Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hazırladığı ayaqqabıya ömürlük zəmanət verən sənətkar – Ölən sənətlər – FOTO

121 Baxış

Pinəçi Əbülfət Həsənov: “Xaricdə heç bir kimyəvi materialdan istifadə olunmadan hazırlanan ayaqqabını biz ötən əsrin ikinci yarısında Bakıda  istehsal edirdik”
 
Müasir dövr bizə yeni sənətlər, modern peşələr bəxş edib. Gələcək nəsil də məhz bu sənətlərlə maraqlanır, ardınca gedir. Bu səbəbdən ötən əsrin məşhur olan bir çox sənətləri tarixin arxivinə gedir. Bu sənətlərdən biri də pinəçilikdir. Bu sənətin “sonuncu mogikanı”, ömrünün 55 ilini pinəçiliyə həsr edən Əbülfət Həsənovla söhbətləşirik. O, səkkiz yaşından atasının yanında sənəti öyrənməyə başlayıb. Hazırda 63 yaşı var. Lakin bu gün bu işi bacaran ən cavan sənətkardır. Sənətini, bildiklərini miras qoya biləcəyi kimsə yoxdur. Ayaqqabı təmir edən çoxdur. O isə təmir etmir, sıfırdan ayaqqabı yaradır.

Kaspi qəzetinin qonağı Əbülfət Həsənov olub. 

“Üçüncü sinifdə oxuyurdum, məktəbdən gəlirdim, hazırlaşırdım ki, uşaqlarla oynamağa gedim, atam çağırırdı ki, gəl, mənə kömək et. Atama kömək edə-edə sənəti öyrəndim. 3 qardaşıq, onlar da pinəçidirlər. Lakin mənim əl işimi görə bilmirlər. Çünki onlardan böyüyəm və o dövrün sənətkarlarının yanında sənəti öyrənmişəm”.
 
– Əbülfət usta, biz heç bir kimyəvi materialdan istifadə etmədən və sırf əl işi olan ayaqqabı brendini yarada bilərikmi?

– Bəli. Azərbaycanda sənətin vətəni Bakı və Şəki olub. Bu gün xaricdə heç bir kimyəvi materialdan istifadə olunmadan hazırlanan ayaqqabını, biz ötən əsrin ikinci yarısında Bakıda istehsal edirdik. Atam sırf bu işlə məşğul idi. Bu gün İtaliyada bahalı butiklər var ki, bir ayaqqabı üçün aylarla növbə gözləyirsən və qiyməti minlərlə avrodan başlayır. Axı bu texnologiya bizdə olub və biz bunu yaşada bilərdik. Yadımdadır, Azərbaycanda orta sıravi işçinin maaşı 110-120 rubl olanda, biz o ayaqqabıları 90-100 rubla hazırlayırdıq. Bizdə bu ənənə var idi və həqiqətən, insanımız da sifarişlə hazırlanan ayaqqabının dəyərini bilirdi. Böyük növbələr olurdu, işi çatdıra bilmirdik. Axı indi də ekoloji, təmiz ayaqqabılara tələbat var. Dövr dəyişir, amma sağlamlıq anlayışı dəyişməyib. Təəssüf ki, bu sənəti öyrənən yoxdur. Öyrənən olsa, mən öyrətməyə hazıram.

– Pinəçilik ötən əsrin əvvəllərində ən gəlirli sahələrdən biri olub. Hər bir imkanlı şəxsin sənətkara ehtiyacı var idi…

– Bəli, çox gəlirli idi. İndi bu işi tək görürəm. Oğlumun biri maliyyəçi, digəri ürək-damar cərrahıdır. Bizim ailədə bunun davamı gəlmədi. Düzü, peşəyə, sənətkarın zəhmətinə verilən qiyməti görmədikdə, bu sahədən incidim. İstəmirdim ki, övladlarım mən çəkdiyim əziyyəti çəksin. İndi oğlum çalışır ki, bu işi nəslimizdə davam etdirsin. Ən azından hobbi olaraq özləri üçün ayaqqabı tikməyi öyrəniblər.

