Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ müharibəsi qazisi: “Dünyada Vətəndən əziz heç nə yoxdur və hamımız onun əsgəriyik” – FOTO

114 Baxış

Vətən müharibəsi iştirakçısı, müzəffər Azərbaycan Ordusunun əsgəri Əşrəf Rəhimzadə Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşı ilə birlikdə iştirak edib. O, 2001-ci il iyulun 25-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Orta təhsilini Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə aldıqdan sonra təhsilini Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində davam etdirib. Kolleci bitirən 19 yaşlı gənc ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncədə, sonra Daşkəsəndə yerləşən hərbi hissədə qulluq edib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Vətən müharibəsi başlananda Əşrəf əlində avtomat ön cəbhədə olub. Qanlı döyüşlərin gedişində iki dəfə yaralanıb. Birinci dəfə oktyabrın 15-də çənə nahiyəsindən qəlpə yarası alıb, bundan bir neçə həftə sonra, ikinci dəfə isə səngərə düşən mərminin qəlpələri onu başından ağır zədələyib.

Əşrəfin atası Birinci Qarabağ müharibəsi qazisi Valeh Rəhimzadənin dediyinə görə, oğlu birinci dəfə yaralananda onlara bildirməyib:

“Biz xəbər tutandan sonra dedi ki, yüngül yaralandığım üçün sizi narahat etmək istəmədim. İkinci dəfə isə… Mərmi başının sol nahiyəsinin sümüyünü zədələyib, sol qabırğasını sındırıb. Qaraciyəri, qolları və ayaqları qəlpə yarası alıb. İlk müalicəsini Gəncə Mərkəzi Klinikasında alandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Daha sonra, YAŞAT Fondu Türkiyə Cümhuriyyətində beyin əməliyyat olunması üçün müalicə xərclərini qarşılayıb. Türkiyədə aparılan əməliyyatdan sonra bir müddət də Bakı Bərpa Mərkəzində müalicə aldı. Hazırda evdədir, sağ əlində və ayağında problemlər var. Aldığı yaralardan nitqində qüsur yaranıb”.

Döyüş meydanında göstərdiyi igidliyə görə dörd medala layiq görülən Vətən müharibəsi qazisinin atası oğluna göstərilən dövlət qayğısından razılıq edib:

“Türkiyənin “VM Park Medikal Pendik” hospitalında keçirilən əməliyyat uğurla nəticələnib. Çox şükür, əvvəlki ilə müqayisədə indi Əşrəfin səhhətində xeyli irəliləyiş var. Sağ ayağı indi normal vəziyyətə qayıdıb, tam normalaşması üçün ev şəraitində velosipedlə məşqləri davam etdirir. Nitqində də yaxşılaşma var, lakin ünsiyyət qurmaq yenə də çətin olaraq qalır. İndi yenə reabilitasiya lazımdır. İnşallah, əminəm ki, Əşrəfin müalicəsi yarıda qalmayacaq və onun müalicəsini indiyə qədər gətirib çıxaran YAŞAT Fondu onun tam sağalması üçün mümkün olan bütün imkanlardan istifadə edəcəkdir”.

Üç oğul atası Valeh Rəhimzadə hazırda Əşrəfin müalicəsinin növbəti mərhələsini davam etdirmək üçün sənədləri toplayır. O, söhbətini belə yekunlaşdırıb:“Vətən üçün üç oğul böyütmüşəm. Nəcəf hazırda Kəlbəcərdə hərbi xidmətini davam etdirir, kiçik oğlum da zamanı gələndə qardaşlarının yolu ilə gedəcək. “Vətəni sevmək imandandır”,- deyiblər. Nə mən, nə də övladlarım müqəddəs Vətən torpağı yolunda heç nəyi əsirgəməmişik. Dünyada Vətəndən qiymətli və əziz heç nə yoxdur. Biz hamımız onun əsgəriyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678