Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MTRŞ sədri: “Maddi durumu çox ağır olan teleradio yayımçıları var” – MÜSAHİBƏ

111 Baxış

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Milli Televiziya və Radio Şurasına (MTRŞ) sədr seçilməyinizdən 1 ildən bir qədər artıq vaxt keçir. Bu müddətdə televiziya və radio yayımında hansı dəyişikliklər baş verib?

– Bildiyiniz kimi, MTRŞ yayımçılar tərəfindən qanunvericiliyə əməl olunmasına nəzarət edir, tamaşaçı və dinləyicilərin şikayət və təkliflərinə münasibət bildirir, teleradio yayımı sahəsinin inkişafı məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Bu səbəbdən, tamaşaçı və ya dinləyici kimi özümün subyektiv qiymətləndirilməmi kənara qoyub Şuranın tənzimləmə və koordinasiya fəaliyyətinə münasibət bildirəcəyəm.

Keçən il ərzində televiziya kanalları tərəfindən reklam sahəsində qanunvericiliyə əməl edilməsinə nail olunub. Bəzən reklamın tənzimlənməsi məsələsinə skeptik yanaşılır və bu məsələ o qədər də əhəmiyyətli hesab edilmir. Ancaq bu, ilkin baxışda göründüyündən daha vacib məsələdir. Uzun müddət ərzində teleradio yayımçıları tərəfindən reklam qanunvericiliyinə əməl olunmaması nəticəsində elə vəziyyət yaranmışdı ki, biz artıq 1 saat ərzində 20 dəqiqə reklam və 15 dəqiqə sponsor təqdimatını müşahidə edirdik. Yəni, bəzi kanallarda elə saatlar olurdu ki, həmin saatda reklam və sponsorluğun davamlılığı məzmunun və ya proqramın müddətindən çox olurdu və beləliklə, kanallar bir növ TV-mağazalara çevrilirdi. Amma Şuranın bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində 2021-ci ilin əvvəlindən reklam və sponsorluqla bağlı tələblərə yayımçılar tərəfindən ciddi riayət olunur.

Digər bir məsələyə də toxunmaq istərdim ki, keçən il ərzində bütün televiziya kanalları üçün vahid audio standartın yaradılması istiqamətində mühüm işlər həyata keçirilib və bu ilin may ayından həmin standartın tətbiqinə başlanılıb. Azərbaycan televiziya kanalları arasında səs səviyyəsinin qeyri-bərabər, o cümlədən, kanallarda yayımlanan reklam bloklarında səs səviyyəsinin digər proqramlara nisbətdə kəskin yüksək olması ilə əlaqədar Şura çoxlu sayda şikayət almışdı. Artıq bu problem həll olunub və Şura “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İB ilə birlikdə yayımda səs səviyyəsinin mütəmadi monitorinqini aparır.

Keçən müddət ərzində Şura müxtəlif istiqamətli dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin televiziya kanalları tərəfindən yerinə yetirilməsi sahəsində yeni nəzarət mexanizmi tətbiq edib və bu vəzifələrin yerinə yetirilməsi işində irəliləyiş əldə olunub.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı müəyyən dövrdə Şura televiziya kanalları arasında müəyyən mənada koordinasiya funksiyalarını yerinə yetirib. Bildiyiniz kimi, ümumi qəbul olunmuş beynəlxalq standart olaraq Milli Televiziya və Radio Şurasının digər ölkələrdə olan analoji qurumlar kimi teleradio kanallarının redaksiya siyasətinə müdaxilə etmək hüququ yoxdur. Lakin müharibə zamanı televiziya kanallarının ümumi yayım strategiyasının hazırlandığı bir koordinasiya meydanı funksiyasını yerinə yetirdik. Müharibədən sonra isə Şura müharibə zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın həyat yolunun televiziya kanallarında işıqlandırılması sahəsində koordinasiya funksiyasını öz üzərinə götürüb. İndiyədək televiziya kanalları tərəfindən 1400-dən çox şəhid barədə reportajlar yayımlanıb. Ümumi vəzifə kimi televiziya kanallarında bütün şəhidlər haqqında reportajların verilməsi nəzərdə tutulub.

