Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maariflənmənin “söyüşlü yolu” – FOTO

119 Baxış

Hər bir sivil cəmiyyət, dünyəvi, demokratik ölkə qanunlar vasitəsilə idarə olunur. Əgər qanunlar olmasa insanlar çox böyük çətinliklərlə üzləşərlər. Hüququn aliliyi konsepsiyasına görə, hər kəs qanunun tələblərinə tabe olmalıdır. Əfsus ki, bəzi halda qanunlar, sadəcə kağız üzərində qalır, yaxud cəmiyyətdə onlara açıq-aşkar biganəlik, tabesizlik nümayiş etdirilir. Misal üçün, İnzibati Xətalar Məcəlləsinə görə, məişət tullantılarını zibil qutularından (urnalardan) kənara atmağa görə 50 manat cərimə nəzərdə tutulub. Zibilin yandırılması və atmosferə zərərli maddələrin atılmasına görə isə fiziki şəxslər daha böyük məbləğdə cərimə edilə bilərlər.

Məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb.

Abşeron rayonunun Mehdiabad və Masazır qəsəbələrində apardığımız müşahidələr onu deməyə əsas verir ki, sakinlər qanunvericiliyin tələblərinə məhəl qoymur, məişət tullantılarını hara gəldi atırlar. Bəzi hallarda bu, məişət tullantıları üçün nəzərdə tutulan zibil qutularının doğru-düzgün yerdə, uyğun məsafədə qoyulmamağı ilə bağlıdırsa, əksər vaxtlarda vətəndaşın ətraf mühitə biganəliyindən, natəmizliyindən, pintiliyindən qaynaqlanır. Ən qəribə məqam isə bundan ibarətdir ki, sakinlər qanundan, cərimədən deyil, söyüşdən, təhqirdən çəkinir, məişət tullantılarının atılmasında bu amilə görə hərəkət edirlər. Belə ki, adıçəkilən yaşayış məntəqələrində bələdiyyələr tərəfindən müxtəlif ərazilərə xəbərdarlıq lövhələri asılıb. Həmin lövhələrdə sakinlərdən xahiş olunur ki, əraziyə zibil atmasınlar. Əks halda qanunvericiliyin tələbinə uyğun olaraq cəzalanacaqlar. Sakinlər bu lövhələrə, orada yazılanlara əhəmiyyət vermədən yenə həmin əraziyə zibil atmaqda davam edirlər.

Ancaq bəzi ərazilərdə hasarlara, divarlara ayrı-ayrı şəxslər tərəfindən zibili hara gəldi atanların ünvanına təhqirlər yazılıb. “Bura zibil atanın var-yoxu söyüşlüdür”, “Bura zibil atanın ölüsünə lənət”, “Ay eşşək, bura zibil atma” və sair bu kimi təhqirlərin yazıldığı ərazilərə sakinlər, əksəriyyət halda zibil atmırlar. Bütün bunlar onu göstərir ki, bəzi vətəndaşlar qanunun yaratdığı məsuliyyəti, cəriməni veclərinə almırlar, amma söyüşə, təhqirə dərhal reaksiya verir, geri çəkilirlər. Maraqlıdır, insanlar nə üçün qanundan deyil, söyüşdən ehtiyat edir, çəkinirlər? İnsanların söyüşlə idarə olunması, buna meyillilik nədən qaynaqlanır?

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, qeyd olunanlar mənfi haldır və yaxşı mənzərə deyil. Onun sözlərinə görə, bu göstəricilər onu sübut edir ki, bizim mənəvi tərbiyə sahəsində ciddi boşluqlarımız var: “Bu sahədə çox böyük işlər görülməlidir. İnsanlar bilməlidir ki, hansısa dövlət qurumu, yerli özünüidarəetmə orqanı, ictimai təşkilat hər hansı tələbi irəli sürürsə, bu, qanunun tələbidir, ictimai maraqlara xidmət edir. Məişət tullantılarının düzgün idarə olunması barədə tələblər də bu qəbildəndir. İnsanlarımız 50 il bundan öncə bu kimi məsələlərdə daha həssas idi. İctimai qınaqdan, qanundan çəkinir, daha böyük məsuliyyət hiss edirdilər. Lakin son illər əhali arasında bu istiqamətdə arzuolunmaz dəyişikliklər baş verib. Bu da ailədən, cəmiyyətdən, təlim-tərbiyədən qaynaqlanır”.

