Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müdrik fikirlərin deyil, dəqiq texnologiyaların savaşı

189 Baxış

Aqşin Yenisey yazır…

O fikir kökündən yanlışdır ki, mədəniyyət ancaq keçmişdə baş verə bilərdi və baş verib. Daha bir yanlış düşüncə isə mədəniyyətdə baş verənlərin tarix üzərindən şərh olunması, mədəniyyəti tarixin bir xidmətçisi, qulluqçusu kimi görməkdir. Mədəniyyət və tarix ayrı-ayrı proseslərdir, hətta bəzən bir-birinə zidd olan hadisələr axınıdır. Məsələn, Avropa cəngavərləri zirehli geyimləri ilə xaçlı müharibələrinə hazırlaşanda Avropa aydınları humanizm düşüncəsinin ilk əsərlərini yaradırdılar. Dante özünəqədərki bütün tarixi doldurmuşdu öz “Cəhənnəm”inə.

Tarix mədəniyyətin nəticəsi, mədəniyyət tarixin səbəbidir: onu yaradır və yox edir. Babilin dağılması tarixin itkisi, mədəniyyətin qazancı idi. Mədəniyyət yaradanda da örnəkdir, yox edəndə də. Hantinqton da özünün məşhur “Mədəniyyətlərin toqquşması” kitabında mədəniyyəti tarixlə eyniləşdirməməyi tövsiyə edir. Əsas iddiası da budur ki, “Soyuq müharibə”dən sonra mədəniyyət tarixi öz içində əridəcək. Dünya mədəniyyət əjdahasının əlinə keçəcək.

Dünyanı bir pazla, ölkələri isə bu pazlı təşkil edən hissəciklərə bənzətsək məyusluq hissi ilə deməliyik ki, bu pazlı indiyə kimi tam yığmaq mümkün olmayıb, ölkələrin (hissəciklərin) uyğunsuzluğu ucbatından. Bunun əsas səbəbi dünya ölkələrinin tarixləri aşağı-yuxarı bir-birinə oxşasa da mədəniyyətlərinin bir-birindən çox fərqli olmasıdır. Donuz ətinə nifrət edənlərlə sevənləri bəzən beş-altı metr məsafə ayırır.

Hantinqtonun yaxın gələcəkdə gördüyü şey bu idi ki, artıq münaqişələr sosial siniflər, varlılar və yoxsullar arasında deyil, fərqli mədəniyyətlərə sahib xalqlar arasında yaşanacaq. Nəhəng dünya müharibələrinin yerini xırda-xırda və dünyanın hər yerinə səpələnmiş etnik savaşlar tutacaq. “Soyuq müharibə”dən dərhal sonra keçmiş Yuqoslaviyada baş verənlər, bu gün Çinin Myanmar və Uyğur vilayətlərindəki etnik qarşıdurmalar, Kəşmir məsələsi harvardlı professorun “üzünü ağardan” hadisələrdir.

Amma bir iş var ki, mədəniyyətlərin toqquşacağı yeni dünyada tərəflərin necə bir mədəniyyəti təmsil etməsi də vacib şərtlərdən biri olacaq. Məsələn, professora görə, Somali, Ruanda, Uqanda, Zair kimi ölkələrdəki toqquşmalar heç vaxt dünyanın diqqət mərkəzində olmayacaq.

Dünya diqqətini həqiqətən böyük mədəniyyətlərin üz-üzə gəldiyi xalqların problemlərinə yönəldəcək.

Məsələn, Kəşmirdə, Qafqazda, Orta Asiyadakı münaqişə ocaqları daha böyük mədəniyyətlərin toqquşmasına gətirib çıxarmaq ehtimalına sahib olduqları üçün bu ərazilər daim toqquşan maraqların gündəmində olacaq. Bu gün Yaxın Şərqdə toqquşan Qərb, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İzrail münasibətlərində baş rolu artıq tarixi gerçəklərdən, iqtisadi, hərbi üstünlüklərdən daha çox din, inanc, adət-ənənə, tibb, texnologiyalar kimi modern-postmodern dəyərlər oynayır. Meydanda kim daha çox mədəni dəyərlə təmsil olunursa, tarix onun yanındadır. Hətta qadınların çox az hüquqa sahib olduqları Səudiyyə Ərəbistanını bu mədəniyyətlər savaşında kim təmsil edir, sizcə? Dünyanın ilk robot qadını “Sofiya”.

