Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan beynəlxalq hüquqla tanınan dövlət sərhədində möhkəmlənəcək

120 Baxış

Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ümumilikdə regionda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ciddi imkanlar yaratdı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpasının məntiqi hüquqi təzahürləri sırasında dövlət sərhədlərinin bərpası ən mühüm yerlərdən birini tutur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam şəhərində ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələnin vacibliyini vürğulayaraq, qeyd etmişdir ki, “biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik”.   

Ölkəmizin beynəlxalq hüququla tanınan dövlət sərhədinin bərpası istiqamətində həyata keçirilən işlərə maneəçilik törətmək, vəziyyəti gərqinləşdirmək məqsədi ilə Ermənistan tərəfi müxtəlif çirkin əməllərə əl atır, təxribatlar törədir. 

Bunlardan biri Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisində Ermənistan silahlı qüvvələrinə aid 6 hərbiçinin qanunsuz daxil olması və həmin əraziyə minalar yerləşdirilməsi ilə bağlı olmuşdur. Əlbəttə, belə cəhdin qarşısı qətiyyətlə alınmışdır və diversiya törətmək istəyən cinayətkarlar yaxalanmışlar.   

Bu məsələyə hüquqi kontekstdə aydınlıq gətirilməsi ciddi əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, belə terroristlərə münasibətdə beynəlxalq humanitar hüquq tətbiq olunmur və onlar heç bir halda hərbi əsir kimi qiymətləndirilə bilməzlər.

Nəzərə almaq lazımdır ki, beynəlxalq humanitar hüquq həmçinin beynəlxalq silahlı münaqişələr hüququ adlanır və bu sahə iki kateqoriyaya aid hüquq normalarını əhatə edir: birinçisi, hərbi əməliyyatların aparılmasını, yəni müharibə vasitələri və üsullarının tətbiqini tənzimləyən normalar; ikinçisi, münaqişə tərəflərinin birinin ələ keçirdiyi şəxslərlə – hərbi əsirlər, yaralılar, işğal edilmiş ərazilərin mülki əhalisi ilə rəftar qaydalarını müəyyən edən normalar. Konkret olaraq münaqişə tərəflərindən birinin ələ keçirdiyi hərbi qulluqçunun hərbi əsir qismində tanınması üçün ən mühüm şərt silahlı münaqişənin mövcudluğudur. 

10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları birgə sənəd de facto və de yure Ermənistan-Azərbaycan münaqişəsinin bitməsini bəyan etdi. Bu müddətdən sonra Azərbaycan ərazisində yaxalanan erməni silahlı qüvvələrinə mənsub olan şəxslər beynəlxalq hüquqa əsasən hərbi əsir deyillər və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Həmçinin vurğulanmalıdır ki, cəsusluq fəaliyyətini həyata keçirən hərbiçilərin hərbi əsir qisimində tanınmasi qadağandır və bu barədə konkret istinad Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli 1 saylı Əlavə Protokolda nəzərə tutulub. Bu Protokolun 46-cı maddəsinə əsasən, silahlı qüvvələrin tərkibinə daxil olan və cəsusluq fəaliyyətini həyata keçirdiyi zaman yaxalanan şəxs hüquqi statusuna görə hərbi əsir hesab olunmur. 

Məsələnin digər mühüm aspekti baş verən hadisələrə düzgün və obyektiv beynəlxalq reaksiyanın olmamasıdır. Tərəflərin təmkinli olmasına çağırışlar beynəlxalq hüququ kobud formada pozan, müharibə cinayətləri törədən Ermənistanın hüquqa zidd hərəkətlərinə rəvac verməkdən başqa bir şey deyil. Uzun müddət “hərbi əsir” problemini gündəmə qətirən beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərin rəsmiləri erməni tərəfini kəskin şəkildə qınamalı və vəziyyəti gərginləşdirəmkdən çəkindirməlidirlər. Azərbaycan Respublikası tərəfindən sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması istiqamətində ciddi səylər göstərildiyi dövrdə Ermənistanın təxribat xarakterli davranışı yolverilməzdir və bütövlükdə reqionun sabitliyi üçün təhdidlər yaradır. 

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,

hüquq elmləri doktoru 

   
   


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678