Sosioloqun fikrincə, biz uşaqlarımızı 6 yaşa qədər düzgün tərbiyə etməli, orta məktəbdə şəxsiyyət kimi yetişdirməli, ictimai davranış qaydalarını öyrətməliyik: “İstənilən davranışa təsir edən 4 mühüm amil var. Birincisi insanın öz xarakteri, xüsusiyyətləridir. İkincisi ətraf mühitdir. Üçüncüsü insanların aldığı məlumatlar, informasiyalardır. Ən nəhayət, dördüncüsü insanların üstünlük verdiyi dəyərlərdir. Son 30-40 il ərzində bu istiqamətdə lazımi işlər aparılmayıb. Halbuki inkişaf etmiş Avropa ölkələrində sosial-psixologiya öyrənilib, bu istiqamətdə görüləcək işlərə dair elmi yanaşmalar, təcrübələr var”. 

Cəmiyyətin mürəkkəbləşdikcə həssaslaşdığını diqqətə çatdıran sosioloq deyib ki, onunla işləmək prinsipləri də dəyişib. Ə.Qəşəmoğlunun fikrincə, 50 il bundan öncə tətbiq edilən iş prinsipləri müasir dövrdə işləmir: “Əvvəllər insanlara deyirdin bunu etmək olmaz, etmirdi. İndi isə vəziyyət başqadır. İdarəetmədə yeni metodologiyaya üstünlük vermək lazımdır. Yerli əhalinin özünü hərəkətə gətirmək, onlarla işləmək lazımdır. Bu baxımdan məişət tullantılarının düzgün idarə olunması üçün hər hansı bələdiyyənin əraziyə plakat asması yetərli deyil. Bununla insanlar davranışlarını dəyişməyəcəklər. Yerli özünüidarəetmə orqanı vətəndaşlarla sosial iş aparmalıdır. Necə ki, hər məhəllədə sahə müvəkkili var, eləcə də sosial işçi olmalıdır. Bələdiyyələrin tərkibində də sosial işləri həyata keçirən şəxs və ya şəxslər olmalıdır”.

Ekspert vurğuladı ki, insanların formalaşmasında əvvəllər ailə, məktəb, cəmiyyət, bədii ədəbiyyat və filmlər mühüm rol oynayırdısa, təəssüf ki, hazırda Azərbaycan ailəsində, cəmiyyətdə gərginlik maksimum həddədir: “Mənəvi dəyərləri aşılayan bədii ədəbiyyat və filmlər də yoxdur. Deməli, normal vətəndaşın yetişdirilməsi üçün bütün yük düşür məktəbin üzərinə. Müasir dövrdə isə məktəb bu tələblərə uyğun fəaliyyət göstərmir, üzərinə düşən işin öhdəsindən gələ bilmir. Bütün bunlar cəmiyyətdə arzuolunmaz proseslərin ildən-ilə artması ilə nəticələnir”.

Sosioloq deyib ki, mürəkkəbləşən Azərbaycan cəmiyyətində elmin köməyindən istifadə etməklə əhalinin davranışına müsbət təsir göstərmək istiqamətində hər hansı iş aparılmır. Onun fikrincə, köhnə “ənənəvi” metodla mentaliteti, ictimai davranış qaydalarını müasir dövrə uyğun şəkildə dəyişmək qeyri-mümkündür: “Cəmiyyət mürəkkəbləşəndə müsbət istiqamətdə nə isə addım atmaq üçün texnologiyalardan, elmi nailiyyətlərdən yararlanmaq lazımdır. Sadəcə əhalini tənqid etməklə də işimizi yekunlaşdıra bilmərik. Vətəndaşlarla elmin tələb etdiyi qaydada işləmək lazımdır Əks halda gələcək illərdə bizi daha xoşagəlməz nəticələr gözləyir. Son dövrlər narkotik vasitələrdən istifadə edənlərin çoxluq təşkil edilməsi, boşanmalar və digər xoşagəlməz hallar əhali ilə işləməməyimizin nəticəsidir. Günahı yalnız vətəndaşın üzərinə atmaq çıxış yolu deyil”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678