Mədəniyyətlər savaşını simvollaşdıran Sofiya xanımın dünyaya verdiyi mesaj budur ki, artıq gücün mədəniyyətinin hegemon olduğu dövr keçmişdə qalıb, yeni dövr mədəniyyətin gücünün hegemon olduğu dövrdür. Xalqlar bundan sonra zəif orduları üçün deyil, zəif mədəniyyətləri olduğu üçün məğlub olacaqlar. Gələcəyə baxan hər bir xalq, hər bir ölkə bu reallığı qəbul etməyə məhkumdur.

Qəbul etməyə məhkumdur ki, nüvə silahının yıxmağa cəsarət etmədiyi “Berlin divarını” “populyar mədəniyyət” bir həmlədə necə yıxdı.

Şərqi öz Nyutonunu yetişdirə bilmədiyi üçün aşağılıyan və Qərb mədəniyyətinin Şərq üzərində hakimiyyətinin Nyutonla başladığını iddia edən Henri Kissincer də bütün bu reallıqları götür-qoy etdikdən sonra yaşadığımız XXI əsrdə fərqli mədəniyyətləri təmsil edən altı böyük güc mərkəzinin yaranacağı fikrini irəli sürdü. Bunlar ABŞ, Avropa, Çin, Yaponiya, Rusiya və hər ehtimal Hindistandır. Kissincer müsəlman dünyasını bu güclərin arasında qeyd etmədi, halbuki ta Tarik İbn Ziyad yəhudilərin dəvəti ilə İspaniya torpaqlarına ayaq basandan bəri Qərbin önündə bu günə kimi dimdik dayanan bircə güc var, islam mədəniyyəti. Bəs nədən amerikalı strateq bu mədəniyyəti gələcəyin güc mərkəzlərindən biri kimi görmür? Bu sualın cavabını Fukuyamanın aşağıdakı sözlərində tapmaq elə də çətin deyil. “Gələcəkdə mübahisələr fikir ayrılıqları üzərində aparılmayacaq, bunun yerini texnoloji və iqtisadi maraqlar tutacaq”. Yəni gələcəkdə müdrik fikirlər deyil, dəqiq texnologiyalar yarışacaq. Görünür, islam mədəniyyəti bu gün texnoloji və iqtisadi maraqların ciddi oyunçusu olmadığı üçün Kissincer onun adının yerini öz siyahısında sükuta vermişdir.

Birinci Dünya müharibəsinin sonunda kommunizm və faşizm ortaya çıxmışdı, İkinci Dünya müharibəsi isə yarım əsrdən çox davam edən “Soyuq Müharibə”ni doğdu, “Soyuq müharibə”dən isə dünyaya irili-xırdalı terror qrupları miras qaldı. Qərb bu cür qrupları daha çox islam mədəniyyətinin adına bağlamaqla, görünür, lap əvvəldən onun mədəni güc deyil, “mədəni tör-töküntü” obrazını yaratmaq məqsədi güdürdü.

Müsəlmanlar dünyanı fəth etdikləri əməvilər dövründə təkcə inancın gücünə arxalanmırdılar, öz dövrlərinin ən ciddi elmi-texnoloji üstünlüklərinə sahib idilər. Saymon Montefiorenin “Yerusəlim” kitabında belə bir məqam var. Əməvi hökmdarı frank kralına ərəb astronomlarının icad etdiyi bir cihaz hədiyyə edir. Avropalılar isə baş açmadıqları bu cihazı öz ölkələrində “şeytan aləti” adlandıraraq sındırırlar. Sonrakı tarixdə yerlərimiz dəyişdi.

Gələk özümüzə. Biz gələcəyin bu tablosunda yer almağa hazırıqmı?

Orta əsr mətnlərindən kənara çıxan kimi “dili dolaşan” Umberto Eko “Gündəlik həyatdan sənətə” kitabında yazır ki, orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bu düşüncə Dekarta qədər davam etdi. Ekonun orta əsrlər düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin lokomotividir. Yazıb-oxumağı bacaran hər kəs yeni olanın qənimidir. Hakim fikir budur ki, kimsə özündən “Amerika icad” edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şair demiş, “tozunu almalıyıq”. Toz alanlar başımızın tacıdır!

Mədəniyyətə bu yanaşma kökündən dəyişməlidir. Köhnə bazara təzə nırx qoymağın vaxtıdır. Bir daha təkrar etməkdə fayda var: O fikir kökündən yanlışdır ki, mədəniyyət ancaq keçmişdə baş verə bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678