Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkar olundu – FOTO

109 Baxış

3 iyul 2021-ci il tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib.

Ermənistan silahlı qüvvələrinin ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi həm 2016-cı ilin aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən Müharibəsi zamanı faktlarla təsdiqini tapıb. Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha sübut edir.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair üçüncü Protokolu ilə qadağan edilir.

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678