– Sənətdə tək qaldığınızı nə zaman hiss etdiniz?

– Bu işi təzə qurmağa başlayanda istifadə olunan alətləri tapa bilmirdim. Əl işi ilə hazırlanan ayaqqabılar var ki, onları ancaq öz alətləri ilə təmir etmək olur. Bakıda müəyyən yerlərdə axtardıq, tapa bilmədik. Məlum oldu ki, biz istədiyiniz alətlər ölkəmizdə 20-30 il əvvəl dövriyyədən çıxıb. Hətta bu gün bu sahədə inkişaf etmiş Türkiyədə də avadanlıqlar yox idi. Axtara-axtara Şəkidə bir nəfərin evində tapdıq. Yaşlı insan idi, onları saxlamışdı. Dəyərindən artıq qiymətə aldıq.
 
– Hazırda Çin, Türkiyə istehsallı ayaqqabıların ucuz və bol olduğu bir dövrdə əl işinə tələbat varmı?

– Var. Hətta çoxdur. Biz ancaq sifariş üzərindən işləyirik. Hər ayağın spesifik xüsusiyyətləri olur. Ayaq ölçüləri fərqli olan müştərilər də müraciət edir, yalnız keyfiyyətli və ekoloji ayaqqabı istəyənlər də… Müştəri gəlir, dərini, ayaqqabının içini, altına vurulan materialı belə özü seçir. 3-4 gündən sonra “tester” ayaqqabı hazırlayırıq. Geyinir, gəzir. Son ştrixləri də alırıq və istehsala keçirik. Səmimi deyim ki, bütün müştərilər sırf əl üsulu istəmir, bəziləri sənaye üsulu edir. Çünki qiymət fərqləri var, amma əl işini də istəyənlər az deyil. Müştərimiz var ki, əldə hazırlanan ayaqqabının dəyərini bilir və qiymət neçəyə olsa da, onu sifariş verir. Sırf əl işi olan ayaqqabıya ömürlük zəmanət verirəm. Amma qiymətlər fərqli olur. Bəzi müştərilər də olur ki, sırf modeli bəyənir. Məsələn, hansısa brendi göstərir və eynisindən istəyir, hansı üsulla hazırlanması ona maraqlı deyil.

– Qiymət fərqlərindən danışdınız. Bir ayaqqabı, təxmini neçəyə başa gəlir?

– Sadə, əl işi olmayan ayaqqabılar 140-145 manat civarında olur. Qiymətlər müştərinin seçimindən asılıdır. Ən zəif idxal etdiyimiz mal türk malıdır. İtaliyadan gələn avadanlıqda qiymət fərqli olur. Bəlkə də qiymət analoji türk ayaqqabısından bahadır. Səbəb odur ki, sən ayaqqabının detallarını seçməkdə sərbəstsən. Ən əsası odur ki, ayaqqabıdan nə vaxt narazı olsan, biz onu ya düzəldirik, ya da yenisini tikirik. Baha görünə bilər, amma bunun arxasında ciddi zəhmət var. Sırf əl işi 250-300 manata başa gəlir. Ondan sonra artıq materialın keyfiyyəti dövriyyəyə girir. Məsələn ilan, timsah dərisindən hazırlanan ayaqqabılar, təbii olaraq bahadır. Dərinin qiymətinə görə, ayaqqabının qiyməti də dəyişir.

 – Və siz təsəvvür edin ki, bazarda 5-10 manata ayaqqabılar var… Yəqin ki, Çin istehsallı ayaqqabılar pinəçilərə ciddi ziyan vurur…

 – Bu, bazardır. Siz, “Çin malı bura gəlməsin” deyə bilməzsiniz. Bəli, Çin malı gələcək və alınacaq da. Pinəçilərə də ciddi ziyan vurur. Amma bu, bazarın qanunudur. Hər malın özünün istehlakçısı var.
 
