Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ədəbiyyatımızda ölən hansıdır: şeir, yoxsa şair?

122 Baxış

İyirminci əsrin axırlarında belə bir fikir formalaşdırıldı ki, artıq şeir ölüm ayağındadır, nəsr Keçəl Həmzə kimi onun “Qıratını qaçırıb”. Amma elə iyirminci əsrdə də yetişən böyük şairlər və yazılan böyük şeirlər heç də o biri əsrlərdən geri qalmadı. Amma hamı ortada ölən birinin olduğunu deyirdi; o, kim idi, yaxud hansı idi; şeirmi, şairmi, ya özündən şeir və şair düzəldən insanmı?

XIX əsrə qədər şeir və şair daha çox siyasi və dini aristokratiyanın xidmətində idi; bir növ, muzdlu rahib və dəftərxana işçisi kimi bir “vəzifəsi” vardı. Şerə lazım olan detalları, mövzu və simvolları, sözün hər iki mənasında yuxarılardan alırdı. Modernizmin azadlıq, sərbəstlik, hətta bir az da başıpozuqluq küləyi şairi bu ənənənin əlindən aldı. Şairin və şerin həyatında dinin və siyasətin yerini cəmiyyət və bürokratiya tutdu. 

Şeir artıq özünü manifestlərlə tanıtmağa başladı. Dadaistlər, futuristlər, sürrealistlər, oulipoistlər hər yerdə nəyi necə yazmağın lazım olduğunu ideoloji çağırışlarla elan edirdilər. Məsələn, bizim ədəbiyatda az tanınan oulipoist şeir növü gözəlliyi riyaziyyatda, triqonometriyada zadda axtarırdı. “Ağıl çağı” şeri rasional olmalı idi. Hətta bu cür riyazi hesablamalarla sənət yaratmaq şeirdən digər sənətlərə də sıçradı. Apolliner küçədəki avtomobil səsinə heyran idi. Jorj Perek adlı yazıçı fransız dilində ən çox işlənən “e” (bizim “ə” səsi) istifadə etmədən “İtkin düşmə” adlı bir roman yazaraq İkinci Dünya müharibəsində valideynlərinin itkin düşməsi ilə bir uşağın yaşadığı kimsəsizliyi “e” hərfinin mətndə olmaması ilə verdi.

“E” dildən yoxa çıxmışdı, sanki… 

Fərdin varlığını rəmzləşdirmək modernizmin əsas ideyası idi və XIX əsrin ortalarından başlayaraq sənət, şeirlər və romanlar, hekayələr fərdlərin öz başlarına gələn hadisələri qoltuqlarına vurub qaynaşdığı, belə deyək, bir mətn ərazisi, bir kağız küçə idi. 

Xüsusilə modern ədəbiyyatda küçə anlayışı vətən anlayışını sıxışdırıb çıxardı. Yaradıcı tiplər özləri də ya küçədən ədəbiyyata gəlirdilər, ya da ədəbiyyatdan küçəyə üz tuturdular. Apollinerin şeri küçənin səsi idi, Müzilin qəhrəmanı Uilrix əsərə küçədən daxil olurdu, Herman Hessenin Knulpu evə küçədən gəlmişdi, Bulqakov Moskvanı böyük bir küçə kimi təsvir edirdi və s. 
Küçə fərdin həm evi, həm vətəni idi. Şeir onu yazır və onun üçün yazırdı. Küçə həm də indinin, bu günün vətəni idi. Məkan və zaman küçədə görüşürdü. Modernist şair də daha çox bu günün, indinin şairi idi. Bu an baş verənin şerini yazırdı. Modernist şair üçün tarix Fukuyamanın deyimindən əvvəl “ölmüşdü”. Onu mifologiya, yaxud tarix az maraqlandırırdı və ya bu günün fonunda dumanlı bir şey kimi maraqlandıra bilərdi, məsələn, küçənin fonu kimi. Bulqakov İsanın edam gününü Stalin dövrü Moskvasının küçələrinin fonu kimi çox ustalıqla təsvir etmişdi. 
Modernist şeir küçəni məkan, indini zaman anlayışının qarşılığı kimi götürdüyü üçün ənənəvi əxlaqi, mənəvi dəyərlərdən uzaq idi. Küçənin və bü günün öz əxlaqı, öz mənəvi dəyərləri vardı. Düzdür, bəzi şairlər şeri yenidən ənənəvi əxlaqla, klassik mənəviyyatla birləşdirmək istədilər. Məsələn, İngiltərədə Ayvor Riçards, Türkiyədə Yəhya Kamal, Azərbaycanda Ramiz Rövşən bu işi gördülər, bir növ, ənənə ilə modern arasında bağı qırılmağa qoymadılar. Amma modern öz yerini ənənəyə yox, postmodernə təhvil verdi. Daha qarışıq bir estetikaya, düşüncə və həyat tərzinə. Hə, işlər burada bir az dəyişdi. 

Postmodernin ilk işi modernizmin palçıqdan deyil, dəmirdən (sənaye inqilabı) yaratdığı o qərib, tənha fərdi məhv etmək oldu. Onun yerinə ondan da qərib, ondan da tənha olan bir çoxluq, bir kütlə yaratdı. Sürü halında alış-veriş mərkəzlərində dolaşan, sürü halında “McDonald’s” tipli şəbəkələrdə qidalanan, heç bir fərdi şeyi olmayan, eyni filmlərə baxan, eyni kitabları oxuyan, ən əsası, zaman və məkan anlayışlarından uzaq düşən insanlar yığını. Onların “heçkimliyindən” “hər kəs” düzəltmək olardı: Orta əsr cahillərindən tutmuş gələcək dünyanın texnoloji fanatlarına qədər. 

Bu zaman öz içlərində “dilə gələsi” bir şey olmayan postmodernist şairlər çıxdılar meydana. Onlar şerin qaynağını şairdən kənarda axtarırdılar, məsələn, 9-cu sinifin kimya kitabında filan. Məsələn, ilk postmodernist şairlər olan fransız oulipoçular cəbrin, həndəsənin düsturlarından şeir düzəltməyə çalışırdılar. Postmodernistlərin ən ağıllıları özlərinə qədər yazılmış mətnlərə “barmaq etməklə”, bəlkə, nəsə bir şey əldə edə bilcəklərini düşünürdülər. Bu şeirdə zaman və məkanla yanaşı, insan da ölmüşdü. Ancaq bir çox şeir uzmanları postmoderstlərin, sadəcə, modernistləri yamsıladaqları fikrində idilər. Məsələn, modernist Eliotun bir çox şeirlərində postmodernistlərin öz adlarına çıxdıqları ekletizm, intertekstuallıq, dekonstruksiya kimi elemetlər vardı. Oktavio Pazın dediyi kimi, postmodernistlər özlərindən əvvəlki “romantizmdən avanqardçılara qədər çox şeyi miras aldılar, amma həm də onları inkar etdilər”. 

Bu gün bir çox ölkədə, ö cümlədən Türkiyədə bəzi naşirlər şeir kitablarının çapında maraqlı deyillər. Çox mədəni bir formada yalnız nəsr kitabları çap etmək istədiklərini dilə gətirirlər. Şerin ölmüş, ən yaxşı halda keçmişdə qalmış kimi bir obrazı yaradılıb. Amma biz bu yazıda belə bir suala çavab axtarırdıq: ölən hansıdır, şeir, şair, yoxsa özündən şeir və şair düzəldən insan? 
Hələlik istintaq gedir? Qəti bir söz deyə bilməyəcəyəm…


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678