Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan səfiri İtaliya qəzetində Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərdən yazıb

268 Baxış

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Il Primato Nazionale” onlayn qəzetinin redaksiyasına göndərdiyi məktubun böyük hissəsi qəzetin internet səhifəsində dərc olunub.

Məktubunda səfir erməni tərəfinin propaqandası və dezinformasiyasının təsiri altında həmin qəzetdə dərc olunmuş məqaləyə münasibət bildirib.

Azərbaycan diplomatının məktubunun qəzetin saytında dərc olunmuş hissəsində bildirilir ki, Azərbaycanın 30 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur bölgələri daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalına məruz qalıb, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə həyata keçirilib və onlar qaçqın və məcburi köçkünə çevrilməklə həyatlarını xilas edə biliblər. “Hərbi işğalın nəticəsində bir milyon azərbaycanlı 30 il ərzində öz evindən, hətta öz doğmalarının məzarlarını belə ziyarət etməkdən məhrum olub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 50 mindən çox azərbaycanlı yaralanıb. Ermənistan ordusu azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, 613 azərbaycanlının şiddətlə qətlə yetirildiyi Xocalı soyqırımını törədib. İşğal vaxtı 4 mindən çox azərbaycanlı itkin düşüb və Ermənistan hələ də həmin şəxslərin taleyi ilə bağlı məlumatlar təqdim etməkdən imtina edir”, deyə diplomatın məktubunda qeyd olunur.

M.Əhmədzadə vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə cəhd göstərsə də Ermənistan öz hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa etiraz edib və hərbi işğalı əbədiləşdirməyə çalışıb.

Diplomat qeyd edib ki, təəssüf ki, son hərbi əməliyyatlar vaxtı da azərbaycanlı mülki əhali arasında itkilər olub, belə ki, Ermənistanın bilərəkdən hərbi əməliyyatlar zonasından uzaqda yerləşən Azərbaycan mülki obyektlərinə hücumları 100-dən çox mülki azərbaycanlının qətlə yetirilməsinə, 400-dən çoxunun isə yaralanmasına səbəb olub.

Diplomat vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər, belə ki, həmin ərazilər Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə sistemli olaraq talan edilib, yerlə yeksan olunub, piyada və tank əleyhinə minalarla döşənib.

O əlavə edib ki, sadəcə ötən ilin noyabrından bəri əksəriyyəti mülki əhali olmaqla 150 nəfər şəxs mina partlamasının qurbanı olub.

M.Əhmədzadə qeyd edib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın hərbi işğalından azad edərək müharibəyə son qoydu və indi artıq sülh haqqında düşünmək zamanıdır.

“Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatlar səhifəni çevirmək və birgəyaşayış şəraitini təmin edən şərtləri özündə əks etdirir ki, öz təbiəti, çoxmillətli və multikultural modeli ilə Azərbaycan buna hazırdır. Bunun baş verməsi üçün Ermənistan əməkdaşlığa başlamalıdır. Azərbaycan dəfələrlə Ermənistana suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təklif edib, lakin Ermənistan bu təklifə hələ də heç bir cavab verməyib“, – deyə Azərbaycan diplomatı vurğulayıb.

Məktubunun sonunda səfir qəzeti müharibə bitsə də insan faciələrinə səbəb olan və məcburi köçkünlərə öz torpaqlarına qayıtmağa mane olan minalı ərazilərlə bağlı təhlükəyə, 1992-ci ildə törədilən və icraçıları uzun illər Ermənistanın rəhbərliyində təmsil olunmuş şəxslərin hələ də cəzasız qaldığı Xocalı soyqırımı kimi Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərə diqqət yetirməyə çağırıb.

Səfirin məktubunun dərc olunmuş hissəsi ilə linkdən tanış olmaq mümkündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678