Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ölüm növbəsi”ni gözləyənlər… – FOTO

109 Baxış

Yaxud gerçəklə yuxunun arasındakı məqam

Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu  və Ölüm  tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki “o dünya” anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşaq qəlblidir və insanların arasında da dolanır. Ölüm tanrısı isə ürəyində zərrə qədər də mərhəməti olmayan qəddardır. Buna görədir ki, insan yuxudan ayıla bilər, ölümdən yox…

“Kaspi” qəzeti bildirir ki, fantasmaqorik üslubda çəkilmiş “Ölüm növbəsi” filminin süjet xətti sürrealelementlərlə zəngindir. “Sınaq Film Prodüser Mərkəzi”nin istehsalı olan bu filmin ssenari müəllifləri yazıçı-dramaturq İlqar Fəhmi və eyni zamanda filmin quruluşçu rejissoru olan Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Mais Ağabəyovdur. Qeyd edim ki, fantasmaqoriya fantastik filmə bənzər, lakin daha çox mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalarla zəngin bir film janrıdır. “Ölüm növbəsi” filmi də yerlə göy arasında olan bir fəzadır. Və burada çox şey real görünsə də, onların həlli, sübutu yoxdur.

Film Bakı kəndlərinin birində baş qəhrəman Şamilin (rolun ifaçısı Şamil Süleymanov) uzunmüddətli yuxudan ayılması, dama çıxıb yağışın altda Allaha dua etməsi, təmizlənmək istəyi ilə başlayır. Bu xəbər bir anın içində kəndə yayılır və hər kəs onun tamaşasına gəlir. Yuxudan həqiqətləri açıq-aydın görə bilən insan qismində oyanan Şamilə adamlar qəribə baxırlar. Dediklərinin həqiqət olduğunu görəndən sonra isə bunun özlərinə sərf etmədiyini anlayıb, bir az da qıcıqlanırlar ona qarşı.

Keçək yağışın altda insanın təmizlənmək istəyinə. Belə bir inanc var ki, yağış yağanda Allahın dərgahı açıq olur və dualar daha tez qəbul edilir. Şamil indiyə kimi yaşadıqlarının o biri üzünü artıq tül-pərdədən baxan kimi görür. Yəni günahlarını da, savablarını da. Və Allaha dua edibtəmizlənmək istəyir. Amma Şamil indi kənd sakinlərinin də bütün pis əməllərindən xəbərdardır. Və onun dediyi həqiqətlər heç kimin ürəyincə deyil. Sanki insanlar bu həqiqətlərdən qaçır, amma Allahdan qorxmurlar.

Filmdə insan nankorluğu məsələsi xüsusi diqqət cəlb edir. Uzun illər öncə məcburi köçkün kimi ailəsi ilə birlikdə kənddə sığınacaq tapan kişi – Murtuz, əli çörəyə çatmayanda ona çörək verən, qahmar çıxan, evinə gətirən adamlara qarşı dəyişir, onları alçaldır, evindən qovur. Bu adam – elindən-obasından, torpağından uzaq düşən biri, bu elin-obanın torpağını satır, pul qazanır, bununla varlanır. Şamil ona deyir ki, bu torpaq müqəddəsdir, biz onu heç çirkli ayaqqabı ilə də tapdalamazdıq. Mənəviyyatını itirmiş bu adam üçün müqəddəs heç nə yoxdur. O, hər kəsə qarşı aqressiv, qəddardır, onu ancaq pul, var-dövlət maraqlandırır. Bu adam istəklərinə o qədər aludə olur ki, qızı Baharın Laçına (nə vaxtsa evlərində onlara sığınacaq verən adamın oğlu) olan sevgisinə də qərəzlə baxır. Və sonda onların saf məhəbbətinin məhvinə bais olur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678