Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mühərrik qudurğanlığı, əşya müqəddəsliyi, insan ucuzluğu…

114 Baxış

Aqşin Yenisey yazır…

Yollarımızda avtomobillər bahalaşdıqca, həyatlar ucuzlaşır… Bu, kortəbii formalaşan sosial darvinizminin müjdəsidir. Hər kəs Maslovun ehtiyaclar “göydələninin” (piramidasının) ən yuxarı mərtəbəsində yaşamaq istəyir. Bir vaxtlar sənaye inqilabının əvvəllərində “İngiltərədə qoyunlar insanları yediyi” kimi (Tomas Mor), bu gün də bizim milli kapitalizmin “bismillah” illərində bahalı avtomobillər insanları yeyir. Bu mühərrik qudurğanlığını daha çox zənginliklə, maddiyyatın çoxluğu ilə bağlayırlar. Tam əksini düşünürəm, bu modern barbarlıq maddiyyatın artıqlığından daha çox, mənəviyyatın azlığı ilə bağlıdır. O şeylə ki, Şərq həmişə onun bolluğu ilə öyünüb. 

Görünür, əksər hallarda mənəviyyat dediyi şey Şərqin, sadəcə, öz kasıblığına qoyduğu addır. Yoxsulluğun da bir tutacağı, bir qürur mənbəyi olmalıdır axı. Ümumiyyətlə, maddi nemətlər baxımından yoxsul olan ölkələr mənəvi nemətlər baxımından həmişə zəngin olurlar. Bu, yatsın deyə ac uşağın başını göydən düşən üç alma ilə aldatmaq kimi bir şeydir, qursağı meditasiya yolu ilə doyurmaq üçündür. Buradan-bura aya uça bilməyən hindlilər öz aləmlərində nirvanaya vararaq, kosmosda daha uzaqlara getdiklərini iddia edirdilər; ta ki ateist sovet alimləri ilə tanış olana qədər. Maraqlıdır, görəsən, hansı Yaponiya daha mənəviyyatlı idi; İkinci Dünya müharibəsindən əvvəlki ənənəvi Şərq ölkəsi olan, yoxsa bu müharibədən sonrakı illərdə Şərqdə ilk “Qərb ölkəsinə” çevrilən Yaponiya? Bunu yəqin ki, yaponlar özləri hamıdan yaxşı bilirlər deyə daha dönüb geriyə baxmırlar.

Deməyim odur ki, bir manatla comərd olmaq çox asandır, məsələ bir milyon manatla comərd ola bilməkdədir ki, bunu bacarmaq hər şəxsin, bəzi hallarda hər xalqın, cəmiyyətin hünəri deyil. Hələ antik çağlarda Epikür və epikürçülər deyirdilər ki, insan bədəni də hər şey kimi atomlardan, molekullardan ibarətdir. Və ölüm əbədi son deməkdir. Ona görə də insanın öldükdən sonra daha heç vaxt yaşamayacağı (nə bu, nə o biri dünyada) həyatda ona bəxş olunmuş bütün həzləri yaşamaq haqqı var. Amma Epikür həzzi əxlaqiləşdirirdi. Onun fikrinə görə, bütün insani pisliklərin qaynağı həzzin yasaqlanmasıdır. Həzzi bədəninə qadağan olunmuş insan yırtıcıya çevrilir. Bütün yaxşılıqların səbəbi və qaynağı isə doya-doya yaşanan həzdir. İnsan canındakı heyvani duyğuları yasaqlamaqla deyil, əhliləşdirməklə xoşbəxt ola bilər.

Mənəviyyat da elə budur; insanın öz içindəki heyvanı əhliləşdirməsi. Yazımın ilk cümləsində dediyim problemin səbəblərindən birinə gəldik. Biz hedonizm adı altında içimizdəki heyvanı əhliləşdirmək əvəzinə, onu açıb buraxmışıq millətin üstünə. Bu, artıq meşşanlıq da deyil, Kaliqula sindromu daha uyğun diaqnoz olardı. Buna ingilislər “donuz fəlsəfəsi” (Philosophy of Swine) də deyirlər.