– Bəs pinəçi nə etməlidir?

– Pinəçilər oturub Çin malı ilə rəqabət aparmamalıdırlar. Bunu etmək istəyən də olacaq. Ancaq özünü yetişdirib, özünü italyan brendlərinə çevirsin, onlarla rəqabət aparsınlar. Məsələn,   ayaqqabını 3 manata təmir etməyə bilərsən. O gedib 5 manat verib yenisini alacaq. Bəs insanların 3-4 min avroya İtaliyadan aldığı ayaqqabını kim təmir edəcək? Tələbat çoxdur, lakin usta azdır. Şəhərə baxın, hər 100 minlik maşın sürənin ayağında 1000 manatlıq ayaqqabı var. Onlar 5 manatlıq ayaqqabı geyinmir ki… Sənətkar olsa, bu sahəyə də tələbat var.
 
– Bəs bu sənətin ölməsinin səbəbi nədir?

– Bir nömrəli səbəbi şüuraltı düşüncələrdir. Övladlarımız böyüyür, sənət seçimi edəndə onlara qalstuk, kreslo aşılanır. Məsələn, uşaq böyüyəndə kim olacağını düşünmür. Ağlına kabinet, kreslo gəlir. Çünki bizə bu aşılanır. İnsanımız işləmək, zəhmət çəkmək istəmir. Sənətə meyilli deyillər. Bizdə hamı universitet oxuyur. Oxu… Oxuyandan sonra neçə faizi seçdiyi peşədə uğur qazanır? Amma sənətkar ortaya dəyər çıxarır, imza qoyur. Bu gün azca intellekti  olan adam ali təhsil dalınca qaçır. Ali təhsilə qarşı deyiləm, olsun. Bəs sənətə kimlər gedir? Sənin övladlıq vəzifən universitetə girib təhsil almaqdır, olmadısa, bacarmadınsa, sənətə gəlirsən. Əgər təhsildə uğur qazanmırsan, həyatda yerini tapa bilmirsənsə, sənət öyrənməyə göndərirlər. Nəticədə az potensiallı, intellekti zəif, bacarıqsız insanlar sənətdə olurlar. Sənətə belə münasibət düzgün deyil. Bunun dünyagörüşü olmalıdır. Adam həyatında üç kitab oxumayıb, dünyagörüşü yoxdur, zövq formalaşmayıb, amma sənətkar olmaq istəyir. Niyə italyan ortaya gözəl ayaqqabı çıxarır? Ona görə yox ki, əli yaxşı işləyir, ona görə ki, dünyagörüşü və zövqü var. Bizdə  heç bir şeyi bacarmayanda sənətə gəlirlər. Bu zaman da sənət inkişaf etmir. Sonra da deyirik ki, baxın, italyan nə yaradır? İtalyan ona görə yaradır ki, o, əvvəl öz sənətinə hörmət edir. Sonra ortaya iş qoyur. İtaliyada pinəçinin qolunda 4 min avroluq saat olur. Bizdə isə belə düşüncə formalaşıb ki, pinəçi kasıb olmalıdır. Bu sahədə pul da var, gəlir də, sadəcə sənətkar, sənətə meyil yoxdur. İnsanımız daha rahat pul qazanmaq istəyir. Hamı ofis işinə qaçsa, ortada iqtisadi inkişaf olmayacaq. Türkiyədə 90-cı illərin əvvəllərində güclü peşə məktəbləri açıldı və oradan dülgərlər, dərzilər, ayaqqabıçılar çıxdı. Peşəkar yetişdirdirlər və Türkiyədə istehsalın əsasını qoydular. Bizim insanımız düşünmür ki, mən bu gün pinəçi ola bilərəm, sabah bu sex, fabrik ola bilər. Nə qədər texnologiya inkişaf edəcək, əl işinə həmişə hörmət olacaq, çünki bu, maraqlıdır, ənənədir.
 
