Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məzahir Əfəndiyev: “İslam dünyası ilə münasibətləri inkişaf etdirmək siyasətimizin prioritetlərindən olub”

281 Baxış

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə bağlı məsələlər xüsusi yer tutur. Dünya qloballaşdıqca, yeni çağırışlar dünyadakı sülhü qorumaq üçün yeni dəyərlər və normaların tənzimlənməsini diktə edir. Xalqları inklüziv cəmiyyətlərdə birgə yaşamağa öyrətmək üçün onların milli və mənəvi dəyərləri mənimsəmələri mühüm məqamlardan sayılır.

Bunu Oxu.Az-a Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

O qeyd edib ki, multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə bu gün tolerantlıq məkanıdır. “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir” deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb.

Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm əlaqələr formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Prezident İlham Əliyev çıxışlarında hər zaman multikulturalizmin ölkəmizin dövlət siyasəti və insanlarımızın həyat tərzi olduğuna xüsusi vurğu edir.

Yuxarıda qeyd olunan dəyərlər və tolerantlıq Azərbaycanda cəmiyyətlərin bütün üzvləri üçün ənənələrin və bayram adətlərinin qeyd olunmasına əsaslı zəmin yaradır.

Əlavə olaraq bildirib ki, Sovet dövründə dini mərasimlər və bayramlar tənqid obyektinə çevrilsə də, müstəqillik qazandıqdan sonra ölkəmiz bütün müqəddəs bayramları milli səviyyədə qeyd edir. 1992-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasının bayramları haqqında” qanunu ilə Qurban bayramı hər il Azərbaycanda rəsmi dövlət bayramı olaraq qeyd olunur.

Əhalisinin 96 faizi müsəlmanlardan ibarət Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. İslam dünyası ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın hər zaman xarici siyasətinin prioritetlərindən olub.

Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlının Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir:

“Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.

Son olaraq qeyd edib ki, sevindirici haldır ki, müqəddəs Qurban bayramının bu ilki gəlişini xalqımız tarixi baxımdan şərəfli olan günlərdə – Azərbaycan Ordusunun Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə qeyd edir.

Bu gün ölkə başçısı tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsrlik mədəni yaşam şərtlərindən doğan multikulturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağırışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüzillər boyu formalaşan mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678