Həmçinin, televiziya və radio məzmunun səviyyəsinin yüksəldilməsi məqsədilə sistem şərtlərin müəyyən olunması üzrə ümumi strategiyanın işlənib hazırlanmasında yayımçılar ilə aparılan sıx əməkdaşlığı vurğulamaya bilmərəm. Problemlər çoxdur, qısa müddətdə, hər hansı bir yayımçıya qarşı situativ qərarlarla onları həll etmək mümkün deyil. Yeni yaradılmış Medianın İnkişafı Agentliyi (MEDİA) ilə bu istiqamətdə yol xəritəsinin hazırlanması sahəsində sıx əməkdaşlıq edirik.

– Ən çox nöqsanlar aşkarladığınız, xəbərdarlıq etdiyiniz hansı televiziya və radio kanalı olub?

– Teleradio kanallarına qarşı tətbiq olunan hər bir sanksiya barədə məlumat gizli xarakter daşımadığından saytımızda operativ olaraq yerləşdirilir. Şura inzibati tənbeh tətbiq olunmuş yayımçıların say statistikasını aparmır. Bizim mövqeyimiz elə bir şərait yaratmaqdır ki, inzibati tənbeh və ya sanksiyaya tələbat minimuma ensin. Keçən ilin ortalarında pozuntular çox idi və biz bir müddət sərt inzibati tənbeh tədbirləri tətbiq etməyə məcbur olduq. Hazırda teleradio yayımçıları tərəfindən yol verilən pozuntular minimal həddədir, onların da əsas səbəbi təşkilati-texniki məsələlərdir və sistematik hal almır.

– Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 7 iddiaçı sənədlərini təqdim etmişdi. Namizədlər arasında iddialılar, maddi-texniki bazası, təcrübəsi olanlar çox idi. Bu baxımdan qərar qəbul edərkən hansı meyarlara üstünlük verdiniz?

– Müsabiqədə rekord sayda iddiaçı iştirak edirdi və onların əksəriyyətinin teleradio yayımı sahəsində çox böyük təcrübəsi var idi. Şura digər dillərdə yayım aparmaq sahəsində zəngin təcrübəsini və əcnəbi dilli redaksiyaların mövcudluğunu nəzərə alaraq CBC teleradio şirkətinə üstünlük verdi. Biz başa düşməliyik ki, Qarabağda regional radio yayımı sadə regional radio anlayışından çox böyükdür.

– İqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacağını bildirmişdiniz. Hazırkı durum necədir?

– Bildiyiniz kimi, Şura 4 yayımçının lisenziyasına xitam verib. Bunlardan üçündə (Dalğa TV, ARB Ulduz TV, Mingəçevir TV) lisenziyaya xitam texniki xarakter daşıyırdı, belə ki, bu yayımçılar artıq xeyli müddətdir, özləri yayım aparmırdı. “Lider” teleradio şirkətinə gəlincə, bu qərar məhkəmənin lisenziya sahibi olan şirkəti müflis elan etməsi əsasında “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.5-ci maddəsinə uyğun qəbul olunub. Telekanalın böyük tarixini nəzərə alaraq bu, çox ağır bir qərar idi. Lakin başqa çıxış yolu yox idi. Hazırda maddi durumu çox ağır olub inkişaf edə bilməyən bir sıra teleradio yayımçıları var, lakin biz ümid edirik ki, onlar öz problemlərini həll edə biləcək. Hər hansı Azərbaycan kanalının bağlanması tamaşaçının seçim imkanlarını azaldır və ümumən televiziyanın durumuna mənfi təsir göstərir.

