Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsgər İbrahimov: “İstəyirik ki, qardaşım Şəhidlər xiyabanında dəfn olunsun”

121 Baxış

İyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan müxbir Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Publika.az-a müsahibəsində bildirib ki, qardaşı M.İbrahimov Vətən müharibəsinin ilk şəhid jurnalisti kimi tarixə düşdü.

Əsgər İbrahimovla müsahibəni təqdim edirik.

– Başınız sağ olsun, Əsgər bəy. Bu itki bütün Azərbaycanı sarsıtdı.

– Məhərrəm mənim kiçik qardaşım idi, onu mətbuata mən gətirmişdim. Allahın yazdığı qismətdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu, hamımızın dərdidir, möhkəm olmağa çalışmalıyıq. Arzu edək ki, bu, son hadisə olsun.

Məhərrəm İkinci Qarabağ savaşında tarixə ilk şəhid jurnalist kimi düşdü. Məhərrəmə babamızın adı verilmişdi. O da II Dünya müharibəsində, Xarkov şəhərində 39 yaşında həlak olub. Demək ki, bu, alın yazısıdır. Vətən sağ olsun! Bu yol bizim üçün ən şərəfli yoldur. Bu yolda nə kədərlənməyə, nə də qüssələnməyə əsas var. Səbirlə, daha böyük ideyalarla yaşayaraq Azərbaycanın gələcəyini parlaq görək.

– Hadisə nə zaman olub?

– Bu gün səhər saat 10-11 arası baş verib. Mətbuat işçisiyəm, iş başında idim, iş yoldaşlarım məndən 5-10 dəqiqə əvvəl xəbər tutublar. Məhərrəmlə birlikdə şəhid olanlar var, Allah onlara da rəhmət eləsin! İşdə məndən gizlətməyə çalışdılar, dedilər başqa bir televiziyanın işçisi olub. Özümün də imkanım olmadı ki, xəbəri araşdırım. Tez telefonuna zəng elədim, zəng çatmadı… Sonra məlumatlar yayıldı və öyrəndim ki, Məhərrəm də onlar arasında olub.

– Ailəli idi?

– Bəli, iki azyaşlı uşağı var, biri 5, biri 3 yaşındadır. Nə deyim bilmirəm, ataları kimi mərd olsunlar, amma taleləri oxşamasın.

– Sonuncu dəfə nə zaman danışmışdınız?

– 10 gün əvvəl evə gəlmişdi. İkinci Qarabağ müharibəsi başlayandan cəbhə bölgəsində idi. Aylarla orada qalırdı, hərdən 3-5 günlük evə gəlirdi. Uzunmüddətli gedirdi deyə uşaqları ağlayırdı. Sonuncu dəfə əşyalarını yığıb getməyə hazırlaşırdı, inanırsınız ki, getməyə qoymurdum. Dedi ki, yox, getməliyəm, işimdən qala bilmərəm, həm də oralar məni cəlb edir. Çox təkid etdik ki, getmə, amma getdi. Nə etmək olar, alın yazısıdır. Bir xalq olaraq şərəf duymalıyıq. Siz sağ olun ki, yad edirsiniz.

– Əsgər bəy, dəfn mərasimi nə vaxt gerçəkləşəcək?

– Cənazə axşam, ya da səhər tezdən gətiriləcək. Bildirilib ki, gətirilməzdən 1 saat əvvəl məlumat veriləcək, güman ki, dəfn mərasimi sabah keçiriləcək. Bütün dəfn məsələlərini və xərcləri dövlət öz üzərinə götürüb. Artıq şəhid statusu verilib. Lakin şəhidin və ailəsinin böyük arzusudur ki, o, İkinci Fəxri xiyabanda dəfn olunsun. Təbii ki, son qərarı yekdil şəxslər verəcək. Haqqı çatırsa, istərdik ki, Şəhidlər xiyabanında dəfn olunsun.

– Ermənistan mina xəritələrini vermir və bilirik ki, jurnalistlərimiz vəzifə başında mina qurbanı olublar. Ermənistana hər hansı formada təzyiq göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək fikriniz varmı?

– Vətəndaş olaraq səsimizin hara gedəcəyi bilinmir. Hər bir azərbaycanlı mina xəritələrinin verilməməsindən narahatdır, ümumiyyətlə dünyada Ermənistan adlı belə bir dövlətin olması ürəkbulandırıcıdır. Bu, ancaq dövlət səviyyəsində müzakirə oluna bilən bir məsələdir. Xəritələrin verilməsi üçün mətbuatda hər gün çağırışlar olunur, Ermənistan məhəl qoymursa, demək ki, bunun başqa tərəfləri var. Ermənistanı himayə edənlər var, bu da bəllidir.

Ermənistan son şanslarını yaşayır, ən azı bir əsr ümumiyyətlə Azərbaycanla çox ehtiyatla davranacaq, torpaq iddialarından uzaq qalacaq. Hətta bəzən olur ki, Birinci Qarabağ müharibəsindən qalan minalar üzə çıxır. Minaları təmizləmək çox qəliz məsələdir. Özü də erməni kimi bir düşməndən söhbət gedirsə…

İnsan qəlbində bir humanizm və bir mədəniyyət olar. Ermənilərdə bu duyğular yoxdursa, onlardan artıq nə gözləmək olar? Odur ki, bu məsələlər dövlət siyasəti ilə həll olunacaq. Əlbəttə ki, mina xəritələri verilsə, daha yaxşı əməkdaşlıq qurula bilər. Bu da Ermənistanın özünün siyasəti deyil, cəhd etdilər ki, müstəqil dövlət olsun, amma görünür ki, müstəqil ola bilməyəcəklər.

– Sizin belə dik dayanışınızı sözlə ifadə etmək olmur. Ruhu şad olsun!

– Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678