– Pinəçilik az gəlirli sahə hesab olunur, bəlkə ona görə bu sahəyə gəlmək istəyən yoxdur?

– Bəli, sənətə elə baxılır. Sanki sənət aşağılanır. Sən kimsən ki, “sapojnik”sən… Düzdür, heç kim dilə gətirib deyə bilməz, amma şüur altında o yatır. Bu, təkcə pinəçiyə aid deyil. Maşın ustası, dərzi, dülgər – hamısı şüur altında aşağılanır. Məsələn, binanı usta tikib deyəndə qəribə baxırlar, arxitektor deyəndə uca. Eynilə “dərzi” deyirik aşağılanır, “modelyer” deyəndə yüksəlir. Çox adam özünə sığışdırmır ki, niyə pinəçi işləyim? Pinəçilik 3 manata ayaqqabı təmir etmək deyil, ayaqqabı yaratmaqdır. Ayaqqabıçılıq Azərbaycanda ənənəsi, kökü olmuş bir sahədir. Bunu inkişaf etdirməliyik, istehsalçılar, sənətkarlar, bu sahənin iştirakçıları arasında güclü kommunikasiya olmalıdır. Məsələn, Ayaqqabıçılar Assosiasiyası yarana, bunun vasitəsilə təkliflər, problemlər müvafiq dövlət qurumlarına çatdırıla bilər.

– Tələbata uyğun işləyən peşəkar pinəçinin gəliri nə qədər olar?

– Bu gün ali təhsili olmayan birindən soruşsaq, nə işləmək istəyirsiniz, ya sürücü, ya satıcı, ya da mühafizə işini deyəcək. Sanki başqa sənətlər yoxdur.  Mənim yanıma 2-3 il gəlib öyrənən adam bugünkü bazarla ayda 1500-2000 manat qazana bilər. Amma səbir edib öyrənmək istəyən yoxdur. Bir neçə aya bezib, qaçırlar.

– Deyirlər, nə qədər ki, ayaqyalın gəzmək dəbdə deyil, deməli, pinəçilik də ölməyəcək… Sizcə elədirmi?

– “Sənət ölməməlidir” deyə bir qayda yoxdur. Tələb olmayan hər sahə ölümə məhkumdur. Məsələn 90-larda Çin, Türkiyə istehsallı ayaqqabılar bazara gəldi və sənət öldü. Bu iş ayaqqabıya ehtiyacdan qalxmayacaq. Kütləvi tələbi sexlər, fabriklər qarşılayır. Bu sahədə də, təbii ki, yerli istehsalın inkişafı arzuolunandır. Ancaq bizim gördüyümüz iş sənətə, əl işinə sevgidən qalxacaq. İncə, zadəgan zövqünün formalaşması ilə inkişaf edəcək. İnsanlar bunun özünəməxsusluğunu hiss etməlidir. Bir ruh olmalıdır. Hamı ucuz qiymətə nəsə tapa bilər. İnsanlar ona görə mənə müraciət edir ki, burada spesifik, özünəməxsus ayaqqabı yaradırıq.  
 
– Ayaqqabı almaq istəyənlərə hansı məsləhətləri verərdiniz?

– Ayaqqabı dəridən olsa, yaxşıdır. Əgər dəri deyilsə, ayaq içində çox qalmamalıdır. Çünki havasızlıq zərərlidir. Ayaqqabı rahat olmalıdır. Görünüşə görə yox, ayağın formasına görə almaq lazımdır. Ayaqqabıya qarşı tələbi insan düzgün verməlidir. Yəni sən ayaqqabıdan rahatlıq, yoxsa gözəllik istəyirsən? İkisinin üst-üstə düşməsi üçün sənin ideal ayağın olmalıdır. İdeal deyilsə, sırf gözəllik istəsən, əziyyət çəkə bilərsən.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678