– Reklam gəlirlərinin 15-30 faiz aralığında azalmasının gözlənildiyi bildirilmişdi. Sentyabr, oktyabr, noyabr aylarında kanalların reklam gəlirlərinin azalacağı proqnozlaşdırılırdı. Kanallar həmin dönəmi necə keçdi? Pandemiya hələ də davam edir. Bu ilin ötən aylarındakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Əvvəlki il olduğu kimi biz yayımçılardan 2020-ci il üçün də məlumatları təqdim etmələrini xahiş etdik. 2019-cu il ilə müqayisədə 2020-ci ildə televiziya sahəsində gəlirlər 10% civarında aşağı düşüb. Lakin radioda tənəzzül kəskindir. Radio kanalların kommersiya gəlirləri 2019-cu ildə 5 milyon manat olduğu halda, 2020-ci ildə 2,9 milyon manata düşüb ki, bu da 42% azalma deməkdir. Televiziya və radio reklam bazarının ümumi həcmi 27 milyon manat təşkil edib. Müqayisə üçün bildirim ki, 2019-cu ildə bu rəqəm 31 milyon manat hüdudlarında idi. Pandemiyadan qabaq reklam gəlirlərinin 10%-dək artacağının proqnozlaşdırlmasını nəzərə alsaq, yayımçıların gəlirləri ümumi olaraq 7 milyon manat məbləğində azalıb. Kommersiya (özəl) yayımçılar üçün bu, çox böyük rəqəmdir. Bu il bazarın həcminin artması proqnozlaşdırılmır, belə ki, 2020-ci ildən qalan problemlərin məcmu effekti bu ilə də təsir edəcək.

– Ötən il televiziyalarda işçi sayında azalma müşahidə olundumu?

– Ötən il ərzində audiovizual industriyada iş yerlərinin kəskin sayda ixtisar olunması halları müşahidə olunmayıb.

– Yeni hazırlanan “Media haqqında” qanuna hansısa təklifləriniz olubmu?

– Şuranın keçən ilki fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində apardığı işlər qeyd olunmalıdır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən teleradio yayımçıları, prodakşn şirkətləri, reklam agentliklərinin mütəxəssisləri ilə həm canlı, həm də onlayn formatda çoxsaylı görüşlər keçirib, audiovizual yayım sahəsində fəaliyyət göstərən bazar iştirakçılarından təkliflər alınıb. Ölkə Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq üzərində iş gedən “Media haqqında” Qanun layihəsinə təkliflərin hazırlanmasında Şuranın mütəxəssisləri, o cümlədən yayım sahəsindən mütəxəssislər cəlb olunub. Təklif və yeniliklərin sayı çoxdur, o səbəbdən də bir müsahibədə onları əhatə etmək qeyri-mümkündür. İşçi qaydada bütün suallara cavab verməyə şad olarıq.

– “Audiovizual yayım haqqında” qanunun qəbulu nəzərdə tutulurmu, yoxsa “Media haqqında” qanunun tərkibinə daxil ediləcək?

– Zənnimizcə, “Audiovizual yayım haqqında” ayrıca qanuna ehtiyac qalmayıb, belə ki, bu sahə ilə bağlı əksər müddəaya və təkliflərin “Media haqqında” qanun layihəsinə implementasiya olunmasına nail ola bilmişik.

– Azərbaycanda ödənişli televiziya xidmətləri göstərən lisenziyalaşdırılmış şirkətlərin sayı artıbmı?

– Ötən müddət ərzində ödənişli televiziya xidmətləri göstərən lisenziyalaşdırılmış şirkətlərin sayında ciddi dəyişiklik olmayıb. Son 1 ildə Şura yalnız bir ödənişli televiziya operatoruna – İPTV yayımçısına lisenziya verib.

– Ombudsman tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunub. Bu təklifi necə dəyərləndirirsiniz?

– Bu təklifi ümumən müsbət qiymətləndirirəm. Amma eyni zamanda bildirməliyəm ki, yeni “Media haqqında” qanun layihəsində hazırda qanunvericilik sahəsində mövcud olan boşluqlar və çatışmazlıqlar nəzərə alınıb və onların minimuma endirilməsi hədəflənib. Təbii ki, “Media haqqında” qanun qəbul olunduqdan sonra ona uyğun olaraq digər qanunvericilik aktlarında, o cümlədən, İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklərin olunması labüddür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678