişəm.

-“Mələk qanadları”na rəqib olacaq növbəti əsəriniz olacaqmı?

– Deməzdim rəqib olacaq, lakin ikinci kitab üzərində çalışıram. Artıq üz qabığının fotosunu hazırlamışam. Kitabın adı “İtmiş müvazinətlər” olacaq. Bu kitabın əhvalatları dəlixanada cərəyan edir. Bu gün məni ləngidən maddi durumdur. “Mələk qanadları” dərc olunduqdan sonra əslində gözlədiyim nəticəni əldə edə bilmədim. Lakin, həvəsdən düşmürəm. Qazanmaq üçün ilk öncə əziyyət çəkməlisən.

– Sizin bu işdə ən böyük dəstəkçiniz kimdir?

– Əslində mənim bu həyatda ən böyük dəstəkçim anam olub. Təəssüf ki, onu 2015-ci ildə itirdim. Ondan sonra bacımla bir-birimizə dəstək oluruq. O bütün addımlarımı düşünüb atdığım üçün mənə etibar edir. Anam rəhmətə gedəndə boşluğa düşmüşdüm, tutunacaq budaq axtarırdım. Müxtəlif yerlərdə çalışmağa başladım. Özümü axtarırdım. Anam rəhmətə gedəndən iki ay sonra qəbul imtahanım oldu. Bir müddət sonra təhsil aldığım universitetdə laborant kimi fəaliyyətə başladım.

Bundan əvvəl şirkətlərdən birində kuryer kimi çalışırdım. Motosikletlə ağır qəza keçirdim. Qəzadan sonra sanki yenidən dünyaya gəldim. Yaxşı ki, dəbilqə başımda idi, yoxsa daha ağır nəticələr ola bilərdi. Yaralarım sağalana qədər başıma gələnləri, yaşadıqlarımı çox düşündüm. Sanki qəza anında bir mələk məni öz qanadları arasına alaraq xilas etdi. Bir müddət motosikletdən uzaq oldum, ayağımda olan xəsarətlər fəsadlar verdi. Düşündüklərimi unutmamaq üçün yazmağa başladım. Əvvəllər də dostumla birlikdə kiçik hekayələr yazırdıq. Nəhayət həyatımın bir hissəsi “Mələk qanadları” adı ilə tanımadığım insanlara qədər gedib çatdı. Təhsilimi başa vurduqdan sonra hərbi xidmətə yollanacam.

– Gələcəyə dair planlarınız varmı? Bu sadaladığınız məşğuliyyətlərin, hobbi və peşələrin hər birini davam etdirmək istəyirsiniz, yoxsa seçim edəcəksiniz?

– Belə deyim, incəsənət adamları arasında ixtisası fərqli olanlar var. Müğənnilər var ki, əsl ixtisasları həkimdir, müəllimdir və s. Mən də düşünürəm ki, oxuduğum ixtisasımla tanınmalıyam. Lakin, şəxsi həyatımda hobbi olaraq yazıçı, reper kimi özümü doğrultmaq istərdim. Gələcəkdə şans yaranarsa, sırf musiqi və ya ədəbiyyat sahəsində ön plana çıxım. Yəqin ki, seçim edərəm. Hələ ki, kəşf olunacağım günü gözləyirəm. Amma bu müddəti də maksimum faydalı keçirirəm.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678