Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baki metrosunun 26-cı stansiyası – Zəfər tariximizi xatırladan məkandan REPORTAJ + FOTO

134 Baxış

Pandemiya dövründə fəaliyyəti dayandırılan Bakı metrosu mayın 31-də yenidən sərnişinlərin istifadəsinə verilir. Fəaliyyəti dayandırılsa da inkişafı dayanmayan “Bakı Metropoliteni” QSC bu il stansiyalarının sayını 25-dən 26-ya çatdırıb.

Oxu.Az xəbər verir ki, ötən il 44 günlük Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycanın şanlı qələbəsi şərəfinə adlandırılan “8 Noyabr” stansiyası ən müasir texnologiyalarla təchiz edilib.

Bu gün Bakı Metropolitenində stansiyaların sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 kilometrə çatır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib. Onun sözlərinə görə, “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır:

“Ümumilikdə 17 eskalator və üç liftdən ibarət olan stansiya üç səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb”.

Belə ki, “8 Noyabr” stansiyası da “Avtovağzal” stansiya ilə Bənövşəyi xəttin “Memar Əcəmi-2” stansiyası kimi birləşdirici rol oynayacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metrostansiyalara keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər:

“Üç səviyyədən ibarət olan “8 Noyabr” stansiyası 31 may tarixindən fəaliyyətə başlayacaq. Qatarlara minmək üçün sərnişinlər üç səviyyədən keçərək platformaya düşəcəklər. Stansiyanın mənzili “8 Noyabr” – “Avtovağzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının “Bənövşəyi” xəttindən “Yaşıl” xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”.

Bu arada onu da qeyd edək ki, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artırıldığına dair şaiyələr yayılır. Fürsətdən istifadə edib, metrodan istifadə edən sərnişinlərin diqqətinə çatdıraq ki, heç bir qiymət artımı yoxdur. Metropolitendə gediş haqqı olduğu kimi qalır.

Digər stansiyalardan fərqli olaraq “8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı məsələdə ilk dəfə olaraq yenilik tətbiq edilib. Digər 25 stansiyadan fərqli olaraq “ 8 Noyabr” stansiyasında 35 kV-luq yarımstansiya istifadəyə verilib.

Belə ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, stansiyanın fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün dörd ədəd güc generatoru alınıb:

“Yeni istifadəyə veriləcək “8 Noyabr” stansiyanın keçid kamerası ilə birlikdə ümumi uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqon üçün nəzərdə tutulub. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz müvafiq sistemlə həyata keçiriləcək”.

Yəqin ki, hər kəsə maraqlı olan məqamlardan biri stansiyada hansı musiqinin səsləndirilməsidir. Bir müddət sosial şəbəkələrdə bu məsələ ilə bağlı də müxtəlif fikirlər, iddialar səsləndirilib.

“8 Noyabr” stansiyasında sərnişinlər qatara bəstəkar Oktay Zülfüqarovun “Şənlən, mənim xalqım” musiqisinin sədaları altında daxil olacaqlar.

Sərnişin sıxlığı nəzərə alınaraq, gün ərzində ehtiyat qatarların xəttə buraxılması da mümkündür. Xoş xəbərlərdən biri də cari ilin ikinci yarısında Bakıya daha dörd yeni qatarın gətirilməsidir.

2021-ci ildə planlaşdırıldığı kimi Rusiyanın “Metrovaqonmaş” şirkətinə hər biri beş vaqondan ibarət olan dörd yeni qatar (cəmi 20 vaqon) sifariş verilib. İlin ikinci yarısında həmin qatarlar Bakıya gətiriləcək. Müvafiq sazlama sınaq mərhələsindən sonra isə sərnişinlərin xidmətinə veriləcək. Bu da o deməkdir ki, ehtimal edilən sərnişin sıxlığı nisbətən də olsa yarıya endiriləcək.

Ümid edirik ki, Bakı metrosunun yenidən fəaliyyətə başlaması ilə yerüstü ictimai nəqliyyatın üzərinə düşən yük bir qədər azalacaq. Paytaxt sakinləri mənzil başına daha tez, rahat və təhlükəsiz şəkildə çatacaqlar.

Könül Cəfərli
FOTO: Firuddin Səlimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678