Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan mətbuatının 28 illik ağır itkisi – Mirzə Əsgərovun doğum günüdür

108 Baxış

Bu gün tanınmış media nümayəndələrindən olan Mirzə Əsgərovun doğum günüdür. Yaşasaydı 65 yaşını qeyd edəcəkdi .

O, peşəsinə sədaqətlə yanaşan qələm əhlindən olub. Ömrü vəfa etsəydi, dövləti üçün dəyərli işlər görə bilərdi. Yarım qalan arzular, yarım qalan ümidlər və 37 ilə sığdırılan çətin və məsuliyyətli həyat yolu.

Jurnalist Mirzə Əsgərov 1956-cı il iyulun 7-də Naxçıvanın Ordubad rayonunda zəhmətkeş bir ailədə dünyaya gəlib. O, zəhməti, çətinliyi hələ uşaq yaşalarından, atası Qəhrəman Əsgərovdan öyrənmişdi.

M.Əsgərov Vətənə olan sevgisi o qədər üstün olub ki, orta məktəbi bitirdikdən sonra ordu sıralarında Vətənin keşiyində dayanmaq üçün xidmətə gedib. Hərbi xidmətini başa vurduqdan sonra o vaxtki Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universitetinə daxil olub.

O, BDU-nun Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirib.

M.Əsgərovun ilk qələm təcrübələri universitet qəzetində, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə müntəzəm olaraq dərc edilib. İmzasını hələ gənc yaşlarından oxucularına tanıtdıran, qısa müddətdə özünə oxucu kütləsi toplayan M.Əsgərov hələ üçüncü kursda oxuyarkən universitetin çoxtirajlı qəzetində ədəbi işçi vəzifəsində çalışıb.

1983-cü ildə Bakı Dərin Dəniz Özülləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunur. Çoxsaylı beynəlxalq yazı müsabiqələrində qələminin gücü ilə uğur qazanan M.Əsəgərov bir çox mükafatların sahibidir.

Qısa həyat yolunda taleyi AZƏRTAC-dan da keçib. 1987-ci ildən AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri kimi çalışıb.

Mirzə Əsgərov da ulu öndər Heydər Əliyev siyasətinə xidmət edərək,  mətbuatın qarşısındakı heç bir çətinlik qarşısında geri çəkilmədən, qətiyyət və yüksək peşəkarlıqla peşə fəaliyyətini davam etdirib.

Ulu öndərlə tez-tez görüşən M.Əsgərov 1992-ci ildə Ümummilli Liderin tapşırıqları əsasında “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis edib. “Real” müstəqil informasiya agentliyi qısa müddət ərzində İran İslam Respublikasının “İRNA”, Türkiyənin “Anadolu”, Rusiyanın “İTAR-TASS” kimi nüfuzlu agentlikləri ilə sıx əlaqələr yaradaraq informasiya mübadiləsini həyata keçirib.

Onun peşəkarlığı sayəsində dünya mediasının aparıcı və öz sözünü demiş BBC və CNN kimi media qurumları Naxçıvan haqqında silsilə məqalələr dərc etməyə başlayıb.

Mirzə Əsgərovun Naxçıvandakı fəaliyyəti təkcə jurnalistika ilə məhdudlaşmırdı. O, Muxtar Respublikanın ictimai-siyasi həyatında da fəallıq göstərirdi. Çoxsaylı təzyiqlərə baxmayaraq, yolundan, əqidəsindən dönmür, Ulu Öndərin tapşırıqlarını sədaqətlə, yüksək məsuliyyətlə icra edirdi. Blokada şəraitində yaşayan muxtar respublika haqqında ilk dəfə “Naxçıvan yaşayır, döyüşür” adlı jurnalın əsas müəllifi olub.

O, həm də ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, məşhur 91 ziyalıdan biri olub.

Həyatının ən gözəl çağında, 28 il əvvəl oktyabr ayının 26-da 37 yaşında vəfat edib. M.Əsgərovdan geriyə qələm əsərləri, yaxınları ilə şirin xatirələri və iki övladı qalıb.

M.Əsgərovun vəfatı ilə Azərbaycan mediası çox böyük itki verdi. Dünyasını dəyişdikdən sonra ümummilli lider Heydər Əliyev çıxışlarının birində M.Əsəgərov haqqında səsləndirdiyi dəyərli fikirlər onun ailəsi, övladları üçün çox qiymətlidir:

“Bir gün mənim yanıma bir cavan oğlan gəldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğun dedim, amma o, öz işinin öhdəsindən layiqincə gəldi. Digər jurnalistlərə də Mirzə Əsgərov kimi əqidəli, peşəsinə sədaqətli, qələmini uca tutmağı tövsiyə edirəm. Allah rəhmət eləsin!”

Mirzə Əsgərov Azərbaycan mətbuatının ən cəsarətli və peşəkar jurnalistlərindən biri kimi yaddaşlarda qalıb. Mətbuat sahəsində xidmətlərinə görə, o, “Həsən bəy Zərdabi”, “Dan Ulduzu”, “Qızıl qələm” mükafatlarına, H.Z.Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb.

Allah rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678