Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşləməyən adama çörək verməyən sənətkar – FOTO

131 Baxış

“Kaspi” qəzetinin əməkdaşı Dəmirçi kəndinə yollanıb və orada sənətkar ilə söhbətləşib.

Həmin yazını təqdim edirik:

Şamaxıda olarkən yolumu tarixi Dəmirçi kəndindən saldım. Bu kənd həm ekzotik görünüşü, həm tarixi, həm də sənətkarları ilə məşhurdur. Tarixən bu kənddə çox böyük sənətkarlar yetişsə də, hazırda həmin bacarıqlı əllərin, iti zəka sahiblərinin sayı azalmaqdadır. Amma itməkdə olan sənətləri qoruyan, ömrünü xalqın tarixi və mədəni irsinə həsr edən insanlar da yox deyil.

Mübaliğəsiz deyə bilərəm ki, onlardan ən seçkini dəmirçi Ağahüseyn Hüseynovdur. Onun kəndin görümlü yerində iki yanaşı otağı var ki, onlardan biri sənətkarın emalatxanası, digəri isə mağazasıdır. Burada beş dəqiqə ayaq saxlasanız, neçə-neçə alıcının, turistin bu mağazaya gəldiklərini, malların qiymətini soruşduqlarını, dəyərli əşyalar üçün pul xərclədiklərini görə bilərsiniz. Mən orda olanda alverin şıdırğı vaxtı olsa da, Ağahüseyn bəy bir kənara çəkilib sənəti və onun tarixi ilə bağlı suallarımı cavablandırmağa vaxt tapdı:

– Bayaq müştəri ilə danışanda qulaq müsafiri oldum. Alıcıya dediniz ki, qədim əşyaları satmıram. Bu prinsipinizi əsaslandırmağınız oxucularımız üçün maraqlı olardı…

– Hər bir millət istəyər ki, onun dövləti olsun. Allah da bizə dövlət bəxş edib. Hər qədim xalqın  öz tarixi mədəniyyəti, yaşayış tərzi olur. “Biz qədim xalqıq” demək üçün gərək köklü əsaslarımız olsun. Yəni eramızdan əvvələ aid, yaxud əsrlər öncəyə məxsus kulinariya avadanlıqları, məişət əşyaları və s. bizim qədim xalq olmağımızı sübut edir. Bax, qədim su, süd, taxıl və bal qabları, geyimlər bizim qədimliyimizi sübut edən əşyalardır. Onları satmaq olmaz. Məsələn, elə əşyalar var ki, mən onları alıram, ancaq heç kimə satmıram. Uşaqlar, gənclər gələndə, istəyirəm bilsinlər ki, qırmanc, tatarı, koxa, çomaq nədir. Onları satsam, uşaqlara, gənclərə öz qədim həyat tərzimizlə bağlı nə göstərə bilərəm ki? Heç nə. Yadında saxla, bir çoban min adamın qarnını doydura bilər, amma bəzən min adam çobanın bildiyini bilə bilməz. Çoban da alimdir. Çoban saxladığı hər heyvanı kəsmir ki… Onların bəzilərini hər hansı məqsədləri üçün saxlayır. Sənətkar da hər əşyanı satmalı deyil. Bu xalqın tarixinə hər bir azərbaycanlı sahib çıxmağı bacarmalıdır.

– Bu qədim əşyaları toplamısınız, yoxsa almısınız?

– Bəzilərini almışam, bəzilərini kənd-kənd, ev-ev gəzib toplamışam.

– Burada bir neçə növ ütülər görürəm. Bunların bir-birindən fərqləndirən bariz fərqlər nədir?

– Məsələn, qədimdə ütülərin fərqli təyinatları vardı. Elə ütü var ki, alt paltarını, daha dəqiq desəm, pambıq və kətan parçaları ütüləmək üçündür. Bu ütülər həm də paltardakı mikrobları öldürür.  Yun, mahud ütüləmək üçün isə qədimdə başqa cür ütü istifadə olunurdu. Uşaq paltarlarını – arxalığı, çuxanı ütüləmək üçün ayrıca ütülər gərək olurdu. Dərzilərin ütüləri isə həm fərqli, həm də ağır olurdu. İndi bu ütülərin hər birindən məndə var. Bayaq verdiyim suala bir də qayıdıram, onları mən necə satım? Əgər onları satsam, bura gələn gənc nəslə keçmiş həyat tərzimiz, alətlərimiz barədə məlumat verə bilərəmmi? Xeyr. Axı həyatda hər şey pul demək deyil.

– İstərdim sənətkarlıqda, dəmirçilikdə halal və haram məsələsinin mizanı, qaydaları barədə düşüncələrinizi bölüşəsiniz…

– Usta gərək halal adam olsun. Məsələn, usta nəyisə düz düzəltməsə, həmin əşya tez qırılacaq və onu alıb aparan adam da ustanı yamanlayacaq. Alıcı aldığı malı tanımaya bilər, amma satıcı, sənətkar satdığı malın keyfiyyətini bilir axı. Sənətkar müştərini aldada bilər, bəs Allahı necə?

