Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmən əsirliyində işgəncələr görmüş azərbaycanlı: “Ermənilər məni diri-diri yandırmaq istəyirdilər”

109 Baxış

“1997-ci ildə hərbi xidmətə çağırılmışam, həmin il ermənilərə əsir düşmüşəm”.

“Report”un xəbərinə görə, bunu əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Elşən İslamov deyib.

O bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb:

“Bu zaman özümdən getdim. 1999-cu ildə İrəvanda təcridxanada idim, gəlib məni apardılar. Bir otağa saldılar, orda Mkrtiçyan Lüdvik gəldi, mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib, Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa həbsxanasına güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.

Şahid deyib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər:

“Qış idi, məni əsgərlərinə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar, aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa həbsxanasında olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlı var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər. Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar”.

E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa həbsxanasında işgəncələr verib:

“O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678