Hedonizmin ən kobud forması hedonistik eqoizmdir. Bu, eqoizmin hedonistik versiyasıdır. “Mən”mərkəzli bir dünya iddiasıdır bu. Meşşan xislətidir. Yalnız öz mənafeyini güdən, əxlaqi olmayan bir hedonizmdir. Bu düşüncənin tərəfdarları hesab edirlər ki, hərəkətlərinin başqaları üçün necə nəticələnməsi onları qətiyyən maraqlandırmır. Bu gün böyük şəhərlər bu cür insanlarla doludur; əşyalara sitayiş edən, gündəlik xoşbəxtliklərin axtarışında olan hindu təfəkkürlü insanlarla. Ancaq ortada bir fərq var; hindular boyunlarından asdıqları, məsələn, bir qaplan dişi ilə özlərinin fiziki güclərini göstərirdi. Hedonistik eqoizmə yoluxmuş modern insanlar isə üstlərində gəzdirdikləri bahalı əşyalarla, minib millətin üstünə sürdükləri bahalı avtomobillərlə, nə bilim, (guya) xoşbəxt “Instagram” şəkilləri ilə özlərinin mənəvi yoxsulluqlarını gizləyirlər. Bu həm də psixoloji hedonizmdir; həzzin, az qala, psixoloji xəstəlik həddində yaşanması. İngilis filosofu Con Stuart Mill tox bir axmağın ac bir Sokratdan təkcə maddi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da daha yaxşı həyat sürdüyünə inanırdı və insanların gecə-gündüz xoşbəxtlik arxasınca qaçmasını təklif edirdi.

Qlobal istehlak bazarını yaratmağı hədəfləyən bu xoşbəxtlik fəlsəfəsi insanları bu gün mağaza şüşəsinə iri hərflərlə yazılmış “70 % endirim” çağırışına tapınan bədbəxtlərə çevirdi. Bu gün milyardlarla insan bu “70 % endirim tanrısının” qarşısında səcdə edir. İstehlakçı çağırışlara tapınan cəmiyyətlərdə insanlara mənəvi-intellektual dinclik bəxş edən yerlər artıq teatr, konsert salonları, rəsm qalereyaları, kitabxanalar deyil, istehlakçı hedonizmin mədədləri olan alış-veriş mərkəzləridir, daha doğrusu, alış-veriş məbədləri. Bu gün bu məbədlər arzulamadığını almağa, istəmədiyini yeməyə, yaraşmayanı geyməyə təşnə olan, vitrinlərə çağdaş hedonizmin ikonaları kimi düzülmüş ayın-oyuna baxmağa tələsən modern zəvvarlarla ləbələb doludur.

Demək istədiyim odur ki, məsələnin kökü, səbəbi dərindədir. Nitsşe “Bütlərin alaqaranlığı” kitabında dinlərin və əxlaq təlimlərinin ümumi tezislərini belə yığcamlaşdırır: “Bunu, bunu edin, bunlardan və bunlardan qaçın. Yalnız bu zaman xoşbəxt olacaqsınız”. İstehlakçı düşüncə də bunun üzərində qurulub. Seçdiklərimizi bizə seçdirirlər. Bunu, bunu seçin, alın, bunları, bunları seçməyin, almayın. Bax, o zaman xoşbəxt olacaqsınız. Bütün hallarda öz iradəmizlə hərəkət etmirik. Hamımız ümumi iradənin qullarıyıq… Xoşbəxtliyimiz kölə xoşbəxtliyidir. Çünki seçdiyimizi öz iradəmizlə seçmədik, bizi bu seçimə “70 % endirim allahı” məcbur etdi. Milyardların tapındığı modern bir allah…

Bu gün adamları yeyən bahalı avtomobillər də bu istehlak barbarlığının nəticəsidir. Aldığı ilə, yediyi ilə, geyindiyi ilə fəxr edən, şəxsiyyətini, mənəviyyatını əşya ilə təsdiqləyən ümumi istehlakçı hedonizmin faciəsidir bu. Evlərimiz doludur bu cür hedonistlərlə. Ölənlə öldürənin fərqinin olmadığı apokaliptik bir məqamdır bu.

Bu gün heç bir günah yalqız deyil. Bəs çıxış yolu? Bilmirəm, mən özümə cavabdehəm. “70 % endirim allahı”nın da ateistiyəm…


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678