Allahı heç kəs aldada bilməz. Məsələn, polad bıçaq düzəldirsənsə, qızanda gərək ona su vurasan, düzgün itiləyəsən ki, heyvanı da onunla kəsəndə çox incitməsin. Əgər balta, bıçaq əti düzgün doğramırsa, ətdə tilişkələr yaranır və yeyəndə həmin tilişkələr qocaların, uşaqların, diqqətsiz adamların boğazında qalır. Gör bir baltanı, bıçağı düzgün düzəltməməklə neçə canlıya əziyyət verirsən? Həm heyvana, həm qəssaba, həm də əti yeyən adamlara. Bir dilək iti deyilsə, ona güc işlətmək zorakılıqdır. Bıçağın dəmirdən olması haramdır, nal isə dəmirdən hazırlanmalıdır. Əgər at yarış atıdırsa, onun dörd nalı da milliqramına qədər bərabər olmalıdır ki, o, qaçanda büdrəməsin, yıxılmasın. Yəni dəmirçiliyin çox xırdalıqları var və usta gərək onların heç birini gözdən qaçırmasın.

– Dəmirçiliyi kimdən öyrənibsiniz və bu sənəti gələcəyə – varislərə necə ötürürsünüz?

– Bu sənət bizim kəndimizin adı ilə bağlıdır. Necə deyərlər:

Ustaların ustasıdır dəmirçi,

Dəmirçinin ustasıdır kömürçü.
 
Bütün ustaların, digər sənətkarların kəsici, oyucu, deşici alətlərini dəmirçilər düzəldir. Nəqqaşın, heykəltəraşın, misgərin, zərgərin, naxışvuranın də alətləri dəmirçinin əlindən keçir. Qədim zamanda metr ölçü vahidi deyilmiş. Ölçü vahidi əl imiş. Məsələn, əlin açılması, barmaqların arası, onların bitişən yeri, qarış və sair dəmirçilər üçün müxtəlif ölçülər imiş. Deyək ki, dəmirçi kimin üçünsə qılınc düzəldirsə, həmin adamın əlinin ölçüsünü, barmaqlarının qatlanma dərəcəsini, şah barmağın bükülmə qədərini bilməliymiş. Eləcə də, bu ölçülər cilovun tutulmasına da aid edilə bilər. Qədimlərdə qarış və arşından da ölçü vahidi kimi istifadə edirlərmiş. Bu kəndin dəmirçiləri, dabbağları, çarıq tikənləri, dərziləri, zərgərləri, misgərləri olub. Həmin ustalar bir-birinə nəzarət edirmişlər ki, ümumi işlər düzgün görülsün. Onlar iki dağın arasında yaşayıblar. Məsələn, bir arabanı düzgün düzəltməsən, yolda qala bilərsən, bir dəryazı düzəldəndə suyunu yaxşı verməsən, ot biçəndə qolların ağrıyar. Ustanı usta edən camaatdır. Cəmiyyət universitetdir, cəmiyyətin öyrətdiyini heç bir universitet sənətkara öyrədə bilməz. Cəmiyyət istəkləri, ehtiyacları, tələbləri ilə sənətkarı yetişdirir. Varislərim isə oğullarımdır. Mənim yoldaşım da çəkic vurur. Bizim evdə bekar adam ola bilməz. Məsələn, kimsə boş otursun, mən gətirim, o yesin, bu, bizə yad həyat tərzidir. Mən işləməyən adama çörək vermirəm. İşləməyən tənbəl olur, tənbəl isə davakar, qədirbilməz.

– Mağazanızda satılan əşyalar arasında ən çox ehtiyac duyulan hansılardır?

– İndi insanların ən çox ehtiyac duyduğu şey şəkil çəkdirməkdir (gülür). Bura gələnlərin böyük əksəriyyəti şəkil çəkdirir. Ancaq elələri də var ki, Dəmirçi kəndindən hansısa yadigar aparmaq istədiyinə görə mağazadan nələrsə alır. Ümumən isə nərd, bıçaq, suvenirlər daha çox alınır. Mis qabları alanlar da çoxdur. Qədim çaydan, samovarlar da çox satılır. Burada Prezident İlham Əliyev də olub, eləcə də, çoxsaylı diplomatik nümayəndələr, tanınmış şəxsiyyətlər də. Məsələn, cənab Prezident yadigar kimi nal aldı.

– Qədimdə hansısa əşyaları istifadə edərkən xüsusi qaydalar olubmu?

– Hər bir qab işlədilərkən yuyulmalı, ona salavat verilməlidir. Qədimlərdə nənələrimiz yenicə aldıqları təmiz əşyaları aparıb heyvan ayağı dəyməyən bulaqlarda  yuyub, salavatlayıb evə gətirərdilər. Yaxud əşyaları daha çox sağ əllə işlətmək lazımdır ki, ürəyə çox güc düşməsin. Sol əl  isə daha çox köməkçi əldir.

– Dəmirçilik sizdə ailədən gəlmə sənətdir?

– Mənim atam müəllim, nənəm dərzi, babam xanəndə olub. Uşaqlıqdan çar fırlatmışam, ən böyük arzum isə bu idi ki, görəsən, nə vaxtsa çəkic götürüb usta, sənətkar olacağam?

– Mağazanıza çoxsaylı adamlar gəlir. Siz isə mağazada, adətən, tək olursunuz. Burda nələrinsə oğurlanması halları olurmu?

– Hələ mağazamdan heç nə oğurlanmayıb. Çünki xalqımız çox mədəni xalqdır. Amma kimsə hər hansı əşyanı, suveniri götürsə də, bunu onun üzünə vurmaq mənim yaşıma və əqidəmə uyğun hərəkət deyil. Kimsə pul ödəmədən nəsə götürürsə, deməli, onun həmin əşyadan, yaxud suvenirdən xoşu gəlib, amma almağa pulu yoxdur. Əgər belədirsə, halal xoşu, qoy götürdüyü də elə məndən ona yadigar olsun. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678